Xankəndi müasir şəhərsalma standartlarına uyğunlaşdırılır - Fotolar
Tarix: 18-11-2025 10:20 | Bölmə: Slayd
Xankəndi müasir şəhərsalma standartlarına uyğunlaşdırılır

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb.

Bu barədə Reyting.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin icraçı direktoru Telman Kərimli Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində çıxışı zamanı deyib ki, Xankəndidəki əsas binaların əksəriyyəti - Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin binası və “Qarabağ” oteli vaxtilə Azərbaycan büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub. Eləcə də meydanda yerləşən Mədəniyyət Mərkəzinin binası “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun memar və konstruktorları tərəfindən hazırlanmış müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır.


T. Kərimli

Onun sözlərinə görə, Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa ardıcıl şəkildə aparılır.

T. Kərimli onu da bildirib ki, işğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturlarının qurulması davam edir. Bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır. Park həm simvolik məkan, həm də Xankəndinin müasir inkişaf vizyonunu ifadə edən yeni şəhər nüvəsidir.

Qeyd olunur ki, bu gün Xankəndi ilə yanaşı, Ağdərə və Xocalı rayonlarının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir.



T. Kərimli əlavə edib ki, bu böyük quruculuq prosesinin əsas dayaqlarından biri peşəkar kadr potensialıdır: “Qürurla deyə bilərik ki, Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən layihələrin əhəmiyyətli hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki yüzdən çox məzunu - memarlar, konstruktorlar, inşaat mühəndisləri və layihə rəhbərləri iştirak edir. Onların bilik və peşəkarlığı Qarabağın yenidən qurulmasına töhfə verir. Bu gün Xankəndi tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən formalaşır. Bütün görülən işlər dövlətçiliyin gücünü və memarlıq məktəbimizin peşəkarlığını əks etdirir”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər