Separatçı rejim Qarabağda saxta seçki keçirir
Tarix: 06-09-2019 15:46 | Bölmə: Siyasət
Separatçı rejim Qarabağda saxta seçki keçirir

Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın işğal olunmuş ərazilərində qondarma bələdiyyə seçkilərinin keçirilməsinə hazırlaşır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva saxta keçkilərin keçirilməsinə münasibət bildirib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, L. Abdullayeva deyib ki, Ermənistan KİV-lərinin məlumatına əsasən, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “seçkilər” donu ilə təqdim edilən növbəti şounun təşkili nəzərdə tutulur.

Onun sözlərinə görə, hər kəsə çox yaxşı bəlli olan bir reallıq var: hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa danış, nə bu hazırlanan “tamaşa”, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq.

"Bu, ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə bağlı da eynilə belədir. Xatırladım ki, bu günə kimi keçirilmiş dırnaqarası seçkiləri həm beynəlxalq ictimaiyyət, həm də həmsədr ölkələr tanımayıblar, qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər. Ermənistan tərəfinin müxtəlif ölkələrdə erməni diaspor təşkilatları və lobbist qruplarının dəstəyi ilə təşkil olunan tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi təbliğ etmək səylərinə, təşkil edilən qanunsuz səfərlərə, təxribat xarakterli əməllərinə rəğmən həqiqət birdir və dəyişilməzdir. Bu həqiqətin nədən ibarət olduğunu konkret misallara istinadən qeyd edim. Avstraliya timsalında, bu yaxınlarda Avstraliyaya qanunsuz rejimin agentlərinin səfəri təşkil olundu və bu, sanki qondarma rejimin “tanınması” kimi qələmə verməyə çalışıldı. Avstraliya federal hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi əlbəttə bəllidir, eyni zamanda son hadisələrdən sonra Avstraliya XİN-i rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın “müstəqil dövlət” kimi tanınmadığını bəyan etdi.

Başqa bir misal, Almaniya XİN-i erməni mətbuatında, guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu səfirliyimizə bildirib və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən “seçkiləri” tanıdığını vurğulayıb. Bu kimi daha çox misalı qeyd edə bilərəm. Bir sözlə, həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapır”.

Qeyd edək ki, Ermənistan mətbuatında bu ilin 8 sentyabrında Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkilərinin” keçiriləcəyi məlumatı yayılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər