Tibb elmində yenilik: genetik proseslərdə süni intellekt dövrü başlayır
Tarix: 21-09-2023 16:59 | Bölmə: Slayd
Tibb elmində yenilik: genetik proseslərdə süni intellekt dövrü başlayır

Tibb dünyasında yeni dövr başlayır. “Google”-nin “DeepMind” şirkəti süni intellektdən istifadə etməklə insan DNT-sində xəstəlik törədən genləri aşkarlaya bilən “AlphaMissense” adlı proqram hazırlayıb.

Reyting.az
xəbər verir ki, bu dövrün texnologiyasının ən son super ixtiralarından biri olan süni intellekt artıq tibb aləmində çox mühüm yer tutmağa başlayıb.

Tibb sahəsi ilə bağlı böyük bir addım “Google”-nin süni intellekt proqramını inkişaf etdirmə şirkəti “DeepMind” tərəfindən atılıb.

Məlumata görə, nadir pozğunluqların diaqnozunu sürətləndirmək üçün “DeepMind” şirkəti DNT-də genetik mutasiyaların xəstəliyə səbəb olub-olmadığını təxmin edə bilən süni intellekt proqramı hazırlayıb. “AlphaMissense” adlı proqram DNT kodunda yanlış genetik mutasiyalar (dəyişikliklər) haqqında proqnozlar verir.

“Science” jurnalındakı araşdırmada yazılır ki, “AlphaMissense”dən insan zülallarına təsir edə bilən 71 milyon təkhərfli mutasiyaların hamısını qiymətləndirmək üçün istifadə edilib. Proqramın həssaslığını 90 faizə təyin etdikdə, səhv mutasiyaların 57 faizinin, ehtimal ki, 32 faizinin zərərli olduğunu proqnozlaşdırıb. Qalanların təsirinin aydın olmadığı bildirilib.

Qeyd olunur ki, bu tapıntılar əsasında alimlər mutasiyaların xəstəliklərə necə səbəb olduğunu və nadir xəstəliklərin diaqnozunu öyrənən genetiklər üçün proqnozların yer aldığı pulsuz onlayn kataloq dərc ediblər. Bu cür mutasiyalar adətən zərərsizdir, lakin zülalların işini poza bilər və kistik fibroz və oraq hüceyrəli anemiyadan xərçəngə və beyin inkişafı ilə bağlı problemlərə qədər xəstəliklərə səbəb ola bilər.

Araşdırmaya görə, “AlphaMissense” adlı süni intellekt proqramının proqnozları ilə nadir xəstəliklərin tədqiqini və diaqnozunu sürətləndirmək mümkündür.

“Science” jurnalı yazır ki, doktor Jun Çeng və komandası proqramın əvvəllər xüsusi pozğunluqlarla əlaqəli olmayan mutasiyaları da müəyyənləşdirib, həkimləri daha yaxşı müalicələrə istiqamətləndirə biləcəyini deyib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər