16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Beynəlxalq təşkilatlar Azərbaycanı təslimçi sülhə sürükləyir - Politoloq
Tarix: 04-11-2018 20:08 | Bölmə: Slayd
Beynəlxalq təşkilatlar Azərbaycanı təslimçi sülhə sürükləyir

Rusiya ilə ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyri-müəyyənliyin davam etməsinə çalışırlar

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar artıq neçə ildir nəticəsiz qalıb. Xüsusən də vasitəçi dövlətlər bu münaqişənin həlli üçün prinsipial mövqedən çıxış etmədikləri üçün Azərbaycanın zərərinə olan proses davam edir. Amma buna baxmayaraq, ATƏT-n Minsk qrupu münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin vacib olduğunu vurğulayır.

Beynəlxalq təşkilatlar Azərbaycanı təslimçi sülhə sürükləyir
S. Lavrov

İki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair brifinq zamanı ATƏT-in baş katibi Tomas Qreminger bu prosesin davamlılığının zəruriliyini bir daha nəzərə çatdırıb. T. Qreminger deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında ahəngli və konstruktiv danışıqlar üçün əlverişli ab-hava yaradılmalıdır. "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair oturuşmuş format var. Burada Minsk qrupunun üç həmsədri iştirak edir. Biz burada nitq söylədiyimiz zaman onlar regiona səfər edirlər. Məncə, Düşənbədə çox uğurlu görüş keçirilib, bu, bütün nümayəndələr arasında etimadın bərpasına kömək edər. Ümidvaram ki, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Milan görüşü həmsədrlərin fəaliyyətinə dəstək bildirməyimizə, habelə bu məsələni həll etmək üçün bütün tərəfləri müvafiq siyasi iradə ortaya qoymağa dəvət etməyimizə imkan yaradar”, - baş katib deyib.

Onun sözlərinə görə, hazırda münaqişə tərəfləri "kəskin ibarələrdən uzaq olmaq və təmas xətti boyu gərginliyi səngitmək” üçün konstruktiv səpkidə çalışmalıdırlar. Münaqişə tərəfləri arasında ahəngli və konstruktiv danışıqlar üçün əlverişli ab-hava yaratmağın vacib olduğunu dilə gətirən baş katibin sözlərinə görə, davamlı və əhatəli sülh razılaşmasının zəruri şərti olan çətin güzəştlərə tərəflərin getməsi üçün belə ab-havanın yaradılması çox vacibdir.

Beynəlxalq təşkilatlar Azərbaycanı təslimçi sülhə sürükləyir
M. Rəhimli

Politoloq Mütəllim Rəhimli isə “Reytinq”ə deyib ki, Azərbaycan tərəfi ötən dövr ərzində haqlı tərəf olsa da, beynəlxalq aləmdən buna adekvat dəstək ala bilməyib:

“Biz 20 ilə yaxındır ki, ATƏT-in Dağlıq Qarabağ problemini həll edə bilməyəcəyini bəyan edirik. Çünki bu qurumun ortada olan problemlə bağlı qəti qərar qəbul etmək və onun icrasına nail olmaq səlahiyyəti yoxdur. Səlahiyyətsiz bir təşkilat çox ciddi problemi necə həll edə bilər? Minsk qrupu yaranandan verdikləri bəyanatları izləsək irəliyə doğru hər hansı addımın atılmadığının şahidi olarıq. Hazırda ATƏT-in baş katibi olan Tomas Qreminger də son açıqlaması ilə bunu bir daha təsdiqləyir. O bildirir ki, hazırda münaqişə tərəfləri kəskin ibarələrdən uzaq olmaq və təmas xətti boyu gərginliyi səngitmək üçün konstruktiv səpkidə çalışmalıdırlar. Baş katib münaqişə tərəfləri arasında ahəngli və konstruktiv danışıqlar üçün əlverişli ab-hava yaratmağın vacibliyini də bildirir. Deməli, buradan açıq-aşkar görsənir ki, ATƏT-in münaqişəyə yanaşması onun həllinə deyil, dondurulmasına yönəlib. Biz torpaqlarımızın işğaldan azad edilməsini gözləyirik, ATƏT isə tərəflər arasında danışıqlar prosesinin davam etdirilməsindən danışır. Çox təəssüf ki, münaqişənin ədalətli həllinə toxunmur və bəyan etmir ki, Azərbaycanın əraziləri işğala məruz qalıb və azad edilməlidir”.

Politoloq qeyd edib ki, 30 ilə yaxın fəaliyyətində ATƏT işğal faktını Ermənistan ictimaiyyətinə və rəhbərliyinə diqtə etməli, onları işğalçılıqdan və separatizmdən çəkindirməli idi: “Amma biz bunu görmədik. Əslində ATƏT “vasitəçilik missiyası” adı altında Ermənistanı ruhlandırır.

Beynəlxalq təşkilatlar Azərbaycanı təslimçi sülhə sürükləyir
T. Qreminger

ATƏT-in baş katibi üzv ölkələrin xarici işlər nazirlərinin Milan görüşünün əhəmiyyətinə diqqəti cəlb etmək istəyərkən “davamlı və əhatəli sülh razılaşmasının zəruri şərti olan çətin güzəştlərə tərəflərin getməsi” fikrini səsləndirir. Axı, məsələni bu qədər mürəkkəbləşdirməyə nə ehtiyac var? İşğal edilmiş torpaqlar da bəllidir, bu torpaqların beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğu da. Belə olduğu təqdirdə niyə “çətin güzəşt” ifadəsi ortaya atılır? Düşünürəm ki, ATƏT bu yolla Azərbaycanı ərazilər məsələsində güzəştlərə sürükləyir və ermənilərin əlinə oynayır”.

Maraqlı məqamlardan biri də odur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-müəyyənliyin davam edəcəyi mesajını verib. O, ATƏT-in baş katibi Tomas Qremingerlə danışıqlarının yekunlarına dair brifinqdə deyib ki, Ermənistanda daxili proseslər başa çatmayanadək, Dağlıq Qarabağ böhranından çıxmaq üçün yollar tapmaq çətin olacaq. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Məhz bu formatda son illər Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun açılması üçün kifayət qədər gərgin səylər göstərilib.

Rusiyalı nazirin sözlərinə görə, Düşənbədə Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında əldə edilmiş razılaşmanın məğzi təmasların bundan sonra da davam etdiriləcəyindən, xarici işlər nazirləri səviyyəsində görüşlər keçiriləcəyindən, istər Azərbaycanın, istərsə də Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə çalışmağa hazır olmasından ibarətdir. "Biz belə bir razılaşmanı alqışlayırıq, hərçənd, Ermənistanda müşahidə etdiyimiz yetərincə gərgin daxili təbədüllatlar bitməyinədək bu böhranı aradan qaldırmaq, Dağlıq Qarabağ münaqişəsinin dolğun həllinin konkret variantlarına dair ciddi müzakirələr aprmaq çətin ki, mümkün olsun”, – S. Lavrov deyib.

M. Rəhimli isə Lavrovun açıqlamasına münasibət bildirərkən qeyd edib ki, bu mesaj Rusiyanın münaqişənin həllini deyil, Azərbaycanın əleyhinə olan status-kvonun davam etməsində maraqlı olduğunu göstərir: “Əslində Rusiya Federasiyasının xarici işlər naziri Lavrov hadisələri indiki prizmadan və tərəflərin istəkləri baxımından qiymətləndirib. Burada söhbət işğal edilmiş torpaqların geri qaytarılmasından getmir, diqqət danışıqlar prosesinin bərpasına yönəldilir. Lavrov da məhz buna görə deyir ki, gözləyin, Ermənistanda yeni hakimiyyət qurulsun və danışıqlar aparacağınız tərəf bəlli olsun. Tamamilə aydındır ki, müharibə ilə torpaqları azad etmək üçün nə hakimiyyətin formalaşmasını, nə də daxili böhranın aradan qalxmasını gözləməyə ehtiyac yoxdur. Əsas məsələ budur ki, Azərbaycan öz torpaqlarını azad etmək niyyətini ortaya qoysun”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}