Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
Tarix: 17-11-2025 14:42 | Bölmə: Slayd
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir

“Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə və Məşvərət Şurasının iclasında iştirakı, eyni zamanda Azərbaycanın müşahidəçi statusundan tamhüquqlu üzv statusuna keçməsi önəmli hadisədir. Son 5 ilə nəzər yetirsək görərik ki, 44 günlük müharibədə ərazi bütövlüyümüzün bərpasından sonra Azərbaycanın Türküstan coğrafiyası ilə əlaqələri ciddi şəkildə genişlənib. Yalnız son 3 ildə tərəflər arasında 30-dan çox qarşılıqlı səfər, yüksək səviyyəli görüşlər və müxtəlif formatlarda müzakirələr keçirilib. Buraya həm ikitərəfli dövlət səfərləri, həm də müxtəlif səviyyələrdə təşkil olunan zirvə toplantıları daxildir. Tərəflər arasında münasibətlər bütün əsas sahələri əhatə edir. Bu səfərlər göstərir ki, Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin möhkəm təməli formalaşıb, bu münasibətlər inkişaf etdirilir və vahid platformaya çevrilir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi şərhçi Oqtay Qasımov, Prezident İlham Əliyevin Daşkənd səfərini və ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə iştirakını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafında etnik, mədəni və tarixi bağların rolu danılmazdır. Bununla yanaşı, siyasi və strateji maraqlar da ön plana çıxır.

O. Qasımov əlavə edib ki, Türküstan coğrafiyası son dərəcə əhəmiyyətli məkandır, faktiki olaraq Asiyanın mərkəzində yerləşir və eyni zamanda Güney Qafqaz siyasətində mühüm rola malikdir. Bu baxımdan tərəflər arasında münasibətlər tarixi-mədəni əsaslarla yanaşı, siyasi və strateji maraqlara söykənir.


Oqtay Qasımov

Müsahibimiz xatırladıb ki, həm Mərkəzi Asiya, həm də Azərbaycan Orta Dəhlizin vacib komponentlərindəndir və məhz bu coğrafiya Asiyanı Avropa ilə birləşdirir: “Çinin “Bir kəmər, bir yol” layihəsi də məhz bu istiqamətdən keçir. Bundan başqa, bu regionlar zəngin enerji ehtiyatları və nadir metallar ilə təmin olunub ki, bu da çox mühüm məqamdır. Dünya güclərinin bu bölgələrə marağının artması tamamilə təbiidir. Digər mühüm məsələ isə odur ki, Azərbaycan dövləti xarici siyasət kursunda Türk dünyası ilə əlaqələri strateji prioritet elan edib. Prezident İlham Əliyev ötən il bildirmişdi ki, xarici siyasətin əsas prioriteti Türk Dünyasıdır və Türk Dünyası bizim ailəmizdir. Bu münasibətlərin daha yüksək səviyyəyə çıxarılması işlərin sistemli şəkildə aparıldığını göstərir. Nəticə etibarilə, son illər bu istiqamətdə çox vacib layihələr həyata keçirilir”.

O. Qasımov Türküstan coğrafiyasındakı dost və qardaş ölkələrin Qarabağın bərpasına verdiyi dəstəyə də toxunub: “Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan Füzuli və Ağdamda məktəblər və məscidlər inşa edirlər. Yəni Prezident İlham Əliyevin Daşkənd səfəri və Mərkəzi Asiya dövlət başçılarının toplantısında iştirakı mühüm siyasi hadisədir. Gələcəkdə həyata keçirəcəyimiz strateji layihələrin məhz bu yaxın münasibətlər üzərində reallaşdığını görürük. Mərkəzi Asiya dövlətləri ilə münasibətlər həm dövlətlər, həm də liderlər səviyyəsində son dərəcə konstruktiv və səmimidir. Bu münasibətlər xarici ticarət dövriyyəmizin artımında da özünü göstərir”.

Sonda O. Qasımov qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əlaqələr bütün sahələri əhatə edir - təhlükəsizlik, ticarət, mədəniyyət, logistika, enerji resursları, eləcə də hərbi-texniki və müdafiə sahəsində əməkdaşlıq bu çərçivəyə daxildir.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər