Avropa Birliyi Türkiyə ilə dialoqu vacib sayır
Tarix: 17-11-2025 16:02 | Bölmə: Dünya
Avropa Birliyi Türkiyə ilə dialoqu vacib sayır

Türkiyə regional sabitliyə mühüm töhfə verir. Bu ölkə həm Avropa Birliyinə (AB) üzvlüyə namizəddir, həm NATO üzvüdür, həm də ticarət və qarşılıqlı maraqların müxtəlif sahələrində AB-nin əsas tərəfdaşlarından biridir.

Reyting.az
xəbər verir ki, bunu Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Avropa İttifaqı eyni coğrafiyanı paylaşır, iqtisadiyyatları bir-birilə sıx bağlıdır və iki tərəf arasındakı tarixi bağlar mühüm rol oynayır.

Türkiyənin miqrasiyanın idarə olunması və terrorizmə qarşı mübarizədə etibarlı tərəfdaş olduğunu vurğulayan Kupman əlavə edib ki, Türkiyə regional sabitliyə töhfə verən həlledici aktordur və geniş regional əlaqəliliyə mühüm təsir göstərir.

Kupman qeyd edib ki, Türkiyənin geosiyasi mövqeyi onu Suriya məsələsi, Rusiyanın Ukraynaya qarşı müharibəsi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması kimi müxtəlif sahələrdə açar ölkəyə çevirir.

O, AB və Türkiyə arasında əməkdaşlığın artırılmasının hər iki tərəfin ortaq maraqlarına xidmət etdiyini bildirərək dialoqun vacibliyini xüsusi vurğulayıb.

Kupman əlavə edib ki, Türkiyə ilə AB arasında dialoqun inkişaf etdirilməsi üçün daha geniş potensial var və xüsusilə iqtisadi tərəfdaşlıqda irəliləyiş vacibdir.

“Avropa sadəcə siyasi layihə deyil. Bu, birgə yaşayış, ortaq rifah və sülhün ümumi vizyonudur. Tarixi irsi və dinamizmi ilə Türkiyə bu vizyonun ayrılmaz hissəsidir”,- deyə Kupman bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər