Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
Tarix: 10-02-2026 13:25 | Bölmə: Slayd

Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır

Son dövrlər Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında yüksək səviyyəli təmasların artması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması kimi xarakterizə edilə bilər. Bu mərhələ siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın ön plana çıxması baxımından da əhəmiyyətlidir.

Reyting.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov bildirib.

Onun sözlərinə görə, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən rəsmi səfərindən öncə ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya gəlməsi və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də bu prizmadan şərh edilə bilər.

İ. Qasımov qeyd edib ki, Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi əsas fikirlər Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin növbəti mərhələsinin konseptual çərçivəsini aydın şəkildə izah edir. Prezidentin ölkədəki siyasi sabitliyi, həmçinin ardıcıl şəkildə həyata keçirilən islahatları, o cümlədən hüquqi bazanın təkmilləşdirilməsi sahəsində görülən işləri xüsusi olaraq vurğulaması ABŞ biznes dairələri ilə uzunmüddətli əməkdaşlıq üçün lazım olan etibarlı mühitin mövcudluğunun ən yüksək səviyyədə bəyanıdır. Bu, xüsusilə qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə strateji əhəmiyyət daşıyır.

İİTKM əməkdaşı qeyd edib ki, ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşün əsas diqqət çəkən məqamlarından biri də ikitərəfli iqtisadi əlaqələrin şaxələndirilməsi ilə bağlı fikirlərin səsləndirilməsidir. Bu vaxta qədər ABŞ şirkətləri əsasən Azərbaycanın neft-qaz sektorunda daha güclü mövqelərə sahib idilərsə, növbəti mərhələdə yeni əməkdaşlıq istiqaməti olaraq qeyri-neft sektoru, o cümlədən texnologiya, bərpaolunan enerji, rəqəmsal transformasiya və süni intellekt kimi sahələr əsas istiqamətlər olaraq təqdim edilir. Bu potensial əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, Azərbaycanın müasir iqtisadi modelinin bilik və texnologiyaya transformasiya yolunda sürətlə irəliləməsini göstərir. Prezident İlham Əliyevin ölkənin əlverişli coğrafi mövqeyini və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu qeyd etməsi ABŞ şirkətlərinin Azərbaycanı yalnız lokal bazar olaraq deyil, eyni zamanda daha geniş regionlara çıxış qapısı olaraq görməsinə şərait yaradacaq.

İ. Qasımov əlavə edib ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri, həmçinin amerikalı iş adamları ilə görüş iki ölkə arasında siyasi münasibətlərin daha da dərinləşməsi ilə yanaşı, iqtisadi əlaqələr baxımından yeni strateji mərhələnin başlanğıcı olaraq dəyərləndirilə bilər. İstər qarşılıqlı bəyanatlar, istərsə də görüş zamanı səsləndirilən fikirlər rəsmi Bakının ABŞ-ı yalnız investisiya mənbəyi olaraq deyil, eyni zamanda iqtisadi modernləşmə prosesində tərəfdaş olaraq gördüyünü bir daha sübut edir. Mövcud dinamika yeni mərhələdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin əsas istiqamətləri kimi investisiyaların şaxələndirilməsi, qeyri-neft sektorunda birgə fəaliyyət və texnologiya əsaslı əməkdaşlığın ön plana çıxacağını göstərir.





Bölməyə aid digər xəbərlər