Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
Tarix: 13-02-2026 10:00 | Bölmə: Slayd

Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!

Sosial şəbəkə istifadəçiləri ehtiyatlı olmalı, paylaşımlarına ciddi diqqət yetirməlidirlər.

Reyting.az-ın məlumatına görə, belə bir xəbərdarlığı "OpenAI" şirkətinin keçmiş tədqiqatçısı Zoi Hitziq edib.

Hitziq ictimaiyyətə və sosial şəbəkə istifadəçilərinə müraciətində deyib ki, belə bir xəbərdarlıq üçün səbəbləri var.

Onun sözlərinə görə, "ChatGPT" onunla ünsiyyət quran insanların bölüşdüyü şəxsi məlumatlardan, onların keçirdiyi qorxulardan, hətta dini düşüncələrindən və ailə problemlərindən hekayə yaradıb bunu öz reklamının süjeti kimi istifadə edə bilər.

Hitziq "Facebook" sosial şəbəkəsində işlədiyi ilk illərdə mütəxəssis komandasına verilən nəzarət vədini və "biz hələ nə isə başa düşə və baş verənlərin qarşısını ala bilmirik",- sözlərini də misal çəkib. O, əlavə edib ki, bu, müasir texnologiyalar, həmçinin süni intellekt şəbəkələri sahəsində xoşagəlməz olsa da, çox pis bir ənənəyə çevrilib və "OpenAI" şirkəti də eyni yolla prinsiplərini pozmağa başlayıb.

"OpenAI" şirkəti isə Hitziqin "The New York Times" nəşrinə yazdığı köşə yazısının tamamilə yanlış olduğunu sübut etməyə çalışıb. Şirkətdən bildiriblər ki, onlar reklamı cavabların altına yerləşdirəcəklər, eyni zamanda, insanların hüquqlarını pozmadan bütün standartlara riayət edəcəklər.

"OpenAI" şirkəti insanları əmin edib ki, istifadəçidən icazəsiz yazılan mətnin məzmununu dəyişməyəcək, bunları reklamın baxımlı olması naminə hekayəyə çevirməyəcəklər. Hitziq isə iddia edir ki, bu, yalandır, çünki şirkət istifadəçi məlumatlarına əsaslanan reklam üzərindən manipulyasiya potensialını mümkün qədər artıracaq.

Z. Hitziq təcrübəli bir mütəxəssis kimi şirkətin reklamının qadağan edilməsini tövsiyə etmək fikrində olmadığını bildirib. Amerikalı mütəxəssis vurğulayıb ki, alternativ yollar təklif etmək imkanı var.

Hitziqin fikrincə, biznes dairələri tərəfindən maliyyələşdirilən pulsuz giriş və müstəqil nəzarət təşkilatı, yaxud da daima istifadəçi məlumatlarını idarə edə bilən bir müstəqil tröst idarəçiliyi altında mükəmməl sistem qurmaq olar. O, bu sahədə uğurlar əldə edən İsveçrənin kooperativ şirkəti "MIDATA" kimi işləməyin faydalı ola biləcəyini söyləyib.

Hitziq əlavə edib ki, "MIDATA" şəbəkəsində olan iştirakçılar öz məlumatlarını kimə və hansı məqsədlə vermək qərarını özləri qəbul edirlər.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər