Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
Tarix: 10-02-2026 14:44 | Bölmə: Slayd

Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar

Amerikanın ödəniş nəhəngləri olan “Visa” və “Mastercard”ın dominantlığı Avrozonada kritik zəiflik kimi qiymətləndirilir. Reyting.az “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Avropa rəsmiləri və bankirləri bu barədə ciddi xəbərdarlıq edirlər.

Qeyd olunur ki, Avropa təcili şəkildə “Visa” və “Mastercard”dan asılılığı azaltmalıdır. Əks halda, ABŞ-la münasibətlər pisləşərsə, bu dominantlıq Avropaya qarşı təzyiq alətinə çevrilə bilər.

Avropa Ödəniş Təşəbbüsünün (EPI) rəhbəri Martina Vaymert bildirib ki, Avropa beynəlxalq ödəniş həllərindən həddindən artıq asılıdır. Onun sözlərinə görə, Avropanın güclü milli ödəniş kartı sistemləri olsa da, sərhədlərarası səviyyədə alternativi yoxdur.

“Müstəqilliyin bu qədər vacib olduğunu deyiriksə və hamımız bunun sadəcə zaman məsələsi olduğunu anlayırıqsa, təcili şəkildə hərəkətə keçməliyik”, - deyə Vaymert vurğulayıb.

Avropa Mərkəzi Bankının (AMB) məlumatına görə, 2022-ci ildə “Visa” və “Mastercard” Avrozonada bütün kart əməliyyatlarının təxminən üçdə ikisini emal edib. Avropa İttifaqına üzv 13 ölkədə isə ümumiyyətlə milli alternativ mövcud deyil. Belə sistemlərin olduğu ölkələrdə də onların istifadəsi tədricən azalır.

Avropa rəsmiləri hesab edirlər ki, ABŞ ilə münasibətlər gərginləşərsə, ödəniş infrastrukturunun təsir gücündən Avropaya qarşı istifadə edilə bilər.

EPI-yə üzv banklar 2024-cü ildə “Apple Pay”a Avropa alternativi kimi “Wero” adlı rəqəmsal ödəniş sistemini istifadəyə veriblər. Platforma hazırda Belçika, Fransa və Almaniyada 48,5 milyon istifadəçiyə xidmət göstərir və 2027-ci ilə qədər onlayn və mağazadaxili ödənişləri əhatə etməyi planlaşdırır.

Bununla yanaşı, AMB pul suverenliyini gücləndirmək məqsədilə rəqəmsal avro (elektron cüzdan) layihəsini irəli aparır. Rəqəmsal avro qəbul edilərsə, Avrozonada bütün ticarət obyektləri 2029-cu ilə qədər onu qəbul etməli olacaqlar.

Bəzi siyasətçilər bu təşəbbüsü “Visa” və ya “Mastercard”ın Avropa versiyasının təməli kimi dəyərləndirsələr də, layihənin gecikməsi ilə bağlı narahatlıqlar mövcuddur.

“Rəqəmsal avronun əsas problemi ondadır ki, o, bir neçə ildən sonra - ehtimal ki, ABŞ prezidenti Donald Trampın səlahiyyət müddəti bitdikdən sonra reallaşacaq. Bu baxımdan düşünürəm ki, bir qədər gecikmişik”, - deyə Vaymert qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin aprelində Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Avropa İttifaqını (Aİ) ABŞ-nın “Visa” ödəniş sistemindən imtina etməyə çağırıb. Onun fikrincə, avro dollara real alternativə çevrilə və Aİ-yə böyük fayda gətirə bilər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər