“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
Tarix: 14-02-2026 15:44 | Bölmə: İqtisadiyyat

“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb

Çində davam edən “qızıl xəstəliyi” pərakəndə bazarda sərt məhdudiyyətlərin tətbiqinə səbəb olub. Son dövrlər ölkənin qızıl və gümüş bazarlarında yaranmış spekulyativ ajiotaj hakimiyyət orqanlarını sərt qərarlar qəbul etmək məcburiyyətində qoyub.

Reyting.az-ın “Bloomberg”-ə istinadla verdiyi məlumata görə, sərt qərarların əsas səbəbi qızılın pərakəndə satışında yüksək fəallığı ilə seçilən və bu sahədə ölkənin əsas mərkəzlərindən biri hesab olunan Şençjen şəhərində baş verən hadisələrdir. Şəhərdə qızıl pərakəndə satış bazarında yaranan qarışıqlıq yerli rəhbərliyin qeyri-qanuni əməliyyatlarla bağlı ciddi xəbərdarlıq yaymasına səbəb olub.

Şəhərin bir neçə qurumu birgə bəyanatla “qanunsuz qızıl ticarətinin” dayandırılmasını tələb edib. Kreditlə ticarət təklif edən tətbiqlər, aqressiv reklamla həyata keçirilən onlayn yayım satışları, həmçinin özlərini Şanxay Qızıl Birjasının üzvü kimi təqdim edən şirkətlər qadağa altına alınıb.

Çinli fərdi investorların və fondların yüksək tələbi qızıl və gümüşün qiymətlərini yerli bazar tarixində rekord səviyyəyə qaldırsa da, sonradan kəskin eniş qeydə alınıb. Buna baxmayaraq, pərakəndə bazarda qızıl satışına maraq hələ də yüksək olaraq qalır. Məlumata görə, bu sahədə əsas aktivlik Şençjen şəhər mərkəzindən kənara qədər uzanan Şuybey zərgərlik rayonunda cəmlənib.

Hakimiyyət orqanları “qızıl qiymətləri uçacaq”, “qızıldan sərvət qazan” kimi şüar və reklam ifadələrini qadağan edib, həmçinin ərintilərin saf qızıl kimi təqdim olunmasının qarşısını almaq üçün tədbirlər görüb.

Spekulyativ proseslər etiraz aksiyalarına da yol açıb. “Jie Wo Rui” platforması vasitəsilə qızıl alan müştərilər vəsaitlərini geri ala bilmədikdən sonra etirazlar keçiriblər. Bu hadisədən sonra yerli hakimiyyət həmin platformanın fəaliyyətinə nəzarət etmək üçün xüsusi qrup yaradıb.

Məlumata görə, gümüş bazarında da gərginlik davam edir. Bu səbəbdən Şanxay Fyuçers Birjası gümüşün fiziki çatdırılması ilə bağlı qaydaları sərtləşdirib.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər