Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
Tarix: 12-02-2026 14:30 | Bölmə: Slayd

Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib

ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri Azərbaycan-ABŞ münasibətlərində siyasi dialoqun intensivləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bu səfər təhlükəsizlik, enerji və regional sabitlik məsələlərində əməkdaşlıq imkanlarını genişləndirə bilər. Vensin ölkəmizə səfəri Azərbaycanın strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Professor Qabil Hüseynli vitse-prezident Vensin Azərbaycan və Ermənistan səfərini şərh edərkən “Reytinq” qəzetinə bildirib ki, bu səfər regionumuz üçün xüsusi əhəmiyyət daşıyır.

Q. Hüseynlinin fikrincə, səfər çərçivəsində Azərbaycanla Strateji Əməkdaşlıq Haqqında Xartiyanın imzalanması ölkəmizi dünyanın diqqət mərkəzinə gətirib və bu, mühüm hadisə kimi dəyərləndirilməlidir.

Qabil Hüseynli

Professor qeyd edib ki, ABŞ həm Azərbaycana, həm də Ermənistana silah satışına icazə verib: “Bu o deməkdir ki, Azərbaycan ABŞ-dan ən müasir silah-sursatları əldə edə bilər. Düzdür, hazırda ABŞ-dan silah almaq məsələsi Ermənistanda daha populyardır. Lakin Azərbaycan da ehtiyac yaranarsa, istədiyi silahları ala biləcək”.

Q. Hüseynli xatırladıb ki, bundan əvvəl Azərbaycan və Ermənistan liderləri avqust ayında Vaşinqtonda bir araya gələrək prezident Trampın təşəbbüsü ilə danışıqlar aparıblar və sülh sazişinin əldə olunması istiqamətində mövqelər daha da yaxınlaşıb. Onun sözlərinə görə, Vensin səfəri ABŞ-nın bölgəmizlə bağlı siyasətinin sistemli xarakter daşıdığını göstərir.

Amerikanın Ermənistana müəyyən sərmayələr yatıracağı da gözlənilir. Q. Hüseynli bildirib ki, bu investisiyalar daha çox TRIPP adlandırılan Zəngəzur dəhlizi ilə bağlıdır:

“Biz dəhlizin açılmasının tərəfdarıyıq. Azərbaycan müharibədən dərhal sonra bu məsələnin gündəmə gətirilməsini təmin edib və onun reallaşması üçün sistemli siyasət aparıb. Fikrimcə, Zəngəzur dəmir yolu xətti açıldıqdan sonra Azərbaycanın əhəmiyyəti daha da artacaq. Bir tərəfdən Bakı-Tiflis-Qars dəmir yolu xətti, digər tərəfdən isə TRIPP marşrutu bölgəmizi daha cəlbedici edəcək. Bu isə regionda sülh, sabitlik və ticarət əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradacaq. İlk növbədə, Cənubi Qafqazın üç ölkəsi bu fürsətdən geniş şəkildə yararlana biləcək. Bu baxımdan baş verən proseslər təqdirəlayiqdir”.

Professor sonda əlavə edib ki, proseslər bu şəkildə davam edərsə, Rusiyanın bölgədəki təsiri tədricən zəifləyəcək, Amerikanın mövqeyi isə müəyyən qədər güclənəcək. Bu halda regionda daha mülayim siyasi mühit formalaşacaq və hörmətə əsaslanan qarşılıqlı əlaqələr gözləniləndən daha səmərəli olacaq. Nəticədə bu proseslərdən hər kəs faydalana biləcək.

Nemət ORUCOV

Reyting.az





Bölməyə aid digər xəbərlər