Dörd ildir davam edən müharibənin üç mümkün ssenarisi var
Tarix: 25-02-2026 14:06 | Bölmə: Slayd

Dörd ildir davam edən müharibənin üç mümkün ssenarisi var

Rusiyanın Ukraynaya qarşı işğala başlamasından dörd il sonra müharibə böyük insan itkiləri və məhdud ərazi dəyişiklikləri ilə xarakterizə olunan ağır və uzunmüddətli qarşıdurmaya çevrilib. Rusiya hazırda Ukrayna ərazisinin təxminən beşdə birinə nəzarət edir. Ukrayna isə son vaxtlar cəbhənin bəzi istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirir.

Reyting.az xəbər verir ki, döyüşlərlə yanaşı diplomatik proses də intensivləşib. Keçmiş rəsmilər və analitiklər növbəti mərhələnin üç mümkün ssenari üzrə inkişaf edə biləcəyini bildirirlər. “Fox News” bu ssenariləri təhlil edib.

Birinci ssenari: Mövcud vəziyyətin davamı

Ən real görünən variant hazırkı durumun davam etməsidir. Müharibə hələ də tərəflərdən heç birinin həlledici üstünlük əldə etmədiyi və danışıqların ciddi nəticə vermədiyi mərhələdədir.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı sabiq komandanı Filip Bridlav bildirib ki, Moskva müəyyən əraziləri ələ keçirsə də, bu, qələbə demək deyil və hazırda qalib tərəf yoxdur.

Onun sözlərinə görə, qlobal supergüc sayılan Rusiya 12 il ərzində Ukraynanın təxminən 20 faizini nəzarətə götürə bilib və bəzi hesablamalara əsasən, münaqişə zamanı 1,2 milyondan çox insan itirib.

Bridlav vurğulayıb ki, bu, həm Ukraynanın ağır şərtlər altında idarə etdiyi, həm də Rusiyanın qalib gəlmədiyi bir münaqişədir.

İkinci ssenari: Döyüş meydanındakı dinamika diplomatiyanı dəyişir

Digər ehtimala görə, cəbhədəki son dəyişikliklər diplomatik prosesə təsir göstərə bilər. Bridlav Rusiyanın komandanlıq və idarəetmə sistemindəki problemlərdən sonra Ukraynanın sürətli irəliləyiş əldə etdiyini deyib. Onun sözlərinə görə, “Starlink” sistemində yaranan fasilədən sonra Ukrayna qüvvələri hücuma keçərək qısa müddətdə Rusiyanın aylarla əldə etdiyi bəzi mövqeləri geri alıblar.

“Vandenberg Coalition” təşkilatının icraçı direktoru Kerri Filipetti isə qeyd edib ki, bu cür uğurlar danışıqlar masasında qüvvələr balansını dəyişə bilər. Onun fikrincə, Rusiyanın son itkiləri Kremlin hərbi imkanlarının zəiflədiyini göstərir və bu impuls hazırda Ukraynanın xeyrinə işləyir.

Üçüncü ssenari: Qərbin zəif dəstəyi və münaqişənin uzanması

Üçüncü ssenari bəzi Qərb strateqlərini narahat edir. Onların fikrincə, qeyri-sabit və yetərsiz dəstək müharibəni uzada və ya prosesin Rusiyanın xeyrinə dəyişməsinə səbəb ola bilər.

2017-2019-cu illərdə ABŞ Dövlət Departamentinin sözçüsü olmuş Heter Nauert münaqişəni yalnız ərazi məsələsi kimi dəyərləndirməyin yanlış olduğunu bildirib. Onun sözlərinə görə, bu savaş həm də kimlik, inanc və azad dövlətin gələcəyi ilə bağlıdır.

Təqaüddə olan general-leytenant Riçard Nyuton isə çəkindirmə siyasətinin vacibliyini vurğulayıb. O bildirib ki, davamlı sülh yalnız güc balansı təmin edildikdə mümkündür və ABŞ Ukraynaya dəstəyini davam etdirməlidir.

Y. QACAR





Bölməyə aid digər xəbərlər