Həmsədrlərin Azərbaycandan qovulması tələb olunur
Tarix: 24-03-2020 14:13 | Bölmə: Slayd
Həmsədrlərin Azərbaycandan qovulması tələb olunur

“Bu gün “ATƏT-in Minsk qrupu” deyilən bədnam qurumun yaradılmasından 28 il ötür. Biz, həmin qurum yaradılan gündən demişik və bir daha təkrar edirik ki, Minsk qrupu və onun həmsədrləri bütün fəaliyyətləri dövründə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi məqsədinə xidmət etmiş və bu gün də həmin siyasəti davam etdirirlər”.

Reyting.az
xəbər verir ki, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) ATƏT-in Minsk qrupunun yaradılmasının 28-ci ilinin tamam olması ilə bağlı yaydığı bəyanatda bildirilir.

QAT bəyan edir ki, Minsk qrupu yaradılandan sonra 1 ay yarım ərzində Azərbaycanın Şuşa, Laçın və digər əraziləri, 1 il yarım ərzində isə Kəlbəcər Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları Ermənistan tərəfindən işğal edilib: “Bütün bu işğallar Minsk qrupunun gözləri qarşısında və birbaşa himayədarlığı şəraitində baş verib. Bu erməni cinayətlərnə görə işğalçı Ermənistanla yanaşı Minsk qrupu, onun həmsədrləri də məsuliyyət daşıyır.

Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq həmişə bu qurumun ləğv olunmasını tələb etmiş, dəfələrlə aksiyalar keçirmiş, hətta onların mətbuat konfransı keçirdikləri zallara daxil olaraq ölkəni tərk etmələrini, hava limanında qarşılarını kəsərək ölkəmizə daxil olmamalarını, rədd olub getmələrini tələb etmişik.

28 ildən sonra artıq tam şəkildə aydındır ki, biz bu qurumdan, həmsədrlərdən yaxşı heç nə gözləyə bilmərik. Ona görə də Azərbaycan hakimiyyəti bu ermənipərəst Minsk qrupu, onun həmsədrlərinin “xidmət”indən birmənalı şəkildə imtina etməlidir. Bütün Azərbaycan xalqı bu qurumun ləğv olunmasını tələb etməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}