Deputat: “Azərbaycan Ordusunda strateji postlara Türkiyədə təqaüddə olan zabitləri gətirmək lazımdır”
Tarix: 27-07-2021 11:20 | Bölmə: Slayd
Deputat: “Azərbaycan Ordusunda strateji postlara Türkiyədə təqaüddə olan zabitləri gətirmək lazımdır”

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycan Ordusunda son kadr dəyişikliyinə münasibət bildirib. Silahlı Qüvvələrin yeni Baş Qərarah rəisi Kərəm Vəliyevi şəxsən tanıdığını deyən Fazil Mustafa Reyting.az-a bildirib ki, general Vəliyevin komandan olduğu ordu birləşməsində zabit kimi xidmət edib: “Xidmət zamanı da sırada bir neçə dəfə qarşılaşmışıq. Ümumiyyətlə, onun barəsində rəylər pozitivdir. Ümid edirəm ki, Kərəm Vəliyevin bu posta gəlişi korrupsiyanın inkişafını dayandıra biləcək, daha dürüst və normal idarəetmənin mövcudluğunu, kadr təyinatında peşəkarlara üstünlük verilməsini təmin edəcək”.

Deputat ordudakı digər yüksək ali zabit heyətinin təyinatı haqqında məlumatlı olsa da, onları şəxsən tanımır.

F. Mustafanın prinsipial mövqeyi belədir ki, strateji postlara Türkiyədə təqaüddə olan və ya mövcud silahlı birləşmələrdəki peşəkar zabitləri gətirmək lazımdır. Onun fikrincə, orduda intizam tədbirlərinin qurulması olduqca vacibdir: “Çünki müharibədə bu məsələ bizim qarşımıza çıxdı. Odur ki, ciddi postlara müqavilə əsasında Türkiyədən zabitlərin gətirilməsini məqsədəuyğun sayıram. Çünki bu olmasa, bizdə alt qatlarda çox şeyləri dəyişmək çətin olacaq. Səbəb odur ki, hamı-hamı ilə tanışdır, bir yerdə işləyirlər, ona görə də kimsə kiməsə toxunmaq istəmir. Bu da “görüm-baxım” prinsipi ilə insanların bir-birini yola verməsi ilə nəticələnir. Aydındır ki, orduda dəqiq intizam olanda artıq nizamnamədən kənara çıxan hər hansı bir fəaliyyət təqdir edilmir və buna qarşı mexanizm sərt formada işləyir. Bunu həll etmək vacibdir”.

Deputat əlavə edib ki, orduya nəzarət edən institutların təkmilləşdirilməsinə ehtiyac var: “Bunu həyata keçirən qurumlar da peşəkar olmalıdır. Həmçinin Hərbi Prokurorluğun keçmişdə buraxılan nöqsanları nəzərə almaqla fəaliyyətinin yenidən qurulması vacibdir. Çünki bu da ordunun müəyyən dərəcədə ciddi problemlərlə qarşılaşmasına səbəb olur. Yəni çoxsahəli islahat proqramı olmalıdır. Mənim fikrimcə, Baş Qərargah rəisi əslində bu istiqamətdə öz təkliflərini işləyib ortaya qoymalı və müəyyən dərəcədə cəmiyyəti inandırmalıdır ki, ciddi dəyişiklik niyyəti var. Çünki bu islahat olmasa, biz 44 günlük savaşdan rəşadətlə çıxıb qələbə qazansaq da, müəyyən nöqsanların olması istisna deyil. Bu barədə açıq danışmasaq da, arxa planda xeyli müzakirələr aparmalıyıq. Biz bu boşluqları doldurmalıyıq”.

F. Mustafa sonda “Generalların, zabitlərin arasında müəyyən şəxslər tapıldı ki, onlar həm qeyri-peşəkarlıq, həm də xəyanət etdilər. Bunlarla bağlı müəyyən bilgilər olmalıdır ki, gələcəkdə təkrarlanmasın”,- deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2025, 10:13 Kibertəhlükə artır - Video