Ermənistan müharibəyə başlamaq üçün maliyyə toplayır
Tarix: 02-06-2023 12:52 | Bölmə: Slayd
Ermənistan müharibəyə başlamaq üçün maliyyə toplayır

"Ermənistanın yalnız bir sahəsi - informasiya texnologiyaları sektoru ilə bağlı son zamanların bəzi rəqəmlərini paylaşmaq istəyirəm. Bunu ona görə edirəm ki, bizim bəzi qərar qəbul edənlərimiz, rəsmilərimiz məğlub ölkə olan Ermənistanı "yatmış" hesab etməsinlər".

Bunu Reyting.az-a Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

Mərkəz rəhbəri bildirib ki, Ermənistanın rəsmi hesabatına görə, 2022-ci ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə dövriyyəsi 1 milyard dollar olub. Yəni ötən ilə nisbətən bu sektorda 65 faiz artım qeydə alınıb. Son 5 ildə bu artım 239 faizdir.

Onun sözlərinə görə, hazırda bu sektorda təxminən 3500 şirkət və 20 min işçi çalışır. ÜDM-nin 5 faizi isə informasiya texnologiyaları (İT) yönümlüdür.

O. Gündüz əlavə edib ki, Ermənistan yaxın illər üçün bu göstəricini 10 dəfə artırmağı hədəfləyib. Yəni, Ermənistan yaxın illərdə büdcəsini əsasən İT-dən formalaşdırmağı nəzərdə tutur.


O. Gündüz

Mütəxəssis diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsindən sonra Ermənistana 118 min insan relokasiya edib və onların da əksəriyyəti İT sektoruna fokuslanıb. “Bu ölkənin İT sahəsi üzrə rəsmilərinin çıxışlarından görmək olar ki, müharibədən sonra Rusiyadakı təxminən 1000 şirkət Ermənistanı seçib. Digər tərəfdən, ötən ay "Team Telekom Armenia" operatoru Gürcüstanın əsas telekom operatorlarından olan “SkyTel”-in aksiyasının 30 faizini alıb. Amma Azərbaycanın bir şirkəti “Caucasus Online” magistral provayderini alanda Gürcüstan hökuməti min bəhanə ilə buna mane oldu. Ermənistan telekom infrastrukturunun əsas sahibi, "Rostelekom"un “GNC Alfa” şirkəti bu ölkədə nəhəng Data Mərkəz tikir. Ötən ay İrəvanda 125 milyon dollar dəyərində "Dalan" Texno Mərkəzin də bünövrəsini qoyublar”, - deyə mərkəz rəhbəri əlavə edib.

Müsahibimiz diqqətə çatdırıb ki, EPAM-dan sonra yenicə trilyonçular sırasına qatılan ABŞ-ın NVİDİA şirkətinin rəhbəri bir müddət öncə Paşinyanla görüşüb və bu ölkədə şirkət açıb. Həmçinin bir neçə gün öncə qlobal “StartupBlink” tədqiqat mərkəzinin hesabatında qeyd olunub ki, Ermənistanın startap və innovasiya mühiti regionda xeyli güclənib, 100 ölkə arasında 57-cı yerdədir.

O. Gündüz bildirib ki, müharibədən sonra 10-15 pillə geriləyən Ermənistan iki il ərzində yenidən əvvəlki yerini bərpa edib: “Diaspora bu sektora böyük pullar ayırır. Təkcə bu ilin 3 ayı ərzində, Ermənistan startapları 47 milyon dollar investisiya alıb. Ötən il İspaniyanın SATLANTİS şirkətinin köməyi ilə “ArmSat1” müşahidə peykini orbitə qaldırıblar. İndi də idarəetmə mərkəzi tikirlər. 2028-ci ilədək daha 2 peyk hazırlamağı hədələyiblər. Cari ildə "Telecom Armenia" 700 Mgh tezlikdə, "MTS Armenia" isə 800 Mgh tezlikdə hökumətin 5G lisenziyasını alıb və hazırda infrastruktur qururlar".

O. Gündüz xəbərdarlıq edir ki, bütün bunlar müharibədən sonrakı dövrün məlumatlardır. Yəni İkinci Qarabağ savaşından məğlub çıxan ölkə tam sürətlə toparlanır. "Bu məlumatları da ona görə paylaşdım ki, düşmən ölkə "yatmayıb". Yaxın perspektivdə büdcəsini xeyli artıracaq və şübhəsiz ki, revanş götürmək istəyəcək. Düşünmək olar ki, sülh sazişinin uzadılmasında onların əsas məqsədləri də bununla bağlıdır”, - deyən mərkəz rəhbəri ümid edir ki, Azərbaycanın xüsusi xidmət orqanları və hökuməti bütün bunların fərqindədir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər