Azərbaycanda təhlükəli virusa yoluxanların sayı açıqlanıb
Tarix: 01-12-2018 13:00 | Bölmə: Cəmiyyət
Azərbaycanda təhlükəli virusa yoluxanların sayı açıqlanıb

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov 1 Dekabr - QİÇS-lə Mübarizə Günü ilə bağlı mətbuat konfransı keçirib.

Reyting.az
-ın məlumatına görə, Eldəniz Muradov bu ilin 11 ayı ərzində Azərbaycanda 547 nəfərdə ilk dəfə insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma halı aşkarlandığını bildirib. O, qeyd edib ki, virusa yoluxanlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.

E. Muradovun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV virusu daşıyan 6111 nəfər qeydiyyata alınıb. Onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

Mərkəz rəsmisinin sözlərinə görə, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 950 nəfərdir.

2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 44,2 faizində heteroseksual, 2,6 faizində homoseksual əlaqə, 1,8 faizində anadan uşağa ötürülmə yolu, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 faizində yoluxma yolu müəyyən edilməyib.

Xatırladaq ki, bu xəstəlik XX əsrin ortalarında Mərkəzi Afrikada peyda olub və yerli əhaliyə meymunlardan keçib. Sonradan isə Haiti adalarına, oradan da Amerika və Qərbi Avropaya yayılıb.

Son məlumatlara görə, dünyada 70 milyondan çox insan bu xəstəliyə yoluxub. Onlardan 35 milyonu QİÇS-dən ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 36 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.

Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, elə o qədər də insan yoluxur.

BMT hər il dekabrın 1-ni QİÇS-lə mübarizə günü elan edib. Məqsəd həmin gün hər yerdə əhalinin diqqətini bu problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir. Xüsusilə iqtisadi cəhətdən zəif olan, təhsilin səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq, onlara müxtəlif proqramlar, layihələr vasitəsilə kömək göstərilməsi prioritetlərdəndir.

Azərbaycanda bu xəstəlik ilk dəfə 1987-ci ildə ölkəmizə gəlmiş əcnəbilərdə aşkarlanıb.

Azərbaycan dövləti QİÇS-in yayılmasının qarşısının alınması haqqında qanun qəbul edib. Cinayət Məcəlləsinə görə, bu xəstəliyi bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxmamaq üçün sağlam həyat tərzi keçirmək, sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıçaq və başqa alətlərin istifadəsindən imtina etmək gərəkdir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}