Xırdalanda iki məktəbin direktoru cəzalandırılıb
Tarix: 12-06-2023 17:56 | Bölmə: Cəmiyyət
Xırdalanda iki məktəbin direktoru cəzalandırılıb

Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları cəzalandırılıb.

Bu barədə "Report"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin dördüncü sinif və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin birinci sinfinin tədris ilinin yekunu ilə əlaqədar keçirilmiş tədbirləri ilə bağlı videogörüntülər yayımlanıb. Hər iki məsələ ilə bağlı xidməti araşdırma aparılıb. Araşdırmanın nəticəsi ilə bağlı bildiririk ki, 10.06.2023-cü il tarixində Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın, 11.06.2023-cü il tarixində Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cəlalə Abdullayevanın iştirakı ilə tədbir keçirilib. Tədbirlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyənin təqdim olunması əks edilib.

Qeyd edək ki, bu tipli tədbirlərin təşkilinə ciddi nəzarətin olmamasına görə Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub. Eyni zamanda müəllimlərlə söhbət aparılıb.

Bildiririk ki, sözügedən hərəkətlər müəllimlərin etik davranış qaydalarını, xüsusilə ictimai etimad prinsipini pozmaqla müəllimin peşə nüfuzuna xələl gətirir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində müəllimlərin peşə fəaliyyətinə zidd olan belə hallara yol verilməməsi ilə bağlı dəfələrlə məktəb rəhbərlərinə təlimat və tapşırıqlar verilib, bu və ya digər hallarla əlaqədar müxtəlif cəza tədbirləri həyata keçirilib.

Göstərilən halların yenidən baş verməməsi üçün valideynləri belə təşəbbüslərdən çəkinməyə çağırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}