Ölkəmizdə iki institut yaradılacaq - Foto
Tarix: 20-06-2023 13:48 | Bölmə: Cəmiyyət
Ölkəmizdə iki institut yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında müzakirələr aparılıb.

Reyting.az
bildirir ki, xalqların adət-ənənələrinin, mədəniyyət nümunələrinin tarix, etnoqrafiya və mədəniyyətşünaslığın nəzəri-metodoloji baxışlar sistemi əsasında araşdırılmasına daha çox ehtiyac olduğunu deyən AMEA prezidenti Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafik profilli şöbələrinin AMEA-nın Tarix İnstitutunun strukturuna verildiyini bildirib.

O qeyd edib ki, bundan sonra institutda yalnız arxeologiya və antropologiya elmləri sahəsində fundamental və innovativ elmi tədqiqatlar həyata keçirilməkdədir.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında mövcud ştat vahidi və daxili maliyyə imkanları hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında olub.



Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Tarix İnstitutunda həyata keçirilən tədqiqatların etnoqrafik və etnoloji araşdırmalarla əlaqəli inkişafının təmin edilməsi, xalqımızın maddi və mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrinin tarixi aspektdən kompleks tədqiqinin reallaşdırılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafiya elmi istiqamətini əhatə edən şöbələri Tarix İnstitutunun strukturuna keçirilib, bununla əlaqədar olaraq institutda yeni elmi istiqamət yaradılıb.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında mövcud ştat vahidləri əsasında və daxili maliyyə imkanları hesabına AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin Arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.

Eyni zamanda iclasda AMEA-nın Qafqazşünaslıq İnstitutunun strukturunun və əməkdaşlarının say həddi təsdiq edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər