12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycandakı dini icma rəhbərləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Tarix: 21-02-2017 12:33 | Bölmə: Cəmiyyət

Azərbaycandakı dini icmaların rəhbərləri – Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev və Azərbaycan Alban-Udin Xristian İcmasının rəhbəri Robert Mobili dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Müraciətdə deyilir:

"Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımın 25-ci ildönümü ərəfəsində biz, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik. Tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədib. Həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı şəhəri yerlə yeksan edilin, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib. Mahiyyəti etibarilə Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazimizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

İyirmi beş il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.

Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən, Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə, humanitar fəlakətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır. Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmaması nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı olmazın işgəncələr tətbiq edir, meyitlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır.

Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri, Azərbaycanın ərazi bütövlüyünün Ali Baş Komandanımızın rəhbərliyi ilə bərpası yönündə səylərin uğurla nəticələnməsinə inanır və onun üçün dualar edir, vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tuturuq. Bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyən hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq”.(APA)





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər