Koronavirusun yeni şübhəli variantı tapılıb
Tarix: 31-05-2021 18:18 | Bölmə: Cəmiyyət
Koronavirusun yeni şübhəli variantı tapılıb

Vyetnamın səhiyyə naziri ölkədə koronavirusun yeni şübhəli variantının tapıldığı haqda açıqlama yayıb.

Reyting.az
-ın məlumatına görə, ABŞ-ın CNN kanalı bildirir ki, nazir Nquen Txan Lonq virusun yeni variantının Hindistan və Böyük Britaniyada aşkarlanmış variantların qarışığından – mutasiyasından ibarət olduğunu söyləyib.

Vyetnam bu yaxınlaradək koronavirusun yayılmasının qarşısını almaqda örnək ölkələrdən biri sayılıb. Ölkədə virus əleyhinə effektiv qabaqlayıcı tədbirlər görülsə də, aprelin sonundan vəziyyət dəyişib, COVİD-19 infeksiyasına yoluxmalar artmağa başlayıb.

ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, Vyetnamda indiyədək qeydə alınan 7 mindən çox yoluxma halının yarısı bircə ayda – 2021-ci ilin may ayında baş verib. Buna hazırda ölkədə aşkar edilən yeni variantın səbəb olub-olmadığı bəlli deyil. Yoluxma sayı virusun yeni variantı üzündən artıbsa, bu, yeni mutasiyanın ötürücülük qabiliyyətinin çox güclü olmasından xəbər verir.

Məsələ burasındadır ki, koronavirusun Hindistan və Böyük Britaniya variantlarının da yayılma sürəti infeksiyanın ilkin variantından güclüdür. Ona görə indi bu iki sürətli variantın qarışığından daha sürətli bir hibrid variantın ortaya çıxdığı ehtimal edilir. Hazırda Dünya Səhiyyə Təşkilatı bu ehtimalı araşdırır.

Vyetnamın səhiyyə naziri bildirib ki, koronavirusun dördüncü dalğası infeksiya mənbələrinin çoxalması, sənaye zonalarına keçməsi və virusun yeni növlərinin meydana çıxması ilə müşayiət olunur. Nazir virusun daha sürətlə yayılacağı və nəzarətdən çıxacağı haqda xəbərdarlıq edib.

Vyetnamdakı vəziyyəti dərhal araşdırmağa başlayan Dünya Səhiyyə Təşkilatının nümayəndəsi bəyan edib ki, hələlik Vyetnam variantı ilə bağlı qiymətləndirmə aparılmayıb: “Virus dünyada yayıldıqca və inkişaf etdikcə onun daha çox növünün meydana çıxacağı əvvəldən bəllidir. Bizim bildiyimizə görə, Vyetnamda koronavirusun B.1.617.2 variantı aşkarlanıb. Amma bu, B.1.617.2 variantının əlavə mutasiyaya uğramış növü də ola bilər”.

Koronavirusun B.1.617.2 variantı ilk dəfə Hindistanda tapılıb. Hindistan rəsmiləri virusun bu və digər variantının ölkədə COVİD-19 infeksiyasının sürətlə yayılmasına gətirib çıxardığını bildiriblər.

Böyük Britaniya rəsmiləri də may ayında B.1.617.2 variantının ölkədə sürətlə yayılmasından narahat olduqlarını ifadə ediblər.(Mənbə: Novator.az)





Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}