Azərbaycanda koronavirusun 4-cü alovlanması başlayıb - Baş infeksionist
Tarix: 20-08-2021 12:40 | Bölmə: Cəmiyyət
Azərbaycanda koronavirusun 4-cü alovlanması başlayıb

“Biz bunu dalğa yox, infeksiyanın alovlanması kimi qeyd edirik. Pandemiyanın əvvəlindən saysaq, xəstəliyin bu dövrünü 4-cü alovlanma adlandırmaq olar. Ancaq daha düzgün olar ki, bunu sayla yox, növbəti alovlanma adlandıraq”.

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Azərbaycanda son günlər koronavirusa yoluxmanın kəskin artmasını şərh edərkən deyib.

T. Eyvazov “Report”a bildirib ki, virusa yoluxanlar arasında ağırlaşmalar adətən yaşlı və müxtəlif ağır xroniki xəstəliyi olan insanlarda müşahidə olunur. Qeyd olunan səbəblərdən həmin şəxslərin immun sistemində müəyyən çatışmazlıqlar əmələ gəlir: “Bu, o demək deyil ki, gənclərdə xəstəlik həmişə yüngül keçir. Cavanlar arasında az da olsa, müəyyən qədər ağırlaşmalar olur”.

Baş infeksionist diqqətə çatdırıb ki, xəstəliyi bir dəfə keçirib təkrar yoluxanların sayı çox azdır. “Əldə olunan məlumatlara görə, belə halların sayı 1 faizdən də azdır. Bir qayda olaraq təkrar yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirirlər, ancaq istisnalar da var”.

Mütəxəssis onu da bildirib ki, Azərbaycanda hələ tam peyvənd olunduqdan sonra xəstələnərək ölən şəxslər yoxdur. Çünki peyvənd xəstəliyin ağır formalarının inkişafının qarşısını alır.




Bölməyə aid digər xəbərlər