Rasim Əkbərovu bıçaqlayan şəxsin şikayəti ilə bağlı qərar verilib
Tarix: 22-05-2023 12:26 | Bölmə: Cəmiyyət
Rasim Əkbərovu bıçaqlayan şəxsin şikayəti ilə bağlı qərar verilib

Keçmiş Milli Qəhrəman Rasim Əkbərovu bıçaqlamaqda təqsirləndirilən Xaliq Məmmədovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, şikayət əsassız sayılaraq təmin olunmayıb.

Qeyd edək ki, hadisə 2021-ci ildə Goranboy rayonunda baş verib. Hadisəni törətməkdə təqsirləndirilən Məmmədov Xaliq Füzuli oğlu həbs olunub.

Xaliq Məmmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Əkbərov Rasim Ağa oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Sonradan dövlət çevrilişinə cəhddə təsirli bilinərək 15 illik həbs cəzası alan Rasim Əkbərovun fəxri adı ləğv olunub. Azərbaycan Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə Rasim Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər