Məscidi sökmək istəyi Çin polisi ilə müsəlmanlar arasında davaya səbəb olub
Tarix: 30-05-2023 15:25 | Bölmə: Cəmiyyət
Məscidi sökmək istəyi Çin polisi ilə müsəlmanlar arasında davaya səbəb olub

Çinin Yunnan əyalətində tarixi məscidin günbəzinin söküləcəyi ilə bağlı məlumatlar yayıldıqdan sonra müsəlman əhali etiraz əlaməti olaraq küçələrə axışıb.

Reyting.az
xəbər verir ki, Çinin Yunnan əyalətinin Naqu şəhərində 13-cü əsrə aid Nəciaying məscidinin günbəzinin dağıdılacağı iddia edildikdən sonra müsəlmanlar bu qərara etiraz etmək üçün məscidin qarşısına toplaşıblar.

Şənbə günü baş verən hadisədə polis müsəlmanların məscidə girməsinə mane olmaq istəyərkən əlbəyaxa dava düşüb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsinə reaksiya verən və müqavimət göstərən etirazçılar polislərə daşla hücum ediblər. Toqquşmadan sonra polis geri çəkilməyə məcbur olub və müsəlmanlar məscidə daxil olublar.

Məscidin sökülməsinə mane olmaq istəyən əhali binanın girişində keşik çəkməyə başlayıb.

Polisin açıqlamasında bildirilir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb və etirazçılar iyunun 6-dək təslim olmağa çağırılıb. Təslim olanların və cinayətlərini etiraf edənlərin cəzalarının yüngülləşdiriləcəyi qeyd edilib.

Onu da diqqətə çatdırırıq ki, Nəciayinq məscidinə son vaxtlar əlavə edilən günbəz və minarələrin 2020-ci ildə məhkəmə qərarı ilə qanunsuz olduğu səbəbilə söküləcəyi açıqlanmışdı. Təxminən 47 milyon əhalisi olan Yunnan əyaləti Çinin etnik cəhətdən qarışıq bölgələrindən biri kimi tanınır. Yunnandakı müsəlman əhalinin 700.000 nəfər olduğu təxmin edilir. 2018-ci ildə Çinin Ningxia Hui Muxtar Bölgəsində yüzlərlə müsəlman məscidlərinin sökülməsinin qarşısını almaq üçün Çin hakimiyyəti ilə gərginlik yaşayıb. Həmin tarixdə Yunnan əyalətində 3 məscid qeyri-qanuni dini təhsil səbəbilə bağlanıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər