Türkiyənin NATO-ya qarşı çıxması “F-35”-lərə görədir? - Foto
Tarix: 28-11-2019 14:08 | Bölmə: Dünya / Xəbərlər
Türkiyənin NATO-ya qarşı çıxması “F-35”-lərə görədir?

“Türkiyənin NATO-nun Baltikyanı və Polşa siyasətinə qarşı çıxması təsadüfi deyil. Hesab edirəm ki, bu, daha çox “F-35” layihəsi ilə bağlıdır”.

Bu sözləri Reyting.az-a açıqlamasında siyasi analitik Oqtay Qasımov Türkiyənin NATO çərçivəsində Baltikyanı ölkələr və Polşa siyasətinə qarşı çıxmasının səbəblərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyənin “F-35” layihəsindən çıxarılması haqda qərar verildikdən sonra Polşa Türkiyəyə satılması planlaşdırılan “F-35”-lərə müştəri çıxıb və bu, Türkiyə tərəfindən xoş qarşılanmayıb. Türkiyənin NATO-nun Baltikyanı və Polşa siyasətinə qarşı çıxması, buna səs verməməsinə səbəb bu məsələ ola bilər.

Türkiyənin NATO-ya qarşı çıxması “F-35”-lərə görədir?
O. Qasımov

O. Qasımov Türkiyənin bu addımlarının böyük nəticələrə gətirib çıxaracağını düşünmür: “Nəzərə almaq lazımdır ki, Türkiyənin NATO-ya nə qədər ehtiyacı varsa, Qərb də Türkiyəyə bir o qədər, bəlkə də daha çox ehtiyac duyur. Bu mənada Türkiyənin NATO-dan çıxarılması haqqında bəyanatlar ciddi səslənməyəcək. Çünki NATO daxilində Türkiyəyə qarşı fərqli münasibətlər var. Hətta bir müddət əvvəl NATO Baş katibi Türkiyəni müdafiə edən bəyanat verdi və açıq dedi ki, Türkiyəni terrorla mübarizədə tək buraxdıq. Bu mövqeyi NATO daxilində qəbul edənlər də var. Amma Türkiyənin NATO-dan kənara qoyulması cəhdi o demək olardı ki, birqütblü dünya dəyişir”.

Siyasi analitik diqqətə çatdırıb ki, Çinin başında durduğu başqa bir güc mərkəzi ortaya çıxır: “Bu halda Türkiyənin Çin, Rusiya, İran, Hindistan və digər ölkələrin təşkil etdiyi qütbə qatılması NATO və ABŞ-ın təşkil etdiyi cinahın gücünü zəiflədər. Bu mənada indi daha çox diplomatik və siyasi gedişlər müşahidə edilir. NATO-da Türkiyəyə qarşı sərt mövqe tutulması və onun ittifaqdan kənarlaşdırılması ehtimalı yoxdur”.

O. Qasımovun fikrincə, Türkiyənin NATO daxilində Polşada Rusiya təhdidlərinə qarşı həyata keçiriləcək işləri bloklaması ittifaqda problem yaradır: “Türkiyə özünü müdafiə edəcək. Baxın, həm NATO, həm də Avropa Birliyi terrorla mübarizədə və qaçqınlarla bağlı məsələdə Ankaranı tək buraxdı. Bu baxımdan Türkiyənin mənəvi əsasları var. Yəni müttəfiqlərindən gözlədiyini ala bilməyəndə adekvat addımlar ata bilər və onun müttəfiqləri də bu ağrıları hiss edərək Ankaranı anlamağa çalışmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər