20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Zakir Həsənov Yuri Daşkinlə Qarabağ problemini müzakirə edib
Tarix: 25-04-2016 20:26 | Bölmə: Gündəm


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının yeni təyin edilmiş katibi general-mayor Yuri Daşkin ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z.Həsənov qonağa Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, hazırki vəziyyət barədə ətraflı məlumat verib.

Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını xüsusi olaraq diqqətə çatdırıb. Beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq erməni işğalı altında olduğunu və bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü vurğulayan müdafiə naziri danışıqlar prosesinin nəticəsiz qaldığını deyib.

MDB-nin üzvü olan ölkələrlə hərbi sahədə əlaqələrə toxunan Z.Həsənov bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün perspektivlərin mövcudluğunu bildirib.

MDB Müdafiə Nazirləri Şurası üzv ölkələrin nazirləri ilə görüşləri çərçivəsində ilk səfərin məhz Azərbaycana olduğundan məmnunluğunu ifadə edən Y.Daşkin Birliyin ölkələri arasında hərbi sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Z.Həsənov Y.Daşkinə MDB Müdafiə Nazirləri Şurasının katibi vəzifəsində və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər