20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Tikintidə yeni qayda tətbiq olunacaq
Tarix: 13-09-2019 11:24 | Bölmə: Gündəm
Tikintidə yeni qayda tətbiq olunacaq

Baş Nazir Novruz Məmmədov “İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət Qaydası”nı təsdiq edib.

Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq hazırlanıb və infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, o cümlədən istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarətin həyata keçirilməsini müəyyən edir və tənzimləyir.

Əlilliyin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün infrastrukturun və yaşayış binalarının əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi və əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması istiqamətində nəzarət aşağıda göstərilən qaydada həyata keçirilir:

- infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə müyəssər olması məqsədilə layihələndirmə üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsinə, mütəmadi olaraq yeniləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına nəzarət Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Həmin sənədlərdə əlilliyi olan şəxslərin yaşayış binalarından, o cümlədən pilləkənlərdən, pilləkən qəfəslərindən, çıxış və girişlərdən, dəhlizlərdən, açıq keçidlərdən, rampalardan, liftlərdən, mənzillərin giriş qapılarından rahat və təhlükəsiz istifadə edə bilməsi nəzərə alınmalıdır;

- yaşayış binalarının və infrastruktur obyektlərinin, o cümlədən yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial obyektlərin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmasına dair tələblər həmin binaların və obyektlərin layihələndirilməsi zamanı layihəçi tərəfindən nəzərə alınmalıdır;

- infrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin müddəalarının tətbiqinə nəzarət Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən həyata keçirilir.

Qaydaya görə, infrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

İnfrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən yarımildə ən azı 1 (bir) dəfə monitorinqin aparılması təmin edilir.

Monitorinqin nəticələrindən, habelə müvafiq qurumun hərəkət və hərəkətsizliyindən inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər