Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
Tarix: 16-10-2025 18:48 | Bölmə: İqtisadiyyat
Yeni tikinti matrealı satışa çıxarılıb

ABŞ-da "superağac" adı verilən yeni nəsil inşaat materialı satışa təqdim olunub. Bu material poladı əvəz etmək potensialına malikdir.

Reyting.az
xəbər verir ki, Merilend ştatında yerləşən "InventWood" şirkəti "Superwood" adlandırılan yeni ağac növünün istehsalına başlayıb. Bu material adi ağacla müqayisədə 20 dəfə möhkəm, 10 dəfə isə yüngüldür. Eyni zamanda, rütubətə, göbələk və həşəratlara, həmçinin odda yanmaya qarşı yüksək davamlılıq göstərir.

"Superağac" xüsusi kimyəvi emal və isti presləmə prosesi ilə hazırlanır. Bu texnologiya ağacın məsaməli quruluşunu sıxlaşdıraraq onun möhkəmliyini əhəmiyyətli dərəcədə artırır. Əvvəllər bu proses bir həftə davam edirdisə, indi cəmi bir neçə saat çəkir.

Layihənin müəllifi - Merilend Universitetinin professoru və Yel Universitetinin elmi əməkdaşı Lyanbin Xu bildirib ki, o, bu texnologiya üzərində 10 ildən çox çalışıb. Hazırda "InventWood" şirkəti bu material üzrə 140-dan artıq patentə sahibdir.



İlkin mərhələdə "superağac" fasadlarda və terraslarda istifadə olunacaq. Gələn ildən isə döşəmə, mebel və divar panelləri kimi interyer sahələrində də tətbiq olunması planlaşdırılır.

Yeni materialın əsas üstünlüklərindən biri də onun ekoloji cəhətdən üstün olmasıdır: poladla müqayisədə 90 faiz daha az karbon emissiyası ilə istehsal olunur. Mütəxəssislərin fikrincə, bu innovasiya təkcə ABŞ-da deyil, bütün dünyada tikinti sənayesində inqilabi dəyişikliklərə səbəb ola bilər.

Şirkət nümayəndələrinin sözlərinə görə, yaxın gələcəkdə bu materialdan istifadə edilərək yaşayış binaları, hətta göydələnlər inşa etmək planlaşdırılır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər