Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
Tarix: 16-10-2025 12:54 | Bölmə: Dünya
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb

Sentyabrın ortalarından Çindən Rusiya gələn minlərlə yük maşını Qazaxıstan sərhədində qalıb. Bu isə Rusiyanın müdafiə sənayesini dəstəkləyən ikili təyinatlı malların axınını ləngidir.

Reyting.az
xəbər verir ki, bu barədə “Forbes” yazıb.

Hazırda iki ölkə arasındakı keçid məntəqəsində təxminən 2500 yük maşını gözləyir ki, bunların çoxunda elektronika, dron komponentləri və Qərb markalı mallar var.

Qazaxıstan gömrükçüləri sanksiyalardan yayınmaq üçün şübhəli yüklərə yoxlamaları gücləndirib.

Rusiyanın “Kommersant” qəzeti saxlanılan avtomobillərin sayını təxminən 7500-ə yaxın hesab edir.

Tıxaclar sentyabrın ortalarında, Qazaxıstan Rusiya və Belarusa göndərilən yükləri daha ətraflı yoxlamağa start verdikdən sonra başlayıb. “EUToday” xəbər verir ki, həssas yükləri daşıyan yük maşınlarının 99 faizə qədəri intensiv yoxlamalarla üzləşib.

Təhlilçilər qeyd edirlər ki, bu, Astananın Qərb sanksiyalarının daha sərt şəkildə tətbiqi ilə bağlı yeni siyasətini əks etdirir, baxmayaraq ki, bəzi ekspertlər tıxacların ikitərəfli ticarət gərginliyi ilə bağlı ola biləcəyinə inanırlar.

Ukrayna dronlarının hücumları səbəbindən Rusiya neft emalı zavodlarında hasilatın azalması fonunda tədarükdə fasilələr baş verir.

“Bloomberg” oktyabrın 15-də Rusiyanın dəniz yanacağı ixracının gündəlik 1,88 milyon barrelə düşdüyünü, bunun işğaldan sonra ən aşağı səviyyə olduğunu bildirib.

Mərkəzi Asiya ölkələri də bunun təsirini hiss edir. Xüsusilə Tacikistanda yanacağın qiyməti kəskin artıb və Qazaxıstan daxili tələbatı təmin etmək üçün müvəqqəti olaraq ixracı qadağan edib. Özbəkistan və Qırğızıstan alternativ yanacaq tədarükü axtarır, çünki Rusiya öz ehtiyaclarını ödəməyə diqqət yetirir.

Bu arada Qazaxıstan prezidenti Tokayev Moskva ilə Qərb arasında balans yaratmağa çalışır. Sentyabrda o, BMT Baş Assambleyasının 80-ci iclası zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Ukraynanın suverenliyinə dəstəyini bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər