Nazir oğluna məxsus ASC ləğv edilib - Palata qərar verib
Tarix: 27-09-2016 17:34 | Bölmə: İqtisadiyyat


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Qarant Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.

Reyting.az Palataya istinadla xəbər verir ki, "Qarant Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 25 dekabr 2015-ci il tarixində sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olub.

Palata, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, "Qarant Sığorta” ASC könüllü ləğvolunma prosesində olduğundan və şirkətin istehlakçılar qarşısında öhdəliklərin icra olunmasını təmin etmək məqsədi ilə sığorta müqavilələrini (poertfelini) qanunvericilik çərçivəsində "Paşa Sığorta” ASC-yə ötürüb.

Bundan əlavə, Direktorlar Şurasının qərarı ilə "Qala Sığorta” ASC-yə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilib.

Belə ki, 15 avqust 2016-cı il tarixində Palataya "Qala Sığorta” ASC tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər nümayəndəliyinin açılması, həmçinin sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinə çatdırılması ilə bağlı sənədlər təqdim olunub.

Palata, cari ilin yanvar-avqust ayları üzrə "Qala Sığorta” ASC tərəfindən ümumilikdə 3,730,528 AZN sığorta haqqı toplanmasını, eyni zamanda şirkətin yığımlarının 50%-dən çoxu icbari sığorta növləri üzrə əldə edildiyini nəzərə alaraq sözügedən şirkətə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin verilməsini qərara alıb.

MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə Mirzəyev Bəhlul Vüqar oğluna sığorta brokeri fəaliyyətinə lisenziya verilib.

Lisenziya, yuxarıda qeyd olunan şəxs tərəfindən sığorta brokeri fəaliyyətinə lisenziyasının alınması ilə bağlı Palataya daxil olmuş müraciətə əsasən, həmçinin Qanunvericiliklə nəzərdə tutulan bütün zəruri sənədlərin təqdim edilməsini nəzərə alaraq verilib.

Qeyd edək ki, "Qarant Sığorta” nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər