“Elektron notariat” informasiya sistemi haqqında əsasnamə təsdiqlənib
Tarix: 13-10-2021 23:55 | Bölmə: İqtisadiyyat
“Elektron notariat” informasiya sistemi haqqında əsasnamə təsdiqlənib

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarda “Elektron notariat” informasiya sisteminin təşkili əsaslarının, yəni onun fəaliyyətinin prinsiplərinin, funksiyalarının, texniki-texnoloji infrastrukturunun, təhlükəsizlik tədbirlərinin, sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları barədə müddəaların müəyyən edilməsi ilə bağlı tənzimləmə nəzərdə tutulub.

“Notariat haqqında” qanuna Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdə məhkəmə fəaliyyətinin səmərəsinin artırılması və hakimlərin iş yükünün azaldılması üçün mübahisəsiz tələblərə dair işlərə məhkəmədən kənar elektron qaydada baxılması məqsədilə mülki xarakterli işlərin notariusun icra qeydi əsasında təmin olunması nəzərdə tutulur.

Bunun üçün 2019-cu ildən notarius tərəfindən icra qeydinin aparılması və icraya yönəldilməsi prosesinin elektron qaydada “Elektron notariat” və “Elektron icra” informasiya sistemləri vasitəsi ilə təşkili üçün müvafiq təhlillər aparılmış, adıçəkilən informasiya sistemlərində zəruri dəyişikliklər edilmiş, habelə müraciət edən fiziki və hüquqi şəxslər üçün fərdi elektron kabinet formalaşdırılıb.

Həyata keçirilmiş tədbirlərə və Fərmanla verilmiş tapşırığa uyğun olaraq hazırlanmış “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamədə informasiya sisteminin fəaliyyətinin prinsipləri, texniki-texnoloji infrastrukturu, təhlükəsizlik tədbirləri, funksiyaları, sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları barədə müddəalar və fəaliyyətinin təşkili əks olunub.

Bununla yanaşı Əsasnamədə “Elektron notariat” informasiya sistemində digər notariat hərəkətlərinin aparılması mexanizmi də tənzimlənir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər