10:02 / 07-07-2025
Ruslar Odessaya hücum edib
Hollivudun ulduz aktyoru sənədli film çəkəcək
Tarix: 07-07-2025 07:46 | Bölmə: Mədəniyyət
Hollivudun ulduz aktyoru sənədli film çəkəcək

Hollivud ulduzu, amerikalı aktyor Kianu Rivz bu dəfə kinorejissor kimi çıxış edəcək. Onun lentə alacağı yeni ekran əsəri "Formula 1"-də iştirakçı olmuş "Cadillac" haqqında sənədli serial olacaq.

Reyting.az
xəbər verir ki, tamaşaçıları təəccübləndirməyi bacaran Kianu Rivz bu dəfə "Cadillac" markasının "Formula 1"-ə gəlişinə həsr olunmuş yeni sənədli serialın hekayəçisi, eləcə də icraçı prodüseri kimi çıxış edəcək.

"KR+SH" prodüser şirkətinin məşhur kino aktyora dəstəyi sayəsində və "Brawn GP" şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanacaq bu yeni, eləcə də ambisiyalı Amerika kino layihəsinin pərdəarxasında tamamilə sıfırdan qurulacaq bir komanda ilə böyük uğur qazanmaq iddiası durur.

K. Rivzin fikrincə, ABŞ-da "Formula-1" yarışmasına marağın çox sürətlə artdığı bir vaxtda, bu cür milli brendin qlobal arenada görünməsi təkcə idman hadisəsi yox, eyni zamanda müasir dövrün simvolu deməkdir. Məşhur aktyor deyib ki, əslində, bu mövzuya marağının kökündə həm də "özününkü" olmaq amili durur. Çünki "Cadillac" başqa komandanı satın almır, yaxud yenidən brend etmir, o, komandanı tamamilə sıfırdan yaradır ki, bu da öz bazasının tikintisini, işçilərin işə götürülməsini, həmçinin texnologiyaların hazırlanmasını və özünəməxsus bir yarış DNK-sının formalaşdırılmasını nəzərdə tutur.

Gələcək komandanın istehsal obyektləri ancaq iki ölkədə yerləşir: ABŞ-nın İndiana ştatının Fişers şəhərində və "Formula-1" azarkeşlərinin müqəddəs saydığı Böyük Britaniyanın Silverstoun şəhərində.

Artıq bu böyük layihə üçün planlaşdırılan 600 nəfərdən təxminən 400 nəfəri mütəxəssis kimi əməkdaşlığa cəlb olunub. Komanda 2026-cı ildə "Ferrari"-nin mühərrikləri ilə debüt edəcək, lakin çox yaxın gələcəkdə, 2028-2029-cu illərdə "Cadillac" ancaq öz mühərriklərindən istifadə edəcək.

"Disney+", "Netflix", "Amazon Prime" kimi iri platformalarda yayımlanacağı güman edilən bu yeni sənədli serial, komandanın qurulması zamanı qarşılaşılan maliyyə və mühəndislik çətinliklərini əks etdirəcək. Layihənin çəkiliş qrupu hətta danışıqlara, pilotların seçim prosesinə, eyni zamanda texniki qərarlara və ictimaiyyətdən gizli saxlanılan detallara eksklüziv çıxış əldə edəcəklər.

Hələlik komandanın rəng sxemi (livreya), sürücü adları açıqlanmayıb, lakin serialın içəridən informasiya mənbəyi olacağı da gözlənilir. Rivzin çəkiliş qrupunun əməkdaşları bildiriblər ki, onlar sənədli filmin yaradıcıları kimi yalnız gözoxşayan görüntüləri, dramatik məqamları ekrana gətirmək fikrində deyillər. Onlar həm də "Formula-1"-in rəqabət dolu dünyasında yeni bir komandanın iştirakı ilə bağlı olan siyasi aspektlərə toxunacaqları haqqında da məlumat veriblər. Bu mövzuya eləcə də çempionat rəhbərliyi ilə uzunmüddətli danışıqlar, müraciətlərin təsdiqlənməsi, mükafat fonduna çıxış uğrunda mübarizə daxildir.

Rivzin komandası vurğulayıb ki, sənədli film, həmçinin "Cadillac"-ın "Formula-1" yarışmasına bu cür ilk gəlişi ümumiyyətlə formalaşmış ənənələrə qarşı çağırış kimi qiymətləndirilməlidir. Çünki burada çox aydın olan bir məqsəd var və ali məqsəd ABŞ-nın texnologiya yanaşmasının Avropa nəhəngləri ilə rəqabət apara biləcəyini sübut etməkdir.

Hollivudun ulduz aktyoru və yeni sənədli filmin prodüseri, həmçinin mətni oxuyan Rivz bildirib ki, onun əsl məqsədi bu hekayəni reklam çarxı kimi yox, böyük idman dünyasına canlı, dramatik bir səfər kimi təqdim etməkdir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər