20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Dil pəhləvanları
Tarix: 06-04-2017 13:30 | Bölmə: Firuz HƏŞİMOV


Hüriyyət eyforiyasına uyduğumuz saatdan hər şeyi, hamını söyməyi adət elədik. Keçmişdən yaxşı heç nəyi əxz etmək istəmədik. 1941-ci ilin dəhşətli məğlubiyyəti SSRİ-ni sarsıtdısa, sərt, amansız, amma ədalətli qanunların tətbiqi, məharətlə aparılan ideoloji iş dövləti xilas etdi. Bivec mərəzə tutulmuşuq, Sovet hakimiyyəti ilə bağlı nə varsa hər şeyi ləkələyirik. Amma 25 il ərzində nə milləti ayağa qaldıra bilən bir musiqi əsəri, nə bir tablo, nə də plakat ortaya qoymuşuq. Dil pəhləvanıyıq!

Tutaq ki, iqtidar sabah qolunu çırmaladı və başladı imanında sabitqədəm, əqidəli, tərcümeyi-halı dağ çeşməsi kimi tər-təmiz fədakar insanları axtarmağa, siz elə bilirsiniz tapacaq? Yox, yox, yenə də yox!

Məcbur olub təfəkkürü, dünya görüşü son otuz ildə formalaşmış "abrozovonnı"lara müraciət edəcək. Onların da ipinin üzərinə odun yığmaq müşkülə dönəcək. Bu dəqiqə izah edim, bəli, tutaq ki, beş-on nəfər tapıldı və onlara hərbi hissələrdə milli ruhun oyadılması, vətənpərvərlik hisslərinin təlqini tapşırıldı.

Biri başlayacaq Şumerdən, Babildən gəvəzələməyə, o biri millətin əsl-nəcabətini aparıb bağlayacaq qurda, canavara, başqası rəngini görmədiyi "Avesta"dan danışa-danışa atəşpərəstlikdən elə axmaq sözlər işlədəcək ki, əsgərlər çaşıb qalacaqlar, bir başqası da Azərbaycanı qoyub, keçəcək Osmanlı tarixinə....

Ən qorxulusu da odur ki, əxlaqları, iç üzləri hamıya bəlli olan mikrofon dəllallarını, vokal sənətimizi yaman günə qoymuş ipləmələri əsgərlərin qarşısına çıxarırlar.

Estradamıza rus qaraçılarının ifa tərzini, boğazını gətirmiş Faiq Ağayev kimi fiqur "Azərbaycan qeyrətim mənim!" deyib, müqəddəs bayrağıma əl vuranda özümü təhqir olunmuş hesab edirəm. Mən hələ əndamları paltara sığışmayan, məşhur rus rəssamı Kustodiyevin personajlarını xatırladan, aşıq sənətini balaqana döndərmiş "sazlı-söhbətli xanımlardan" danışmıram.

Min dəfə demişəm, təbliğat-təşviqat işlərində iqtidarın üzdə olan nümayəndələri heç nəyə qadir deyillər.

Yaxşıca qazanan, yeddi arxalarını yaxşıca təmin edə bilmiş bu güruhun içində bir əməli saleh şəxs yoxdur ki, onu ordunun qarşısına çıxarasan.

Sir-sifətləri vaxt-bivaxt teleekranlarda görünən "xadimləri" xalq yaxşı tanıyır. Neçə yerdə obyekti, təsərrüfatı, malikanəsi olan, bütün qohum-əqrəbasının əllərini çörəyə çatdıran deputata da, "ideoloqa" da xalq nifrət edir. Məmurlar o qədər kütləşib, o qədər arxayındırlar ki, məmləkətin mənəvi ab-havasında gedən təhlükəli prosesi, saatbasaat artan sinfi düşmənçilik dalğasını heç sezmirlər. Hakim partiyanın hər əmrə "ləbbeyk!" deyən qurumlarından yuxarıya ötürülən yalan dolu "qələbə" raportları belələrinə əl verir. Yəni hər şey qaydasındadır, camaat vampir oliqarxların canlarına dua edir, köşklərdə bir iqtidar qəzeti qalmır, icra başçıları istirahətin nə olduğunu bilmirlər, kasıb-kusub istədiyi vaxt istədiyi məmurla görüşə bilir, harınlar yanlarında "yeniçəri" saxlamırlar, bir neçəsi aşnasına bağışladığı maşınları geri alıb şəhid ailələrinə verib və i.a.

Əllərindən direktiv və göstəriş verməkdən başqa heç nə gəlməyən iri çaplı məmurlar tam arxayındırlar ki, əgər prezidentə alternativ yoxdursa, demək kor atlarını minib dördnala çapa bilərlər. Güc strukturları, polis də istənilən çıxışın qarşısını almağa qadirdir.

Dövlətçilik üçün məhz bu yersiz arxayınlıq təhlükə mənbəyidir. İcra başçılarının, iri vəzifəli məmurların əlaltılarının, qohum-əqrabalarının, qoçularının arxasız, köməksiz insanlara əsl manyaklar kimi divan tutrmaları haqqında o gün yoxdur ki, eşitməyək. Azğın zümrənin nümayəndəsi mətbuatı susdurmağın yolunu tapıb, ipə-sapa yatmayan jurnalistin qohum-əqrəbası işdən çıxarılır, özünü şərlədir, yuxarıdan edilən bir zənglə hakimlər haqq söz deyəni infarktla məhv edirlər.

Vaxt vardı bədbaxt edilmiş insanlar, qeyrətli qələm sahibləri hakimləri yaş yuyub quru sərəndə mən özümə əl qatıb söz deyənlərin üzünə qabarırdım. Son il yarım ərzində üzləşdiyim rəzalət sübut etdi ki, mən indiyə qədər ən şərəfsiz, ən imansız, ən binamus məxluqları haqlı tənqid və qəzəbdən qorumuşam. Bu səhvi ömrüm boyu özümə bağışlamayacağam.

Birinci zəruri ricət

Dəfələrlə yazmışam ki, yaxın ətrafı Prezidenti böyük ustalıqla sadə insanlardan təcrid edib. Axı bu necə olur ki, yüzlərlə şikayət ərizəsinə məhəl qoyan tapılmır?

On ildir Xətai rayonunda Heydər Əliyevin yaşıl irsinə divan tutulur... On minlərlə ağac kəsilib və indinin özündə də "yaşıl terror" davam edir. Yüzlərlə müraciət edilib. Axırda dözə bilməyib daha sərt yazdım:

"Hörmətli Prezident, iki dəfə qəbir yeri üçün Sizə dil açdım, yazdım ki, əcəl məni haqlayıb, qəbir yeri almaq üçün 700 manatı haradan alım? Göstəriş verin, basdırılmaq üçün mənə yer versinlər. Xəbər-ətər çıxmadı...

Yazdım ki, Xətainin icra başçısı Razim Məmmədov, bizim Ulu öndər saydığımız, Sizin isə doğma valideyniniz, tarixi şəxsiyyətin əmanətinə xəyanət edir, bəd əməlləri ilə hamını iqtidarın üzərinə qaldırır. Təyin olunmuş deputatların üzlərini görmürük. Qəbir yeri vermirsiniz, belə lap əcəb edirsiniz, amma heç olmasa dövlətin şərəfini Razim Məmmədov kimilərdən qoruyun. Razim Məmmədov nə karədir ki, Bakı fəhləsinin 30-40 il ərzində zəhmət çəkib ərsəyə gətirdiyi yaşıllıqları məhv edib rayonun ərazisini dədəsinin malı kimi kimə gəldi satsın? Bu dövləti bizim kimi təmənnasız, indi də dərmana pul tapmayan kişilər qurub, Razim Məmmədov yox!”

Maraqlı burasıdır ki, daha çox yaşıllıq, külli miqdarda ağaclar, saysız-hesabsız bəzək kolları təyin olunmuş deputat Hüseynbala Mirələmovun təmsil olunduğu məhəllələrdə, dairədə məhv edilib. Kişinin başı, ədəbi, siyasi yaradıcılığa elə qarışıb ki, burnunun ucunda baş verənləri görməyib. Hə, yaxşı yadıma düşdü Hüseynbala müəllim YAP-ın Xətai rayonu üzrə rəsmi valisidir.

Görəsən bir gün olacaq ki, bir vicdanlı məmur gəlib bizim məhəllələrdə camaatın "hörmətli" icra başçısı və nadirəlvücud "vəkillər" barəsində dediklərini lentə yazıb Prezidentə təqdim eləsin?

Məxləs, mətləbdən çox yayınmayaq, axı biz bərbad vəziyyətdə olan ideoloji işdən danışırdıq. Neçə illik müşahidələrim, təhqiqatım, təcrübəm mənə tam ixtiyar verir ki, öz verdiktimi açıqlayım. Hər cəhətdən ağır situasiya ilə üzləşmiş, daima təxribatlarla təhdid edilən ölkədə ideoloji iş əsl vətənpərvərlərə, yüksək intellekt sahiblərinə, dövlətçilik naminə hər an ölümə hazır olanlara, tayfabazlığın, yerliçiliyin nə olduğunu bilməyən insanlara tapşırılmalıdır. Fədəkarlığın tələb edildiyi bu meydanda əsl fanatiklər iş görməlidirlər.

Sovet hakimiyyəti illərində guruldayan neçə ədəbiyyat "Knyazı" tanıyırdım ki, qonorarı kisə ilə alırdılar. Amma, birisi əlini cibinə salıb bir yetimi də sevindirmirdi. Əli Kərim kimi gözəl sənətkarın son illəri gözümün qarşısında keçib... Allah düşmənimə də onun çəkdiyi mənəvi əzabları qismət eləməsin.

İndi özlərini "altmışıncılar" adlandıranların canlı bütləri yağ-bal içində üzə-üzə ona bir qara qəpik də vermədilər, əksinə, üç uşaq atasını işsiz qoydular. Ramiz Rövşənlər, günortadan sonra mərəkəyə gələn Nizami Cəfərov kimi konformistlər dillərini qatlayıb qarınlarına qoysalar yaxşıdır. Özlərini fəxrlə "altmışıncılar" ya da onların varisləri sayanlar barədə əlimin altında elə faktlar var ki, danışmağa başlasam çoxu dualıq olar.

Millətin mənəvi fəlakətinin, Qarabağ məğlubiyyətinin, indiki deqredasiya prosesinin təməl daşlarını məhz "altmışıncılar" qoydular. İstənilən vaxt, istənilən yerdə bunu sübut eləyə bilərəm.

...Soyuqdan əsə-əsə 200 qram çörək "payok"u alan D.Şestakoviç bütün dünyanı heyran qoyan 7-ci simfoniyanı bəstələyir. Amma vaxtları toyxana cariyələri ilə laqqırtı vurmaqda keçən bizim üzdən iraq peşəkar bəstəkarlar 25 il ərzində ortaya abırlı bir şey qoymayıblar. Kimi dindirsən, ya nüsxəbəndlik eşqinə düşür, ya iqtidara naz eləyir, ya da hamını borclu çıxarır.

Rus hərbçisi birini tərifləmək istəyəndə çox vaxt belə bir söz işlədir: "Onunla kəşfiyyata getmək olar". Milli Məclisdə şah taxtına bənzər kresloda yayxanıb oturanların çoxu ilə nəinki kəşfiyyata, heç küçədə yanaşı getmərəm.

Dəfələrlə yazmışam, rus mədəniyyətinin iftixarı sayılan kişilər 1941-ci ildə geydikləri hərbi libası 1945-ci ilin yayında əyinlərindən çıxartdılar. Bəs bizdə 25 il ərzində hansı qələm sahibi ön xətdə baş ağardıb?

Televizorda Milli Məclisi göstərirlər, illərlə cınqırını çıxarmayanlar, "dejurnıy" demokratlar, "Ay camaat, mən də varam!"- demək xatirinə hər mövzuda danışmağı adət etmiş Fazil kimilər yaxşıca əyləşiblər. Dərddən, ələmdən uzaqdırlar, çörək dərdi çəkmirlər. Aha, budur, Aqil Abbas da şəstlə oturub...

Məmləkətdə it yiyəsini tanımayanda Aqil ağa da marqinalların "Komissar Kattani" adlandırdığı İsgəndər Həmidovun şəklini başının üstündən asdı. Sonra "Ədalət" qəzetinin birinci səhifəsində "bildirişlər" göründü...

Məqsəd, idarə müdirlərini, orta səviyyəli məmurları ödbağır edib vahimə, qorxu içində saxlamaq idi. Bir azdan Aqil ağanın qapısında növbə yarandı, halva deyildi, kişinin başı üstündə İsgəndər Həmidovun şəkli var idi. Deyilənə görə, həm də Əbülfəz bəylə uzun müddət yeyib-içib. Mabədini yazmıram... Çox keçmədi aləmlər bir-birinə dəydi, rəhmətlik Rövşən Cavadovun həniri gələndə sarılıq gətirən bizim "milli Kattani" səhnədən getdi. Aqil ağa İsgəndər Həmidovun şəklini fövrən divardan endirib giriş qapısının arxasından asdı və başladı qaliblərin qarşısında reverans eləməyə.

Bütün camaat yaxşı bilir ki, hamının sevimlisi, cəfakeş şair Məmməd Arazla yaxın qohumluğu Aqil Abbası sipər kimi layiq olduğu aqibətdən qoruyub.

Aqil ağa orda-burda özünü elə aparır ki, adamlarla elə mentor ədası ilə danışır ki, elə bil intiqamçı dəstələrlə dəfələrlə düşmən arxasında reydlər keçirib, yüzlərlə erməni banditini cəhənnəmə vasil edib, neçə yüzünü girov götürüb. Mən isə belə "fədaini" ideoloji işin astanasına da yaxın buraxmazdım. Ərazisinin böyük hissəsini itirmiş, ideoloji xaosun olduğu ölkədə cəmiyyətin bütün zümrələri daxilində təmizləmə işləri aparılmalı, fanfaronlar, nuvorişlər, pulgir haramzadalar hər yerdən qovulmalıdırlar.

 


Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

bütün xəbərlər