20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
İŞİD-dən daha təhlükəli
Tarix: 28-06-2017 13:59 | Bölmə: Firuz HƏŞİMOV

İranda baş verən terror aktından sonra, bizim siyasət meydanının namdar pəhləvanları da dinc durmayıb binəva rəiyyəti öd-bağır etməyə başladılar, bəs, bir o qədər də özünüzə güvənməyin, o həngamədən bizdə də baş verə bilər.

"Bəs nə etmək lazımdır ki, bu baş verməsin",- sualının cavabı məndə hazırdır. Amma demək fikrim də yoxdur... Başlasam çox uzun çəkər, onsuz da bu ölkədə hamı özünü tarix, ədəbiyyat, siyasət üzrə Nobel mükafatı laureatı sayır, nəyimə lazımdır başımı dərdə salım?

Bizə xaricdən terroru idxal eləmək lazım deyil. Müstəqillik qazanan saatdan bu şoqərib toqi-lənət olub keçib boğazımıza. Bizim polisin sahə müvəkilləri də (qoy bunu rus dilində deyim, yoxsa azərbaycanlı başa düşməyəcək, yəni, "uçastkovı"lar da) terroru, haranısa partlatmaq, yandırmaq, ya da günahsız dinc sakinləri güllələmək kimi başa düşürlər.

Ən dəhşətli terror millətin dininə, imanına, klassik mədəniyyətinə, adət-ənənəsinə, tarixinə qarşı yönəlmiş əməllərdir. Türk-islam dünyasının Azərbaycan kimi ən gözəl, ən bərəkətli məkanını çoxdan gözaltı eləmiş mason-keşiş irticası (Rusiya, anqlo-saks qüvvələri də) yaxşı bilir ki, burada etik və estetik ənənələr bir-biriləri ilə qırılmaz tellərlə bağlıdır. Birinin inkarı, o birinin məhvinə səbəb olur... Qan tökmək erməniyə həvalə olundusa mənəviyyatın məhvi üçün bütün yerli satqınlar səfərbər edildilər. Bir müddət bundan əvvəl telekanallarda baş verən biabırçılıqları yada salın. Aparıcının sırtıqlığı, sallaq qarınlı toyxana "sənətçilərinin" hərzəkarlığı, primitiv meyxananın meydan sulaması, müxtəlif bədnam "müsabiqələr" gəncliyin mənəvi aləminə ağır zərbə vurdu. Müqəddəs toy mərasimlərimiz plana uyğun tərzdə murdarlananda bir ziyalının qəzəbli səsi qalxmadı. "Medlenniy tanes" deyilən eybəcər bir şeyi dəbə döndərəndə də hamı susdu. 400 qram araq içib başını itirmiş əminin, dayının cavan qız qohumunu qucaqlayıb bir yerdə yırğalanması heç demə, mədəniyyət sayıla bilərmiş... Ölmədik, bu günü də gördük.

Yaşadığım məhəllədə dünyanın hər ölkəsindən it kimi qovulmuş "Yəhova şahidləri" sektasının yığıncaqlarına gələnlərin sayı bilinmir. Özü də analar buraya balaca uşaqlarını da gətirirlər. Hamı da yaxşı bilir ki, bu murdar sekta nə ilə məşğuldur.

Hüzür yerində, hətta "Yasin"i belə qorxa-qorxa oxuyan yazıq axundları gözümçıxdıya salan QMİ-nin, Mübariz Qurbanlının (Komitə sədri) emissarları niyə bir dəfə bu təxribatçıların üstünə getmirlər? Mübariz Qurbanlıda cəsarət varsa, qoy desin görək o hələ indiyə qədər layiqli cəzasını almamış Rafiq Əliyevin hansı əməllərini ifşa edib, hansı mənfur sektanı, ya da həyasız vəhhabini ilim-ilim itirib. Bizdə fanatik islamçıların terror təhlükəsi yoxdur! Respublikada qədim millətin mənəvi aləmi, dədə-baba dini-imanı, hətta deyə bilərəm ki, sabitliyi üçün ən böyük təhlükə mənbəyi islama qarşı üstü örtülü mübarizə aparan konformist ideoloqlar və onların əl vurmadıqları, hətta yaxın düşmədikləri vəhhabilər, satanistlər, "Yəhova şahidləri"dir. Əhalisinin 97 faizi müsəlman olan məkanda islam hücumda yox, müdafiədədir. Məscidlər, maşallah, gözəllikləri ilə göz qamaşdırırlar, ibadətə gələnlərin, namaza duranların sayı bilinmir, amma, təmiz, pak əqidəli, imanında sabitqədəm müsəlmanı qərək zərrəbinlə axtarasan. Qocalıq bir yandan, xəstəlik də bir yandan mənə imkan vermir ki, hüzur yerlərində olum. Ölüm-zülümlə də olsa bir yerə gedəndə həm peşiman oluram, həm də dərdim üstünə dərd gəlir. "Yasin" oxunur, qulaq asan yoxdur, hamının başı söhbətə qarışıb... Binəva molla hürkə-hürkə o yan bu yana baxır, bilmir kimə nə desin...

Sonra da təam verilir, bəzi imkanlıların masasında sadəcə olaraq bir araq çatışmır. Çoxu heç "Fatihə" oxumağı da bilmir...

Bir ölkədə ki, həcc ziyarəti belə dəb halını alıb orada hansı dini fanatizmdən söhbət gedə bilər?

Kasıb-kusubun qanını içən haramzada tanıyıram ki, dəfələrlə həcc ziyarətində olub...

...O zülm-sitəm qalmayıb erməni azərbaycanlının başına gətirməsin, amma sayı on milyona yaxınlaşan xalqdan nə bir intiqamçı çıxdı, nə də terrorçu. Erməninin, rusun edə bilmədiyini bizim azğınlaşmış, artıq hər əndazəni aşmış korrupsionerlərimiz, rüşvətxor məmurlar edirlər.

Bu zümrənin gözü elə qızıb ki, qəbirqazanını böyüdüb ərsəyə çatdırdığını görmür. Bizdən terrorçu çıxmayıb, bundan sonra da çıxmayacq. Amma, sinfi nifrət və qəzəblə ürəyi od tutub yanan, gözləri ayaqlarının altını görməyən, ağına-bozuna baxmayaraq qarşısına çıxanı məhv edəcək cavanların, marqinalların qarşısıalınmaz sel kimi küçələrə axmayacağını heç kim deyə bilməz.

İqtidar arxayın ola bilər, Allah eləməsin, sosial narazılıq son həddə çatanda, polisdən əvvəl, biz cəfakeş veteranlar sinəmizi qabağa verib xaosun qarşısını almaq üçün canımızdan keçəcəyik. Asim Mollazadənin tutmuş ta Aydın Mirzəzadəsinə qədər bəzəkli salonların "xadimləri" qaçıb gizlənəcəklər. Tağı Əhmədovda, ya da Zahid Orucda o şücaət haradandır ki, zəhmli güruhun qarşısına çıxıb söz desin?

Biz dərmana, müalicəyə, elementar yaşayışa pul tapmayan, külfət qarşısında xəcil olan qocalar parça-parça edilməyə razı olacağıq, amma qoymayacağıq ki, dövlətçiliyimizə, müstəqilliyimizə zərbə dəysin.

Vələdüzinasını ən səfalı yerlərə istirahətə göndərən, aşnasına bahalı maşın bağışlayan vampir məmur, oliqarx hələ də onu qanmaq istəmir ki, Allah eləməsin, prezident xarici siyasət məsələsində bircə dəfə büdrəsə, qapımız bağlanacaq. Azərbaycanın ümidi, arxası, köməyi göydə Allahdırsa, yerdə alın təri ilə kişi kimi çörək qazanan, imanında sabitqədəm, əməli saleh insanlardır, mənəvi aləmi hələ axıra qədər korlanmamış gənclikdir.

Ümumi narazlıq, nifrət, rüşvətin tüğyanı öz yerində, amma Azərbaycan gəncliyini YAP-ın ideoloqlarının ümidinə qoymaq bağışlanılmaz səhvdir.Bu "ideoloqlar" onları adam eləyib mərəkəyə çıxarmış, çörək yiyəsi etmiş Ulu öndər Heydər Əliyevin irsinə bir qara qəpiklik hörmət qoymurlarsa, daha nə deyəsən. Bu ittihamım üçün min sübut ortaya qoya bilərəm.

Birinci ricət

İslamın iftixarı Səlahəddin Əyyubini (hakimiyyət illəri 1169-1193-cü illər) kim tanımır? Qüdsü işğalçılardan azad edib Avropa cahangirlərinə yerlərini göstərən, qətlə yetirilmiş müsəlman körpələrinin, qadınların, qocaların qisasını alan bu misilsiz şəxsiyyət nəcibliyi ilə dostun da, düşmənin də dərin hörmət və ehtiramını qazanmışdı. Təkcə onu demək kifayətdir səlib dünyasının elə tarixçisi, elə salnaməçisi, elə dövlət xadimi yoxdur ki, Səlahəddinin adını ehtiramla çəkməsin.

Avropanın məğlubedilməz sayılan ordularına qarşı kişi kimi vuruşan Səlahəddin güclü dövlət də yarada bilmişdi. Yaxın Şərqin demək olar ki, bütün zəngin ticarət mərkəzləri onun nəzarəti altında idi. O 1193-cü ildə vəfat edəndə məlum olmuşdu ki, şəxsi xəzinəsində 47 gümüş pul var. Hikir verin, 47 xırda gümüş pul! Heç demə, Səlahəddin əlinə keçən fantastik sərvətləri, ləl-cəvahiratı, qızılı xalq üçün, islam qüvvələrinin qələbəsi üçün sərf edibmiş.

...İndi eşidəndə ki, filan "kərtənkələ" neçə milyonu qaytarıb, başqa birisi isə böyük bir məbləği ödəməyə başlayıb, adamı nifrət yox, ikrah hissi boğur. Belə çıxır ki, biz doğrudan da yırtıcıların, imansız qaniçənlərin əlində girinc-giriftarı olmuşuq.

Bəli, təzə yollar çəkilir, yeni binalar tikilir, hər yerdə abadlıq işləri görülür, bununla belə min manat maaş alan vəzifəli vampir qələbə şeypurlarının sədaları altında xalqın dərisini çıxarır, qiyməti neçə milyon olan villalar ucaldır, fahişəsini yağ-bal içində saxlamağa vaxt da tapır, xaricdə mal-mülk də alır.

Bəli, filan "kərtənkələ" neçə milyonu qaytarıb... Bilirsiniz xalq nə deyir? Deyir ki, bu quldur "dolyanı" vaxtında çatdırmadığı üçün zibilə düşüb, sərvaxt olsaydı başına oyun açmazdılar.

O günləri görürəm ki, on illər boyu Bakı metropolitenini "Kubinka"ya döndərib istədiyini yığmış Tağı Əhmədov muğam müsabiqəsinin keçdiyi sarayda yenə də rahatca oturub, ləzzət alır. Üzündə bu ifadə oxunur: "Allah vurmuşdu sizi, yığmışam əcəb eləmişəm,

"partayqenossemlərim" məni ayağa vermədilər, indi də Yasamal da "qauleyterəm", kimin hünəri var, mənə söz desin".

Əlbəttə, kimin hünəri var bu dəqiqə bir dələduzun, fırıldaqçının xalqın pulunu yeyən haramzadanın üzərinə getsin. Vay o gündən ki, bu haramzada sarayın ştatlı məddahı olsun, onda simsarsız, aldadılmış zavallıların müdafiəsinə qalxanın başına itin oyununu açırlar.

Hələlik bu mövzunu uzatmaq istəmirəm... Vaxt-vədə tamam olanda bu barədə ətraflı danışıb, bir saray məddahının maskasını cırıb ifşa edəcəyəm.

...Terrorun ölkəmizə adlaya biləcəyini deyənlər, diqqətlə ətraflarına baxsalar kifayətdir.

Respublikada ellik zəmanətlə bir-biriləri ilə bağlı olan böyük zümrə yaranıb. Cəzasızlıq sindromundan azğınlaşmış bu zümrənin mənsubları üçün müqəddəs heç nə qalmayıb. Elə buna görə də bunlar min İŞİD terrorçusundan daha təhlükəlidirlər. Hakimiyyət, güc strukturası, pul əllərində olsa da, amma, ekstremal vəziyyət yarananda heç nə edə bilməyəcəklər. Çünki ümman kimi kükrəyəcək kütlənin qarşısına çıxmağa adamı yoxdur. Nə alimində alimlik qalıb, nə məmurunda nüfuz deyilən şey. YAP-ın yuxarı eşalonunda təmsil olunanların istər özlərinin, istərsə də qohum-əqrəbalarının necə pul qazandıqlarını hamı bilir. Ən çox hansı sözləri eşidirik?

"Zalım oğlu rayonda camaata göz verib işıq vermir!",

"Qardaşı həyasızlığa salıb nə qədər örüş yerini zəbt edib. Xalq bilmir mal-qarasını hara çıxartsın!",

"Bədbaxt oğlunu ayaqları altına qoyub o ki var döydülər. Yazıq şikayət eləməyə yer də tapmır!",

"Çıxıb televizorda haqdan, ədalətdən danışır, amma neçə-neçə imarəti necə tikdirməsindən, bahalı maşınlarından bir kəlmə də deməz!",

"Azı yüz dəfə qəbuluna düşmək istədim, hər dəfə köməkçisi deyirdi ki, kişi "zanitdir", ya da "xaricdədir!",

"Əbləh seçkidən qabaq bizim kimi axmaqlara qızıl dağları vəd etdi, indi illərlə gözə də dəymir!" və i.a.

Bundan min qat beşbetər sözlər eşidirik.

Ayaq altında qalanları saymamaq, haqq söz deyənləri şərləyib zindana salmaq, rüşvətxor alçağa layiq olduğu sözü dediyinə görə oğul-uşağını da çörəksiz qoymaq və s. bu kimi "savab" əməlləri azmı görmüşük?

Bizə daha İŞİD terrorçusu lazım deyil! İŞİD terrorçusu uzağı ya bir maşın partladır, ya da beş-on nəfəri qətlə yetirir, məsələ də bununla bitir. Bizim binamus rüşvətxor isə minlərlə insanı mənən şikəst edir, ümidlərini qırır, onları dövlətin üzərinə qaldırır, sinfi düşmənçilik toxumları səpir, nəhayət onu çörək yiyəsi etmiş Prezidentin bütün zəhmətini yerə vurur.

Vətəndaşlarının inamı qırılmış məmləkəti gələcək fəlakətdən heç bir ordu, polis qoruya bilməyəcək!

Bəzən mənə irad tuturlar ki, təkrarçılığa yol verirəm. Rəhmətlik Sabirin təbirincə desək, əgər bu qədər dad-fəryad, yalvarış iqtidar mənsublarına əsər eləmirsə, mən binəva nə etməliyəm?

Milli istiqlaliyyətimiz, iqtidar üçün çəkdiyim zəhməti heç bir saray məddahı çəkməyib. Canımı dişimə tutub, iki dəfə qəbir yeri üçün cənab Prezidentə müraciət elədim, yazdım ki, qəbir yeri alımağa mənim 700 manat pulum yoxdur, heç olmasa yaşıma, çəkdiyim zəhmətlərə hörmət eləyin, yəni doğma vətənimdə insan kimi dəfn olunmağa da ixtiyarım yoxdur? Cavab verən də olmadı...

Soruşuram, bu iqtidarın nəyinə hörmət eləyim? Deyirlər, buradan gedib terrorçulara qoşulanların sayı-hesabı bilinmir. Görəsən, YAP-ın bir ideoloqu izah edə bilər ki, niyə bizim cavanlar vətəni qoyub, gedər-gəlməz yolu seçirlər?

Mühacirətə gedən qələm sahiblərini çox gözəl başa düşürəm. Bəs niyə, nə səbəbə cavanlar göz görə-görə özlərini yad yerdə od-alovun, ölümün ağzına atırlar?

Kim deyir ki, onlar pulun xatirinə bu yola düşürlər, ağ yalandır. Burada dini məsələ də yoxdur...(Ardı var)

 


Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

bütün xəbərlər