20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Bizim “Beşinci kalonna”
Tarix: 27-08-2017 16:00 | Bölmə: Firuz HƏŞİMOV
Bizim “Beşinci kalonna”

Ovunmaz fiziki, mənəvi əzablar içində qovrulan zaman, 1924-cü ildə fars şovinistləri tərəfindən qətlə yetirilmiş Mirzadə Eşqinin sözləri yadıma düşdü: “Başıma sovurmağa torpaq da tapa bilmirəm, Vətənimi də satıblar”.

31 yaşında şəhid olmuş bu nakam şairi Cənubi Azərbaycanda heç kim unutmayıb... Binəva Eşqi, sən başına sovurmağa torpaq tapa bilmirdin, mən də qəbir yeri.

O gün tanışlarımdan biri mənə dedi:

- Eşitdiyimə görə Prezidentə qəbir yeri üçün iki dəfə müraciət etmisən. Cavab verən də olmayıb, eləmi?

- Bəli.

- Heç vaxt cavab da almayacaqsan, yəni indiyə qədər hələ inanmırsan ki, bu hökumət sənin kimi sadə insanlara çoxdan tüpürüb. Nə vaxta qədər xabi-qəflətdə qalacaqsan?

- Elə mən də görürəm ki, bunlar heç nədən qorxub çəkinmirlər!

- Nədən çəkinməlidirlər? Eşitmədin ki, YAP-ın sərdarlarından biri Səyavuş ağa nə buyurdu? Hərə bir milyardı qoyur cibinə çəkilir qırağa. Bu dəqiqə Cinayət Məcəlləsinin bütün maddələrini hökumət üzvlərinin əksəriyyətinə tətbiq etmək olar.

İllər boyu məni iqtidarın sadiq yazarı sayıblar. Amma bununla belə heç vaxt məddah, lakey səviyyəsinə düşməmişəm. Yeri gələndə elə sözlər yazmışam ki, özləri üçün hər cürə cah-cəlalı quran riyakarların, Prezident taxtının ətrafında quyruq bulayan nökərlərin yeddi qatından keçib.
Məni üzən, əzaba salan 80 manat aldığım təqaüd deyil. Məni ola bilsin ki, tezliklə gora aparacaq dərd, vaxtilə qabaqcadan fikirləşdiyim fəlakətin artıq baş verməsidir.

Şərqə qənim kəsilmiş keşiş-mason dünyası azərbaycanlını bir insan, bir müsəlman, nəhayət bir vətəndaş kimi sıradan çıxarmaq üçün nəyin lazım olduğunu əla bilirdi.

Əvvəlcə cəmiyyətin müqavimət gücünü yoxlamaq üçün “sınaq şarları” buraxıldı. Yerli manqurtların köməyi ilə “Gözəllik”, “Göbək rəqsləri” müsabiqələri təşkil edildi. Dillənən olmadı. ...ANS kimi populyar kanal daha o heyvərəlik qalmadı ki, ekrana buraxmasın. Kanalın lotuları zinakarlıqlarını “İç xəbər” kimi psevodemokratik çərənləmələr, sifarişli “inqilabi açıqlamalar”la ört-basdır etməyə nail oldular. Bu kanalda proqram siyasəti elə ustalıqla aparılırdı ki, çoxu əsl mənəvi təxribatı heç sezmirdi. Zəhər millətin beyninə damcı-damcı sızdırılırdı.

Planeti idarə edən iblis nökərlərinə Azərbaycanda elə iqtidar, elə müxalifət lazım idi ki, bütün planlarını yerinə yetirməyə kömək etsin.
Dünən erməniləri təpədən-dırnağa qədər silahlandırmış Yeltsinin qarşısında sülənən, sonra, İslam dünyasının birinci düşməni Buşun portretini küçələrə çıxarıb “Amerika, kömək elə!” şüarını səsləndirən, masonların şimal lojasının Bakıdakı emissarı Steynar Gilin hüzurunda yerə qədər təzim edən bizim “müxalifət” milli düşmənlərimiz üçün tapıntı idi.

Pulgir nadanların ideoloji işi əllərinə almaları əsl fəlakətə gətirib çıxartdı. Vəzifəli “ideoloq” tanıyıram ki, dünya xəritəsində Fransanı, Çilini göstərə bilmir, klassik ədəbiyyatımızdan bir kitabı da əməlli-başlı oxuyub axıra çıxmayıb. İstəsələr neçə-neçə belə “savad yiyəsi” göstərə bilərəm.

...Bir ölkədə ki, şəhid məzarlarının metal bəzəkləri oğurlanır, kişilər sutenyorluğu ayıb bilmir, Dubay yoluna düşmək səadət sayılır, restoranlarda göbək rəqsi oynayanlar namuslu qızlardan tez ərə gedirlər, az qala hər tində massaj salonu adı altında rəsmi fahişəxanalar işləyirsə, deməli, ideoloji iş yoxdur.

Gözlərinizi yaxşı açıb ətrafınıza baxın, namusunu, qeyrətini qoruyanlara lağ edirlər, vaxtilə aləmə nur səpən mədəniyyəti elit fahişələr və “mavilər”in mütrüflüyü əvəz edib.

Mənə irad tutub deyə bilərlər ki, bəs sən, təmtəraqlı konsertləri, festivalları, daha nə bilim nə zəhrimarı görmürsən? Azərbaycanın hansı kasıbında pul var gedib Qəbələdə Fəttah kişi ilə bir yerdə oturub Motsartın musiqisindən, ya Alim Qasımovun ifasından ləzzət alsın?

Üç-dörd günün sözüdür, canını, sağlamlığını Qarabağda qoymuş bir zavallı balaca daxmada iki uşağı ilə pulsuz-parasız, işsiz qalmasından şikayət edirdi. Qəzet ürəkağrıdan şəkil də vermişdi, iki uşağın təhsil almaq imkanı da yoxdur. Bəzi vələdüzina məmurların nəvəsi iki yüz minlik maşında kefə baxır, neçə-neçə ev yıxır, burada isə namus, vətən yolunda mübarizədə hər şeyini itirmiş bədbəxt balalarını nəinki oxutdura bilmir, hətta çörək də tapmır. Məmləkətdə belə fələkzadəklərin sayı çoxdur.

Heç kimi, heç nəyi qaralamıram, sadəcə olaraq baş verən cinayətləri izləyin, manyakların ağlına gəlməyən əməlləri görəndə qeyri-ixtiyari öz-özünə sual verirsən, milləti mənən belə sındıranlar kimlərdir, axı biz belə olmamışıq. Bir qəliz məsələ üzə çıxanda başlayırıq “Beşinci kalonna”dan danışmağa, guya o olmasa bizdə qurd quzu ilə otlayar.

Əvvəla, onu deyim ki, bu şoqərib “Beşinci-kalonna” sözü general Frankonun dili ilə tarixə düşüb. 1938-ci ildə Franko qiyamçıları ilə Madridə hücum edəndə tabeliyində dörd hərbi hissə olub. Qərargahda müşavirə zamanı o, xəritədə karandaşla “Beşinci kalonna” sözünü yazır, təəccüblə ona baxan zabitlərə Franko qayıdır ki, mənim beşinci kalonnam, yəni sizin bilmədiyiniz hərbi hissə Madridin özündədir. Mən onun köməyi ilə hakimiyyəti alacağam, biz qələbə çalacağıq. Elə də oldu...

Bizim dost-doğma “Beşinci kolonna”mız isə göz qabağındadır. Sayıram, düyməbasan, bicbalaları maşın kolleksiyası saxlayan, villalar ucaldan “təyin olunmuş” deputatlar, məddahlar, iqtidar mətbuatını göz qabağında iflic etmiş pulgirlər, rusların təbirincə desək, “roja” və “morda”ları telekanallardan düşməyən, xalqın zəhləsini tökən müxtəlif kalibrli “...loqlar” və alimnümalar.

Prezidentin rayonlara səfərlərini televizorda həmişə diqqətlə izləyirəm. Maşallah, göz dəyməsin, rayon mərkəzləri, təzə yollar, abadlıq göz oxşayır, bəzi yerlər lap nağıllar aləmidir. Bəli, Prezident hansısa müəssisəyə yaxınlaşır, baxırsan ətrafda bir ins-cins yoxdur, on beş-iyirmi nəfər düz xətt boyu düzülüb. Rayonun ağası üzündə təbəəlik ifadəsilə Prezidenti müşayət edir. Nəhayət, Prezident farağat komandası ilə amədə duranlara bir-iki addım yaxınlaşır və beş-on kəlmə söz deyir. Sonra, qabaqcadan hazırlanmış, çıxışı dəfələrlə yoxlanmış biri üzünü Prezidentə tutur başlayır ağzından “ləl-cəvahirat” tökməyə. Birgə şəkil çəkdirirlər...

Yenə də deyirəm, hara baxırsan bir ins-cins gözə dəymir. Hər dəfə özüm-özümə sual vermişəm, görəsən, Prezident niyə bir dəfə də olsun camaatın qeyb olma sirrini öyrənmir?

Ölmədik bu günü də gördük, bu dağılmışda artıq körpə uşaqlar da cinsi zorakılığa məruz qalır!.. Heç kimin tükü də tərpənmir, nə hiddətini bildirən var, nə də mənhus canilərin üzərində Linç məhkəməsi quran kişilər - Millət sınıb, bunu niyə etiraf etmirik?

Çarın komendant üsul-idarəsi, ÇEKA-nın terroru, Əliheydər Qarayevlərin, Yemelyanovların, Kirovların zülmü, komsomolun ipə-sapa yatmayan əxlaqsızlığı, İkinci Dünya savaşının aclığı, üç yüz min azərbaycanlının qurban getməsi, pambıq tarlalarına səpələnən min tonlarla zəhər bu xalqı sındırmadı. Mənim cəfakeş xalqım məhz müstəqillik qazanandan sonra xəcil oldu, həmişə dik olan başı köksünə düşdü.

O mənəvi dəyər qalmadı ki, hərraca qoyulmasın. Bir daha sübut olundu ki, hürriyyət bizim xörəyimiz deyil. Dəfələrlə yazdım, dünya xəritəsində zərrəbinlə güc-bəla ilə görünən kiçik bir dövlətdə bu qədər də missioner, dini icma fəaliyyət göstərər? Rafiq Əliyev kimi birinin illər ərzində törətdiklərini QMİ nə qədər hıqqanırsa aradan götürə bilmir. Açığını desək, gücü də çatmır, çünki, nə nüfuzu var, nə də xalq içində hörməti.
Ölkənin ali ordenləri kimə gəldi əta olunub, mən hələ fəxri adların urvatdan salınmasını demirəm. Milləti kövşəyən heyvan yerinə qoyanlar məgər qanmırlar ki, geci-tezi var, bu qəbahətlər onların da olmasa, törəmələrinin başlarında çatlayacaq?

Əlillər, heydən düşmüş qocalar demək olar ki, bütün nemətlərdən mərhumdurlar, mənim gülməşəkər hökumətim isə xaçpərəst dünyasının nə qədər avarası var hamısını Azərbaycana gətirir, guya bununla bizi hörmətə mindirir, gəlin, yeyin, için, heyvani nəfsinizi söndürün...
Millət niyə də sınmasın? Onu görürsən ki, haray–həşir qalxır, bəs filan əbləh milyonları yeyib, qoymayın aradan çıxsın. Sonra yuxarıdan əmr gəlir və elə bil qurbağa gölünə daş atırlar. Özünü ziyalı sayan tüfeyli sürüsü də susur. Nizami Cəfərov axmaqdır ki, durub qırmızı lampaslı şalvar geymiş ziyanəvərlərin üstünə getsin?

Sinəsinə “İstiqlal” ordeni taxıb aradan çıxan Abbasov kimi, metronun altını üstünə çevirmiş Tağı Əhmədov da planlı surətdə unutdurulur. Bir azdan ondan danışan da olmayacaq.

Görün mənəvi cəhətdən necə cılızlaşmışıq ki, hərbi-vətənpərvərlik mövzusunda mahnı bəstələmək, şeir yazmaq üçün müsabiqə elan edib, mükafat söz veririk.

Neçə-neçə belə heyvərə müsabiqəni izləmişəm, mahnıların mətnləri zibil, musiqi də plagiat. Özünü peşəkar bəstəkar hesab edən subyekt bir az Səid Rüstəmovdan, beş-altı “qaşıq” Cahangir Cahangirovdan, üç-dörd “çömçə” Ələkbər Tağıyevdən, bir az da türk estradasının tör-töküntülərindən götürüb bir musiqi həftəbecəri düzəldib atır ortaya. Elə buna görə də belə “mahnılar” birinci ifadan sonra unudulur.

Elə bu günlərdə eşidirəm ki, bizim həşəmətli Anar ağanın departamenti də müsabiqə elan edib. Yəni kim Vətən, filan barədə yaxşı şeirdən zaddan yazsa, gəlsin muzdunu aparsın.

Ay mənim bədbəxt Vətənim, gör sinən üzərində böyüyüb ərsəyə çatmış bu tüfeyli sürüsü sənə necə münasibət bəsləyir. Zavallı Almas İldırımın Azərbaycanın şəninə yazdığı şeirin tək bir misrasını başda Anar olmaqla bütün Yazıçılar Birliyinə dəyişmərəm. Dəfələrlə demişəm, indi də qorxmadan təkrar edirəm, bu dövləti xarici düşmən yox, şərəf əzabının nə olduğunu qanmayan pulgirlər, məddahlar yıxacaq.

Beş minə qədər qız-gəlin əsir-yesir edilib aparıldı, bizim bir məmurun, düyməbasan deputatın ovqatı təlx olmadı, indi ölkənin daxilində körpələr təcavüzə məruz qalanda bunların birinin də tükü tərpənər? Heç birinin də səsi eşidilmir.

...Elə bu əsnada eşidirəm ki, iqtidarın əziz-giram “dejurnıy demokratı” Fazil ağa Mustafa, gündəmdə qalmaq xatirinə bütün təkiyə, təziyyə və digər savab əməllərdə cani-dildən iştirak edən Qənirə xanım Milli Məclisin növbəti iclaslarının birində “narahatlıqlarını bildirib”, ola bilsin ki (??) lap rəcəz bəhrində atəşin nitqlər irad etsinlər. Yüz faiz əminəm ki, bu məsələni də süründürməçiliyə salacaqlar.

Rəhmətlik Şamil Şimali Qafqazın, Dağıstanın 34 dildə danışan teyplərini, qəbilələrini birləşdirib nə az, nə çox, düz 25 il dünyanın ən güclü imperiyasına qarşı kişi kimi vuruşa bildi. Bizim pulgir haramzadalarsa qədim bir milləti yetmiş iki tirə edib, onu keşiş-mason cahangirlərinin ayaqları altına atdılar. Nə qədər istəsəniz xaricdə təhsil alan, ad-san yiyəsi olan gənclərimiz, məmləkətdə saya gəlməz “fəlsəfə doktoru” , “xalq”, “əməkdar” titulları alanımız var, di gəl bir ziyalımız yoxdur, ... bundan sonra da olmayacaq.

Nəsillər arasında mənəvi estafeti qıranlar göz qabağındadır. Prezidenti adi insanlardan təcrid etməyə çalışan ünsürlər hakimiyyətdə mühüm postları qamarlayıblar. Mətbuat da bunların əllərindədir, efir də, estrada da. Bir ölkədə ki, 350-400 şikayət ərizəsinə baxılmır, orada təcavüzə məruz qalmış körpələrin, isməti tapdanmış qız-gəlinin dadına çatacaqlar?

Bəzi bədxahlarım başlayacaqlar ki, bu qoca, milləti barrikadalara, kütləvi itaətsizliyə çağırır. Bu dəqiqə hamı bir tikə çörəyin dərdini çəkir, barrikada, çıxış, küçə yürüşü heç kimin yadına düşmür... Və birdə ki, biz veteranlar ümumi xaosun qarşısını almaq üçün canımızdan keçəcəyik, çünki dünyanın indiki durumunda daxili qarşıdurmanın vətənimiz üçün necə böyük təhlükə olduğunu gözəl bilirik. Azərbaycan dövləti üçün ən böyük təhlükə hakimiyyətin yuxarı eşalonlarında oturmuş nuvorişlərdir. Belə olan yerdə mənim “inqilabi” çıxışlarıma ehtiyac yoxdur.

P.S. Elmira Axundova, bu ay da mənim dilənçi təqaüdümdən sizin cah-cəlallı villalarınızın, ya da bər-bəzəkli evlərinizin birinə yüz manat göndərəcəklər. Amma, bütün varlığımla əminəm ki, yüz mədhiyyə kitabı ştamplayıb buraxsan da məndən zorla aldığınız puldan xeyir görə bilməzsiniz.

Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

bütün xəbərlər