20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Meydan faciəsi
Tarix: 11-06-2017 15:04 | Bölmə: Firuz HƏŞİMOV


Mirzə Cəlilin 1906-cı ildə qələmə aldığı felyetona bənzətmə

1989-cu ilin payızında tribunada təsvirəgəlməz əda ilə səf çəkib duran "pambuq bəylərini” görəndə dedim:

- Qarabağ getdi!

Sonra aləmlər mayallaq aşdı, dünyalar bir-birinə dəydi, qan su yerinə axdı, düşmən gül kimi torpaqlarımızı işğal etdi, irz-namus tapdandı, .... biz isə ədamızdan qalmadıq.

Məndən başqa beş-on bədbəxt fəryad qopardıq ki, a kişilər, sərvaxt olun, Qarabağ gedir, kreslo davasının vaxtı deyil. Kimə deyirsən?

Şumerdən, Atilladan, ölənə qədər yuyunmağın nə olduğunu bilməyən tunqus tayqasının it iyi verən şamanlarından gəvəzələyən biveclərin felinə uyanlar gözlərini bərəldib soruşdular:

- O boyda Qarabağ hara gedər?

Cavab verdim, Zəngəzurun, Göyçənin, İrəvanın yanına....

Qarabağ da heç demə bir məşğuliyyət imiş, yığışırdıq, sadəlövh camaatı hərifləyib pul yığırdıq, şairləri tribunaya çıxarırdıq, nərə çəkirdik...

Bəli, həftələr, aylar ötdü, kim bacardı var-dövlət yığdı, kimisi məqam gözləyib Heydər Əliyevə qulluq göstərib irəli getmək, sərvət qazanmaq imkanı əldə etdi, bəziləri Mübariz Qurbanlı kimi dörd ildə beş bayrağa beyət edərək ağ günə çıxdılar.

Peşəkar fitnəkarlara uymuş, hürriyyət nəsimindən başını itirmiş xalq bir də ayılıb gördü ki, dünənki kommunist qvardiyası özünün qüdrətli sərdarı ilə onun belinə palan qoyub minib. Qarabağ da getdi fələkin qəminə... üz tutdum xətiri mənim üçün əziz olan tələbə dostum Mənsur Əlisoya, dedim, bu şoqərib hərəkatın təməl daşını qoyanlardan birisən. Sən ilk yürüşlər başlayanda Sabir bağında çıxış edib, kommunist partiyasını yıxıb sürüyəndə, Lenini gorbagor edəndə, Əbülfəz Əliyev Qorbaçovun yenidənqurma proqramını tərifləyirdi (heç kimin acığı-zadı tutmasın, bu faktı heç kim təkzib edəbilməz), indi camaat özünə nə əncam çəksin?

Mənsur müəllim cavab verdi ki, millət gərək indi yatsın.

Soruşdum, ay qardaş, qorxmursan ki, abırını ətəyinə bükərlər, bu nə sözdür danışrsan?

Müsahibim inadkarlıqla bir də təkrar etdi: "Camaat gərək indi yatsın!” (Çox çəkməyəcək ki, Mənsur müəllim aldığı güllə yaralarının fəsadından dəhşətli əzablar içində dünyasını dəyişəcək).

Bu dəfə elminə, dərrakəsinə hörmət etdiyim, dost-tanış içində zəhər tuluğu kimi ad qazanmış köhnə rəfiqimə müraciət etdim. O da gül ağzını açdı, nə açdı:

- Biri var idi, biri yox idi... Zavallı bir məmləkət vardı. Və bu məmləkətdə nəğdi qoyub, nisyə dalınca qaçan, hər lotu-potuya bel bağlayan, axmaq-axmaq nağıllara inanan, yadellinin aftafasını gəzdirməyi özünə şərəf bilib, öz doğmasının başını üzən, dinini, imanını gəda keyfinə qurban verən, söz güləşdirmək və alverdən başqa əlindən heç nə gəlməyən bir sürü sahibsiz ikiayaqlı məxluq vardı... Bir gün xəbər çıxdı ki, hər qövmə hürriyyət halvası paylanacaq... Camaat çırtıq çalıb oynamaq istəyirdi ki, qoca bir pəhləvan zühur edib buyurdu ki, əvvəla, azərbaycanlılara bu halva düşmür, çünki naməhrəmdirlər və birdə ki, onun bişirlməsi, paylanması üçün lazım olan qazan, kəfgirlər abgərdənlər, çömçələr mənim sadiq nökər-naiblərimin ixtiyarında olacaq. Mən özüm bilirəm kimə nə verəcəyəm, səhabələrimə dünyanın nazı nemətini, avam rəiyyətə də üç barmağın kombinasiyasını..., yəni boğmanı!

Dözmədim, rəfiqimin sözünü yarımçıq qoydum:

- Sənin ağzından qan iyi gəlir, get sən Allah, bizi xataya salma...

Məcbur olub özünü elm dəryasının əmirəl-bəhri sayan məşhur bir türkoloqa sual verdim:

- Qarabağ getdi, bəs indi nə etmək lazımdır?

Bu zat doğrudan da böyük alim idi. Lap bu yaxınlarda sübut etmişdi ki, Homer, Pifaqor, Fransa kralı IV Henrix, Viktor Hüqo bizim Mustafa xanla qohum olublar. Yaponlar, Amazon cəngəlliklərinin sakinləri soyadlarını unutmuş türklərdir...

Məxləs, bu kişi çox böyük kəşflərin sahibi idi. Bu dəfə də ağzından ləl-cavahirat səpdi:

- Nə olsun ki, Qarabağ gedib? Qayıdarıq Orxonun sahillərinə, Altay yamaclarına, alaçıqlar qurarıq, kumis içərik, sonra ya Firudin Cəlilovu, ya da hərşeyşünas Fazil Mustafanı ağ keçənin üzərinə qaldırıb xaqan elan edərik, köhlənlərimizin başını günbatana döndərərik...

Bizi qədim Şumer gözləyir, şalvarı biz icad etmişik, dürməyin qabağında bifşteks nə qələt eləyir?..

Güc-bəla ilə onu sakit edib soruşdum:

- Bunları bilirdik, lap əla! Qarabağ gedib, bəs indi nə eləmək lazımdır?

Türkoloq yenə cəzb oldu:

- İngilis nə bilər, yarpız, alaçıq, motal pendiri nədir. Məgər ağızlarının dadını bilirlər? Sazın qabağında Bethoven, Motsart nədir ki? Keçmişimizə qayıtmalıyıq... Alp Ərtonqa, göy türklər, uyqurlar... Yaşasın Atilla, Boz qurd!

Namərdlər qoymadılar, yoxsa İskəndər Həmidov özünün "Boz qurd"ları ilə Ermənistanın içində beş-on reyd keçirib düşməni xarı-zəlil edəcəkdi...

Bəli, bu ipləmədən də bir şey hasil olmadı. Artıq yalı ağarmış tanış qələm sahibini sorğu-suala tutdum. Bu da onun cavabı:

- Vallah, elə şeirlər yazmışam, elə şeirlər yazmışam... Qarabağ? Havalansın Xanın səsi... Qaradolaq qoyunun ətindən badımcan dolması ələ düşməz... Sovet hakimiyyəti dövründə İsa bulağı və digər axarlı-baxarlı yerlərdə Moskvadan gəlmiş ağalarla kefə baxmış bizim korifeylərin indi firavan yaşayan vəzifəli törəmələrinin qarşısında kəmərbəstə qulam kimi durmağım xeyrimə oldu. Allaha şükür, yaxşı təqaüd alıram, oğul-uşaq da dolanır... Dəli-zad deyiləm ki, siyasətə qarışım... Qarabağı soruşursan? Dedim ki, siyasətə qarışmıram...

...Bəli, bu da belə getdi. Əziz qarelərim, indi keçirəm əsl mətləbə. Yaxşı bilirəm, indi deyəcəyim sözlər mənə baha başa gələcək.

...1945-ci ildə qaliblər Almaniyanı param-parça edib diz üstə çökdürə bildilər. Fransa, Çexiya, Polşa anqlo-saks dünyasının və SSRİ-nin razılığı ilə istədikləri qədər ərazi zəbt etdilər. Rusiya qədim Şərqi Prusiyanı və Könsberqi ələ keçirtdi. Almanların dədə-baba malı olan Könsberqə Kalininqrad adı qoyuldu. Alman milləti bütün tarixi boyu belə dəhşətli məğlubiyyətə, həqarətə məruz qalmamışdı. 1939-cu ildə bir o qədər də yaxşı silahlanmamış almanların qarşısında ikicə həftə duruş gətirə bilməyən polyaklar, 1945-ci ilin yazında sovet komandanlığına arxalanaraq, sovet ordusunun köməyilə Almaniyanın altını üstünə çevirdilər.

Almaniyanın yüzlərlə yaşayış məskəni, səfalı münbit torpaqları zəbt edildi, tarixi adları belə dəyişdirildi.

Hal-hazırda hegomon dövlət sayılsa da bir qarış torpağını geri ala bilmir. Heç BMT səviyyəsində də bu barədə söhbət getmir...

Fikirləşirsən, axı bunların hamısı hər cəhətdən inkişaf etmiş xristian dövlətləridir, niyə bir-birlərinə güzəştə gedib işğal olunmuş torpaqları geri qaytarmırlar, müharibədən 75 il keçib axı.

Sadəcə olaraq na görə ki, müştərək mədəniyyət, demokratiya, insan hüquqları barədə söz-söhbət öz yerində, amma neçə qərinə də ötsə alman fransızla, anqlo-saksla, polyak həm rusla, həm də almanla heç bir vaxt səmimi münasibət qurmayacaq. O, şakər bizdədir, səhər üzümüzə tüpürürlər, günorta yadımızdan çıxır.

Bizim danabaş ideoloqlar etiraf etmək istəmirlər ki, heç bir lüzum olmadan ABŞ, İngiltərə aviasiyası müharibənin qurtara qurtarında Drezden kimi gözəl şəhəri dağıdıb yandıranda, həlak olmuş dinc əhalinin, qocaların, uşaqların, yaralıların ümumi sayı Xirosima qurbanlarından qat-qat artıq idi. Mən hələ işğal zonasında müttəfiqlərin törətdikləri müdhiş tarac və talandan danışmıram.

Sovet üsul-idarəsinə güvənən polyakların Şərqi Almaniyada törətdiklərini, tükürpədici əməllərini təsvir etməkdə qələm acizdir.

Bilməsəm danışmaram, hal-hazırda alman valideyn də, polyak da öz övladını düşmən saydığı qövmlərə qarşı nifrət ruhunda tərbiyə edir və heç kim də bunu qəbahət saymır.

Unutmaq lazım deyil ki, sionizm anqlo-saks alyansı vaxtilə çox böyük məharətlə Stalin və Hitleri toqquşdura bildi. Məmləkətlər viran oldu, ümmanlar qədər qan töküldü...

Hamıdan çox canlı qüvvə, sərvət itirən, min müşkülə düçar olan SSRİ qələbə çaldısa, amma elə zəlil günə düşdü ki, indiyə qədər özünə gələ bilmir.

İkinci dünya müharibəsindən qazanan isə ABŞ və beynəlxalq sionizm oldu.

75 ildir Rusiya Şərqi Prusiyanı, qədim alman şəhəri Konsberqi işğal edib ona Kalinqrad adını da qoyub, heç qaytarmaq fikrində də deyil. İndi özünüz fikirləşin, beynəlxalq aləmdə nüfuzu, hörməti, sənayesi, maliyyə imkanları ilə çox dövlətdən yüksəkdə duran Almaniyanı hesaba almayan Rusiya tarixi boyu ona lakeylik etmiş erməniləri ayağımıza verəcək? Qarabağ ermənilərin yox, rusların arzusu idi. Özü də onların arzularının çin olması üçün əlimizdən gələni elədik. Erməni İrəvanda rusu adam yerinə qoymurdu, erməni dilində danışmağı öyrənmiş rus mütəxəssisi, məmuru gözümçıxdıya salıb köçüb getməyə məcbur edirdi.

Bizdə isə ən gözəl mənzilləri şəhərin ortasında ruslara, ermənilərə verib onların nazı ilə oynayırdıq, imkanlı "həşərat”ımız ruslaşması ilə qürrələnirdi, hər hansı bir böyük idarədə əndamlı, ənlikli, kirşanlı rus, ya erməni "matışka”sının sözü qanun kimi qəbul olunurdu, ölkə vəhşicəsinə talan edilirdi, sonra gurultulu alqışlar altında bizə bir bayraq verilirdi... Amma, camaat toy üçün üç-dörd kilo yaxşı konfet almaq üçün İrəvana üz tuturdu və orada erməni satıcılardan elə kinayəli sözlər eşidirdi ki, hərəsini bir batman balla da yemək mümkün deyildi.

Vacib ricət

"Mədəni” Avropanın xalqları bəzən bir-birilərinə buynuz çıxarsalar da, bir-biriləri üçün təhqiramiz epitetlər işlətsələr də, tarixi filmlərdə bir-birilərinə nə qədər çirkab atsalar da türk-islam dünyasının üzərinə getmək lazım gələndə beynəlxalq sionizmlə əl-ələ verib vahid cəbhə halında çıxış edirlər.(Ardı var)



Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

bütün xəbərlər