20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Qarabağdan Xəzərəcən
Tarix: 17-07-2017 13:50 | Bölmə: Firuz HƏŞİMOV


Bəzən məndən soruşurlar, ağsaqqal, dünya görmüş adamsınız, fikrinizcə biz hara gedirik?

Cavab verirəm ki, heç yana gedib, eləmirik, artıq çatmışıq, buradan o tərəfə yol yoxdur, vəssəlam!

Bəziləri gözlərini bərəldir, bəziləri cavabımdan duruxur, bilmirlər nə desinlər, bəziləri də köks ötürüb susurlar.

İndi yazacaqlarımı heç kim mərsiyəxanlıq kimi qəbul eləməsin. Etnopsixologiyamızı, tariximizi, adət-ənənələrimizi min qondarma "türkoloqdan” yaxşı bilirəm.

Azərbaycanlı nə idi, soydaşına eşşək, at əti satmaq nə idi, azərbaycanlı nə idi, ağvalideyn olmaq nə idi, azərbaycanlı nə idi, sutenyorluq nə idi.

Nankor, şərəfsiz övladları tərəfindən xəcil edilmiş bizim millətdəki nəcib xüsusiyyətlər, misilsiz ailə qanunları nə farsın, nə ərəbin, nə osmanlı türkünün yuxusuna da girməyib. Bu milləti paskeviçlər, sisianovlar, yermolovlar, martınovlar, şovinist rus komendantları sındıra bilmədilər. Bizim ayran vətənpərvərləri repressiyalardan danışanda 1937-1938-ci illərin çərçivəsindən kənara çıxmırlar, Xruşşov-Mikoyan bandasının göstərişlərini hələ də can-başla yerinə yetirirlər. İzah çox asandır, Azərbaycanın üzdə olan ziyalılarının əksəriyyəti komsomolçu ata-babalarının cinayətlərinin açılmasında maraqlı deyil.

O zülm-sitəmi ki, 1934-cü ilə kimi bizim komsomolçu fəallar xalqın başına gətirmişdilər, bu əməlləri heç gestapoçular siyasi rəqiblərinə rəva görməmişdilər. Səməd Vurğunun komsomol başıpozuqlarını mədh edən poeması, illər keçəndən sonra həmin mövzunun əsasında çəkilmiş plagiat film, babalarını təmizə çıxarmaq istəyənlərin ürəyindən idi.(Mən cürətlə "plagiat” sözünü ona görə işlədirəm ki, biz yaponların çəkdikləri "Yeddi Samuray” filmini, Hollivudun məhsulu "Yeddi şücaətli igid”i görmüşdük).

Amma, millət əyilmədi, sınmadı... Sonra dünya müharibəsi, yüz minlərlə oğul qurban getdi, dəhşətli aclıq, mərhumiyyət... Millət duruş gətirdi...

Dünən raykomun adi təlimatçısının qarşısında zağ-zağ əsən, bir balaca tikə hürriyyət halvası yeyən kimi şirə-nərə döndü. Hamı düşündü ki, meydana çıxıb "Filankəsə ar olsun!”, "Qarabağ bizimdir!” nərəsini çəkəndən sonra, Moskva da, İrəvan da dualıq olacaq.

On dörd qəpiklik "Avropa”

Gözəl siqaret idi, tüstüsü indikilər kimi üfunət saçmırdı. Çünki onu tər-təmiz təbii tütündən düzəldirdilər. On beş qəpik verəndə qutunun üzərinə kibrit də qoyurdular. Vay o gündən ki, alıcı on beş qəpik verib siqaret istəyəndə ona kibrit verməyəydilər... veteran, adi təqaüdçü gen dünyanı dükan sahibinin başına dar edərdi. Axşam qəzeti "Bakı”da, ya "Vışka”da kiçik bir məktubun dərc olunması bəs idi ki, aləm bir-birinə dəysin.

Deyəcəyim sözlərə kim necə istəyir, elə də qiymət versin, mənim xalqımın belini qıran hürriyyət, müstəqillik oldu. Baş verən tükürpədici fəlakət və məğlubiyyətlər sübut etdi ki, biz müstəqilliyin qədr-qiymətini bilmirik.

Başqa xalqlar istiqlaliyyət uğrunda savaşa qalxanda möcüzələr yaradar, ərazilər, torpaqlar fəth edər, qoymaz ki, düşmən onun fədakar oğullarını ləkələyib hörmətdən salsın. Biz bədbaxtlar isə həm məmləkətin yarısını itirdik, həm də qeyrətli kişilərin bir-bir aradan götürülməsinə məhəl qoymadıq. Qanıb başa düşmədik ki, sovet ordusunda on minlərlə polkovnik, general olduğu halda, niyəMoskva bizim fəxrimiz Ziya Bünyadovun rus qadınından olan oğlu polkovnik Valeriy Bünyadovu haradansa tapıb Bakıya komendant təyin etmişdi. Uşaq kimi sadəlövh, ipə-sapa yatmayan, odlu-alovlu çıxışları ilə yüz minlərlə insanı yerindən tərpədən Xəlil Rza Ulutürkü nə qədər istədilər ləkələsinlər, alınmadı, axırda bir iynə ilə məhv etdilər. Şəmsi Rəhimov, Afiyəddin Cəlilov, Səlim Həqqi, Cahid Hilaloğlu... Bu siyahını uzatmaq olar...

Bir yandan cah-cəlallı bölgələr, münbit torpaqlar əldən gedirdi, bir tərəfdən insanlar bilatəşbeh milçək kimi qırılırdı, bir yandan da nüfuzlu şəxsiyyətlər əsl terrorun qurbanı olurdular, nə əsl günahkarlar tapılırdı, nə də qatillər.

Xalq sındı! Moskva təxribatçılarının, erməni cəlladlarının on illər boyu çalışıb edə bilmədiklərini bizim öz içimizdəki satqın şərəfsizlər reallaşdırdılar. Bu kiçik, amma təhlükəsizliyi tam təmin edilmiş, maddi cəhətdən korluq çəkməyən, ustalıqla idarə olunan bir qrupdur. Məhz bu qrupun əlilə ziyalılar içində pərxaşlıq, qarşılıqlı inamsızlıq salındı, indiyəqədər onsuz da kölgəsindən hürkənlər birdəfəlik susdular. Bir az keçdi, dünən Heydər Əliyevə od püskürənlər indi onun oğlunun qarşısında sandıq tulası kimi quyruq bulayırlar. Hər şeyləri var, ev, malikanə, pul... Bu əbləhlər elə bilirlər ki, xalq doğrudan da avamdır və o heç nəyi görmür.

Bəziləri elə düşünə bilər ki, kimdənsə, nədənsə çəkinib bu mənhus qrupun üzvlərinin adlarını çəkmirəm.

Çəkərəm də, yazaram da, qəzetçi Rza bəyin təbirincə desəm, "Rüstəm bəyin lap atasını da yandıraram!”, amma bilirəm ki, başı qeylü-qaldan ayılmayan hörmətli redaktorun gününü qara əskiyə bükəcəklər. Məni isə ancaq ölüm susdura bilər, hələlik toxunmurlar, bilirlər ki, ağır xəstəyəm.

180 manat təqaüdüm nəinki dava-dərmana, heç insan kimi yaşamağa da çatmır. Barəmdə verilmiş əmrin məzmunu təxminən mənə bəllidir: "Hələlik toxunmayın, onsuz da getməyinə az qalıb... Bir azdan oğul-uşaq yanında çəkdiyi xəcalət əzabından, dərddən öləcək!”

Ölüm haqdır, amma mənim kimi adamlar nisgillə, əzabla ölür, yurdundan nigaranlıqla ayrılır.

...Neçə vaxtdır zəndi-zəhləm getdiyi bir qəzetdə dalbadal nəşr edilən maraqlı "reportajları” oxuyuram. Söhbət lampaslı şalvar geymiş, sinələri orden-medalla dolu unikumlardan gedir. Biri kiməsə 150 min manat, o birisi başqasına milyon dollar, digəri isə200 min manatı lampaslı quldura verməsindən danışır. Mən hələ hədə-qorxu yolu ilə alınan, ona-buna verilən əmlakdan, zəbt olunan obyektlərdən danışmıram. Bu xarabada xalq sınmasın, bəs neyləsin?

Dəhşətlisi budur ki, iri miqyaslı tarac, talan, rüşvətxorluq on illər boyu baş alıb gedirmiş və heç kim də qorxudan dillənmirmiş.

Ölkədə "Vətən müharibəsi” modeli tətbiq olunsaydı, yuxarı eşalonda əməli saleh adamlar otursaydılar, zabit şərəfini çirkaba batırmış vələdüzinalar rəyasətə dırmaşıb bütün üsul-idarəni rüsvay etməzdilər.

Amma, arxayındırlar, bilirlər ki, onları heç kim dar ağacının altına göndərməyəcək, həbs edilsələr də çox oturmayacaqlar.

Yığdıqlarını yığıblar, nəvə nəticələri də təmin olunub, həbsxanada otursalar da vaxtlarını xoş keçirəcəklər.

Yadınıza salın, "gözəllik” müsabiqəsinin qaliblərini Qobustan həbsxanasına "avtoritet” üçün peşkeş aparmamışdılar? Beləölkədə nə desəniz baş verə bilər, lampaslı şalvar geymiş vələdüzina üçün həbsxanaya Çindən aşpaz, Misirdən isə göbək oynadan rəqqasələr gətirsələr mən təəccüb etmərəm. Belə bir mühitdə YAP-ın ideoloqları Quranın səhifəsindən köynək geysələr də xalq onlara heç çönüb baxmayacaq, necəki baxmır da.

Tülkü həccə gedir

Bir müddət əvvəl eşitdim ki, ABŞ-ın Bakıdakı səfiri iftar süfrəsi sahmanlayıb. Əlbəttə ki, məclisdə məmləkətin əyan-əşrəfindən savayı başqa ölkələrin diplomatları da iştirak ediblər.

ABŞ-ın səfiri Robert Sekuta bəlağətini nümayan edərək Ramazan ayının fəzilətindən və digər savab əməllərdən xubca danışıb. Mən binəvanı bir incə mətləb naraqlandırır, görəsən orada cəm olmuş "müsəlmanlar” səfir ağanın rövzəxanlığından riqqətə gəlib mərsiyədən zaddan oxuyublarmı?

Görəsən səfir ağa protestantdır, yoxsa katolik?

Bir neçə il bundan əqdəm Rino Harniş adlı bir səfir vardı, özü də tər-təmiz katolik, onu görürdün ki, kişi kamalı-ədəblə kilsədə oturub şövqlə psalomları oxuyur və boş vaxtında ayıb olmasın, hara gəldi burnunu soxurdu. Bizim dövlət ərkanından kimin hünəri vardı ona söz deyəydi?

Əlqərəz, ABŞ-ın səfiri məclis əhlinin qarşısında nitq irad edərkən vurğulayıb ki "Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşa bilən zəngin multikultiralizm və tolerantlıq tarixi var. Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəyidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir”.

Səfir ağa düz buyurur, bizim tolerantlığımızın, yəni arsızlığımızın tarixi var. Külli-aləm bilir ki, biz əsrlər, qərinələr boyu bütün qonşularla "səni sevəcəyəm, sən sevməsən də”,- prinsipi ilə yaşamışıq. Və birdə ki, dünyanın hansı dövlətində görünüb ki, ölkənin yarısı düşmən əlində olsun, az qala gündə qan tökülsün, amma neçə yüz dini icma, missioner əlindən gələni beş qaba çəksin.

Məclisdə oturan "bizim” zatlardan birində qeyrət tapılmayıb soruşsun, İkinci dünya müharibəsi zamanı ABŞ-da yaşayan bütün yaponları, böyüklü-kiçikli konslagerə dolduran sizin hökumət deyildi?

Bağdadın məscidlərində basketbol oynayıb dindarları təhqir edib alçaldan ABŞ-ın əsgərləri deyildi? O işgəncələri ki, əsir ərəblərə verirdilər heç manyakların ağıllarına gəlməzdi...

İraqda üç milyon uşaq yetim qalıb, neftini də dəniz suyunun qiymətinə daşıyıb aparırlar. Liviya, Əfqanıstan dilənçi gününə düşüblər, Suriya qan içində çapalayır- bütün bu dəhşətləri törədən şər imperiyasının səfiri cürət edib iftar süfrəsi (!!) açır və bizə ağıl dərsi verir. İnsan nə qədər arsız olmalıdır ki, belə "iftar” süfrəsinin qırağında otursun.

Bu şəriətin hansı əhkam kitabında yazılıb ki, səlibçi haramzada dinini, imanını təhqir etsin, mədəniyyət mərkəzlərini yerlə yeksan etsin, din qardaşlarının qanını su kimi axıtsın, sən dəutanmazlığına salıb onunla iftar açasan?

Mənəirad tutan tapılar, a kişi, bu da bir siyasətdir, bizim gülməşəkər xadimlərin səfirin hüzurunda oturub onun üzünə irişmələri qəbahət deyil. Bəli, bu qəbahət yox, əsl binamusluq və şərəfsizlikdir! İftar müqəddəs ayindir, onu əlləri dirsəyə qədər müsəlman qanına batmış səlibçi ilə keçirtmək əsl xəyanətdir.

...Hərdən damdan düşmə pürməna kəlamları ilə aranı qatan Arif Rəhimzadə eləmə tənbəllik bu günlərdə rus dili barədə iki-üç söz deyib. Paho, hamının qeyrət damarı qalxıb, az qalıb ki, yazıq Arif müəllimi babi elan edib pişiyini divara dırmaşdırsınlar. Mən fələkzədə deyirəm, sayı on milyona yaxınlaşan bu tayfanın işindəbir-birindən ayrılarkən "Sağ ol!” , "Allah amanatı!”, "Xeyrə qarşı!”, "Gülə-gülə!” sözlərini deyənləri barmaqla saymaq olar, hamı "Davay!” deyir.

26 ildir xalq vaxtilə namusunu, irzini təhqir etmiş quldur Razinin adından əl çəkmir.

Şəhərin eləmaqazini, elədükanı, iaşəmüəssisəsi yoxdur ki, üzərində ingilis dilində lövhə olmasın. Neçə-neçə kafedə azərbaycan dilində danışanda heç üzünə də baxmırlar... Gəlin bundan danışaq!

Üzümü sinəçak olub guya dilimizi qorumaq istəyənlərə tuturam, ağalar, onsuz da indiyə qədər əlinizdən söz güləşdirməkdən başqa bir şey gəlməyib. Gəlin bu sözümə qulaq asın, vaxtilə özünüzə sərdari-əkrəm saydığınız siyasi məzhəkəçilər Qarabağı güdaza verdilər, neçə milyonluq xalq bala-bala Abşerona, Xəzər sahillərinə sığışdırıldı. Ağlı başında olanlar yaxşı görürlər ki, demoqrafik fəsadın yaranacağı uzaqda deyil. Beləolan təqdirdə səlibçilərin qulluğunda duran vəhhabi pullu ərəblərin bu xarabada nə ölümü var? Doğrudanmı heç kim başa düşmək istəmir ki, yerli camaat bir azdan ölüsünü basdırmağa yer tapmayacaq?

Harada görünüb ki, müharibə gedən ölkədə yadelliyə torpaq satsınlar? Özü də türkün, islamın düşməni vəhhabiyə?

 



Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

bütün xəbərlər