Tarix: 10-07-2017 15:42 | Bölmə: Firuz HƏŞİMOV
Bir para söz deyəcəyəm, bəziniz təəcüblənəcək, bəziniz də məni qınayacaq, bu da vaxt tapdı məsələ qaldırmağa.
Əlli il olar ki, saysız-hesabsız məqalələrimdə tariximizin, mədəniyyətimizin qaranlıq, az tədqiq edilmiş səhifələrindən söhbət açanda cürət edib titullu rəssamlara, özlərindən başqa heç kimi bəyənməyən ədalı rejissorlara, "tarixi” povest, roman qaralayanlara bəzi tövsiyyələr, məsləhətlər vermişəm. Elə vaxt olub ki, hərbgu nadanla qarşılaşanda ucu güləbətinli sözlər də işlətmişəm. Peşiman da deyiləm...
Mənə qulaq asan da olub, vecinə almayan da. Bəzən qulaq asıb, üzdən "Sən düz deyirsən, məsləhətinə görə çox sağ ol!”,- deyib, sonra elə istədiyini edənə də rast gəlmişəm.
Bu məqaləmi oxuyub qurtarandan sonra həvəsi, marağı olan balalarım ədəbiyyat, tarix dərsliklərini götürüb orada təsvirləri verilmiş klassiklərin baş geyimlərini müəllimlərinə, ya da tanıdıqları alimlərə göstərib izahat istəsələr sevinərdim. Bütün varlığımla əminəm ki, heç kim klassiklərimizin başlarındakı əmmamələr, geyimləri barədə iki kəlmə doğru-dürüst söz deməyəcək.
Əvvəla, ondan başlayaq ki, sovet hakimiyyəti illərində rəssamlığa, heykəltaraşlığa həvəs göstərən Bakıda Ə.Əzimzadə adına məktəbi qurtarıb, sonra üz tuturdu Tiflisə, Moskvaya, ya da Sankt-Peterburqa.
50-60 il ərzində tərtəmiz realizm üslubunda gözəl əsərlər yaradan böyük sənətkar ordusu yarandı. Heykəltəraş Fuad Əbdürrəhmanovdan tutmuş ta dahi rəssam Səttar Bəhlulzadəyə qədər bütün mahir tişə, fırça ustalarını saymağa başlasaq bir qəzet səhifəsi azlıq edər. Mən onların bu illər ərzində yaratdıqları əsərlərdən, aldıqları fəxri adlardan, layiq olduqları mükafatlardan danışmayacağam.
Sadəcə onu deyə bilərəm ki, onların öz vətənlərinin tarixini dərindən, hərtərəfli öyrənmək imkanları məhdud idi. Əvvəla, onların təhsil aldıqları institut və akademiyalarda bizim tarixi öyrətmirdilər, ikincisi, yaşlı nəsil yaxşı bilir ki, əl altında nə qiymətli dərslik vardı, nə də sanballı tədqiqat əsərləri.
Bununla belə kişilər öz üzərlərində işləyir, əllərindən gələni edirdilər. Təəssüflər olsun ki, aldığı orden və medalları, fəxri adları üzlərinə tutub əsl xalturaya yol verənlər də az deyildi.
Muzeylərimizdə başı əmmaməli nə qədər desəniz şair, filosof, tarixçi portreti asılıb. Hamısını da vaxtilə sərgi komissiyaları yekdilliklə qəbul edib rəssamlara haqlarını da verib. İllər keçib indi daha sübut edə bilmirsən ki, rəssamların təxəyyülünün bəhrəsi olan çox portretlər başdan ayağa xalturadır, uydurmadır.
Dərd bundadır ki, heç olmasa az-maz məlumatı olan yaşlılar fani dünyadan gedəndən sonra, bu ikinci nəsil Əli aşından da olub, Vəli aşından da. Bu bədbəxtlər abırlı bir rəsm əsəri çəkə bilmədiklərini mücərrəd, "modern” əllaməçiliklə ört-basdır etməyə nail olublar. Tarix bunlar üçün zülmət dünyasıdır... Belələrinə nə cür izah edəsən ki, Şərqdə, bilavasitə Azərbaycanda 40-a qədər əmmamə forması olub.
Vətənimizdə ötən əsrin 20-30-cu illərində "Allahsızlar ittifaqı” adlanan yəhudi-bolşevik cəza aparatında can-başla çalışan bizim "doğma” komsomolçuların "şücaəti” sayəsində əmmamə bağlamaq qəti qadağan edildi. Halbuki Azərbaycanda yaxşı papaq qoymaqla, əmmamə bağlamaq da əsrlər boyu adət idi. Onu təkcə din xadimləri bağlamırdı.
Əmmamə bir növ çox-çox sonralar dəbə düşmüş paqon rolunu oynayırdı. Parçasının rəngi, böyük-kiçikliyi, bağlanma forması ilə, əmmamə, onu gəzdirən adamın milli, sosial mənsubiyyətini göstərirdi. Bütün məsuliyyətimlə deyirəm, muzeylərdə, dərsliklərdə nümayiş etdirilən tarixi personajların əksəriyyətinin baş örtükləri qüsurludur.
...Sovet hakimiyyəti illərində istər qədim dövr, istərsə də orta əsrlərə aid əlbisələr, libaslar, silahlar haqqında külli miqdarda gözəl, rəngli albomlar buraxılmışdı. Belə qiymətli albomlar, məlumat kitabları indi dəçap olunur, mən hələ monoqrafiyalardan danışmıram.
Mən hələ indiyə qədər görmədim ki, bir rejissorumuz, ya da rəssamımız bu qədər sərvətdən səmərəli istifadə eləsin. Sübut?
Bu yaxınlarda televizorda "Qarabağnamə” adlı bir tamaşaya baxdım. Primitiv pafosu ilə ürəkbulandıran dialoqlardan, başqa nöqsanlardan danışmaq istəməzdim. Əlimdə ixtiyar olsaydı bu tamaşanın rejissorunu da, rəssamını da işdən qovub, heç vaxt imkan verməzdim ki, onlar bir də teatra yaxın düşsünlər. Səhv eləmirəmsə bu psevdotarixi əsər İ.Əfəndiyevin qələminin məhsuludur.
Elçin ağa özünü təhqir olunmuş hesab edirsə, istənilən səviyyədə, istənilən yerdə ittihamlarımın doğru olduğunu sübut etməyə hazıram. A kişilər, əhvalat XIX əsrin əvvəllərində baş verir, tarix üçün bu uzaq vaxt sayılmır. Əgər bu dövrün əsl tarixi, mədəniyyəti, məişəti, etiket və hərbi qanun-qaydası barədə məlumatınız yoxdursa, niyə camaatı dolayırsınız? Azərbaycan nücəbasının başına Banazor ermənisinin papağını qoyan rəssama, ya da rejissora mən niyə hörmət eləməliyəm?
Azərbaycanda qərinələr boyu millətin geydiyi papaqların bəzilərinin adlarını sadalayıram, əgər bizim titullu rejissor və rəssamların bircəciyi onların təsvirini verib kimlərə məxsus olduğunu deyə bilsə adımı dəyişərəm.
Əmiri, qazamatı, qələmi, iki üzlü əmiri, dallayı, daqqa, pəhləvi, şikarə, motal, həmşəri, xəlfə və s. Dabbağın, ya da nəccarın nə ağzı vardı başına dallayı papaq qoyaydı?!
Mən hələ soyuq silahların necə gəzdirilməsindən danışmıram, bu barədə bizim rejissorların heç səthi təsəvvürləri də yoxdur.
50 il olar ki, mən başabəla rəssamlara, rejissorlara bir məsələni izah edə bilmirəm, qədim Əndəlüs torpağından tutmuş ta Yava cəzirəsinə qədər dünyanın tən yarısında yazı üçün quş lələyindən istifadə etməyiblər. Yaponiyada, qədim Çində zərif tüklü fırça, bütün türk-islam dünyasında isə nazik qamış işlədilird i(Əcəldən aman olsa, vətənimizdə əsrlər boyu işlədilmiş kağız növlərindən də danışacağam).
Hal-hazırda dünyada qaz lələyindən ancaq mühafizəkar İngiltərə parlamentində istifadə olunur. Böyük tarixi əhəmiyyət kəsb edən parlamentin vacib qərarlarını peşəkar xəttatlar bahalı kağızlara yazanda mütləq qaz lələyi işlədirlər. Parlamentdə, keyfiyyətli qaz lələklərini tapıb onları yazı üçün sahmanlayan ştatlı katib dəvar.
Son illərdə çap olunan "tarixi” romanların sayından göz qamaşır, hərə bir adlı-sanlı hökmdarı, sərkərdəni gorbagor etməyi elə bil qarşısına məqsəd qoyub. Alırsan, oxuyursan, sonra da özünü lənətləyirsən, axı niyə mən gül kimi vaxtımı belə bivec, mənasız kitaba sərf etdim. Müraciət formalarını, etiketi, hərb sənəti tarixini bilməyəndən nə gözləyəsən?
Hələ mən indiyə qədər görmədim ki, bizim həşəmətli, özünü elm dəryası sayan qələm sahiblərindən biri qədim Şərqdə (istər bizdə, istərsə də Orta Asiyada, İranda, Osmanlı torpağında) müraciət formalarını doğru-düzgün verə bilsin. Bilmirlər, bilmək də istəmirlər. Yaxşı bilirlər ki, bu torpaqda nə yazsan, ötüşəcək, əsas odur ki, xalturanı bər-bəzəkli halda çap etdir, bir "fəlsəfə elmlər doktoru” tap, muzdunu ver, qoy səni "Ədəbiyyat qəzeti” ndə tərifləyib ağac başına çıxartsın. Sonra da bir əntiqə təqdimat mərasimi, tanış-biliş qoy basıb-bağlasın, sonra da "qələbəni” qeyd etmək, vəssalam, şüttəmam!
Azərbaycan gəncinin dünya görüşünə, mənəviyyatına bizim psevdotarixi filmlər qədər ziyan vuran ikinci qüvvə tanımıram. Onu görürdün ki, Mərkəzi Komitənin göstərişi ilə tarixi mövzuda kinonun çəkilməsi sovet hakimiyyətinə, Kommunist Partiyasına sədaqətini dəfələrlə sübut edə bilmiş rejissora, yazıçıya həvalə olunurdu. Qəzetlərdə fövrən məlumat gedirdi, bəs, millətin qaymağı sayılan filankəslər bir azdan dağı dağ üstə qoyub "şanlı tariximizin” gözəl bir səhifəsini ekranlara çıxaracaqlar.
Bir azdan tariximizi çirkaba batıran, tarixi həqiqətləri bayağılaşdırıb urvatdan salan bir "kino şedevr” ortaya qoyulurdu. Sonra baxış keçirilirdi, Mərkəzi Komitə "Olar!” fərmanını verən kimi yaradıcı heyəti çıxarırdılar televizora. Bu onu tərifləyirdi, o bunu.... Filmə baxırdın ayağının altından yer qaçırdı, ilahi, doğrudanmı bu xarabada bir qeyrətli, savadlı, vətənpərvər mütəxəssis tapılmayıb ki, bu özündənrazı güruha layiq olduğu epitetləri verəydi və deyəydi ki, həya-abırınız olsun, niyə bu millətin tarixinin başına oyun açırsınız? Kinolotular yaxşı bir fənd də tapmışdılar, beyini on illər boyu "beynəlmiləlçilik” zəhəri ilə xarab olmuş kütlənin milli hislərini qıcıqlandırmaq üçün ortaya beş-on gəlişixoş cümlə, ya da Novruz bayramı ilə əlaqədar epizod salırdılar. Riqqətə gəlib gözü yaşaran tamaşaçıya bundan sonra hər cürəhədyanı sırımaq mümkün idi ("Dəli Kür” filmində olduğu kimi. Kim nədeyir, desin, istənilən disputda, istənilən yığıncaqda bu filmin millətim üçün bağışlanılmaz təhqir olduğunu sübut etməyə hazıram).
Mən heç kimi qaralamaq fikrində deyiləm, sadəcə olaraq onu arzulayıram ki, bizim rejissorlara tarixi filmlərin çəkilməsini etibar etməsinlər. Bacarmırlar, heç nəyi bacarmırlar, bu vaxta qədər xalqın daha o iftixarı, o sevimli şəxsiyyəti qalmadı ki, onu bilatəşbeh gorbagor eləməsinlər. Niyə də mən kiməsə güzəştə gedib sərt danışmamalıyam? Nəsimi, Nizami, Cavad xan, Cavid, Babək, ... daha o iftixarımız qalıb ki, onun xatirəsini, adını pul dağarcığına döndərməsinlər?
26 ildir müstəqilik, ideoloji sahədə isə tam vakuum yaranıb. Fikir vermişəm, YAP ideoloqlarının deməyə sözü yoxdur. Bunlar bir zərrə də həya eləmədən L.İ.Brejnev dövrünün zəhlətökən metodlarını reanimasiya etməklə məşğuldular.
Eşitmişəm, yalan-doğru bizim gülməşəkərlər Səfəvilər haqqında nəsə çəkmək istəyirlər.
Amanın günüdür, müsəlman xanzadəsinin başına Banazor ermənisinin papağını qoyan, Natəvanın, İbrahim xanın ruhlarını təhqir edən, adi xəncərin, qılıncın necə bağlandığını bilməyən, Şərq etiketindən tam bixəbər başabəla xalturaçıların qarşısını alın!
P.S. İndi daha Mərkəzi Komitənin ideoloqları başınızın üzərində durmurlar. Savadlanmağınızda, vicdanınızın səsinə qulaq asmaqda sizə mane olan yoxdur.
Bölməyə aid digər xəbərlər