20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Manqurtlar
Tarix: 18-09-2017 17:29 | Bölmə: Firuz HƏŞİMOV
Manqurtlar

Bizim dövlət ərkanından savab əməl gözləmək avamlıqdır. Son 20-25 il ərzində formalaşmış yırtıcı zümrə bizi nəinki yaşamaq, hətta insan kimi ölmək hüququndan da mərhum edib. Öz doğma torpağında basdırılmaq üçün gərək qabaqcadan 600-700 manat tədarük görəsən. Bu məzar yerinin qiymətidir...

Məruz qaldığımız həngamələr, bəlalar bir daha sübut etdi ki, biz nə adam kimi dövlət qura bilirik, nə də tarixdən ibrət dərsi alırıq. Zorla deyil ki...

...İsrail dövlətinin təməlini qoyanlardan biri, milli ordunu yaradan David Ben-Qurion 14 dekabr 1953-cü ildə vəzifəsindən istefa verərək Təl-Əvivdəki dövlət iqamətgahından çıxıb, arvadı ilə birlikdə kibutsiyə (kənd təsərrüfat artelinə) adi baraka köçür.

Əziz oxucum, yəhudi xalqının iftixarı cah-cəlallı imarətə, villaya yox, bir o qədər də şəraiti olmayan adi baraka köçür! Səhəri günü qonum-qonşu görür ki, görkəmli dövlət xadimi əl arabası ilə əkin sahəsinə peyin, təzək daşıyır...

Dövləti talan və tarac etməkdən başqa əlindən bir iş gəlməyən bizim bəzi həşəmətli məmurlar bunu özlərinə rəva görərmi? Nazirlərin, iri çaplı məmurların, qırmızı lampaslı şalvar geymiş generalların imarətlərinin ala qapılarının qiyməti mənim otuz ildə aldığım təqaüdümə bərabərdir.

Eşidəndə ki, bizim harınların qız-gəlinləri, bic balaları 400 manata bilet alıb Rusiya estrada lotularının festivalında iştirak ediblər, mən hiddətlənmədim. Onların vəcdə gələrək göbək atmalarını da televizorda gördük. Niyə də hiddətlənməli idim?

1908-ci ildə dəhşətli aclıq zamanı Qarabağın, Zəngəzurun kasıb-kusubu köpük qusurdu, bizim binamus varlılar isə Tiflisdə sirkin birinci cərgəsində oturub artist qızların çılpaq baldırlarına baxıb deyirdilər:

- Oxqay, Liza can, qadavı alım!

“Jara” festivalında erməni Filip Kirkorovun, adamaoxşamaz Lepsin qarşısında göbəklərini əsdirənlər bu şərəfsizlərin törəmələri idi. Amma bir balaca fərq var, onlar biqeyrət də olsalar hər halda şəcərəli bəyzadə və xanzadələr idi, “matışkalar” üçün sinov gedirdilər. İndiki həşərat isə rüşvətxor və vampirlərin törəməsi olmaq o yana dursun, əcnəbi kişilərin qarşısında əzilib-büzülürdü.

Öz doğma xalqının mədəniyyətini, tarixini, hətta dilini də əməlli bilməyən bir dəstə hakimiyyətdə özünə yer edə bilib. Güc strukturları bu soyğunçu dəstənin təhlükəsizliyini canla-başla qoruyur. Niyə də qorumasın, bu strukturlarda əksər vəzifələr elə onların övladlarının, qohum-əqrəbalarının əllərindədir. Hünərin var, ağzını açıb bir söz de, birləşib tükünü didərlər... Əsl-nəcabət, milli şərəf, irz-namus kimi anlayışlar bunlar üçün mənasızdır. Azərbaycanın rüşvətxor məmurunun Məkkəsi də, Quranı da, dini də, imanı da puldur.
Ən avam adam da bilir ki, mason dünyası Yaxın Şərqin bütün müsəlman dövlətlərini bir-bir sıradan çıxarır. Silahlı müdaxilə imkanı olmayanda zərbə mədəniyyətə, mənəvi dəyərlərə, ələlxüsus təhsil sisteminə yönəlir. Misir Mərdanovun murdar əli ilə təhsilimiz, elmimiz iki əsr arxaya atılmadımı? Birinci sinfə gedən uşaq da kimə, nə qədər, nə vaxt pul veriləcəyini bilirdi. Məktəblərdə şagird və valideynlərdən min bir bəhanə ilə pul yığılanda bir şikayətə baxıldımı?

Mən hələ başqa rüsvayçılıqlardan danışmıram... İllər keçdi, xalqın həmişə əsl ziyalı, kübar şəxsiyyət, etalon kimi tanıdığı müəllim istehza, lağ hədəfinə çevrildi. Gül kimi peşəni çirkaba salıb bulaşdıran Misir Mərdanov oldu. Yüzlərlə, minlərlə məktub, məqalə çap olundu, o adam qalmadı ki, etiraz səsini qaldırıb M.Mərdanov kimi cəhənnəm zəbanəsinin vəzifədən uzaqlaşdırılmasını tələb etməsin.

Köhnə kişilər demişkən elm, təhsil sərnigun olandan sonra Misir ağa işdən çıxarıldı. Hamı gözləyirdi ki, millətin mənəvi aləminə sağalmaz yaralar vurmuş, neçə nəslin evini yıxmış bu əbləhə ən azı on-on beş il kəsəcəklər... Kimə deyirsən? Ona həm yaxşı vəzifə verdilər, həm də akademik etdilər. Bu dəqiqənin özündə Misir ağa hansısa cah-cəlallı villasında yeyib-içir, yığdığı milyonları bir də sayıb yerbəyer edir, indi gəl belə iqtidara hörmət elə...

Onun yerinə təyin olunmuş Mikayıl Cabbarov adlı bir alimnüma elə bu günlərdə rəml atıb, fal açıb və kəşf edib ki, məmləkətdə rus dilinin tədrisi bərbad gündədir. Özü də görün bizim nazirin islahatçı damarı nə vaxt qalxıb!

Dünyanın düz vaxtında Rusiya Ermənistanı ərköyün balası kimi əzizləyirdi, mədənlərdə, pambıq tarlalarında, bütün sənaye sahələrində bizim dərimiz çıxırdı, rusları gətirib başımızda oturtmuşduq. Şəhərdə ən gözəl evləri onlara vermişdik, bir dövlət idarəsində azərbaycanlı öz dilində danışa bilmirdi, amma bununla belə Moskva bütün ziqiymət ərzaq qatarlarını, ən gözəl məişət əşyalarını, çətin tapılan istehlak mallarını İrəvana göndərirdi. Rusu İrəvanda adam yerinə qoymurdular, amma o, din qardaşının hər cəfasına, həqarətinə dözürdü. Biz isə burada rusun qarşısında payəndaz olmuşduq, o bizi adam da saymırdı.

Qərinələr boyu Bakıda yaşamış rus bizim dildə iki-üç kəlməni də öyrənməyi özünə ar bilirdi. Rus dilinin tədrisi barədə Mikayıl ağanın “fərmani-humayunu” əlbəttə ki, namuslu insanları narahat etməyə bilməzdi. Mən hələ ancaq Sabir Rüstəmxanlının hiddətli çıxışı ilə tanışam. “Hürriyyət” qəzetinin bu ilki 066-cı sayında görkəmli ziyalının sözlərini oxuyanda başımdan tüstü qalxdı.

Nuri-çeşmim, taci-sərim Sabir müəllim, amanın günüdür, susun, danışmayın. Bilirsiniz niyə, sadəcə ona görə ki, bu millətin heç nə vecinə deyil. Bu dəqiqə sübut eləyim...

1667-1669-cu illərdə Stepan Razinin başçılığı altında böyük quldur dəstəsi Xəzər sahillərinə hücum etdi. Qətl-qarətin vaxtı düzgün seçilmişdi. Dəhşətli zəlzələ baş vermiş, Abşerondan Rəştə qədər yüzlərlə yaşayış məskəni yerlə yeksan olmuşdu. Ölənlərin, yaralananların sayı bilinmirdi. Bax, bu əsnada ruslar sahilə çıxıb xarabalıqlar arasında çaş-baş qalmış müsəlmanlara divan tutdular. Nə qədər qənimət, qız-gəlin ələ keçirildi, hamısı da Dona daşındı. Öldürülən öldürüldü, qalanlarını da satdılar.

Rus salnaməçiləri elə dəhşətli faktlardan söhbət açıblar ki, indi onları sakit oxumaq mümkün deyil. Bizim satqın, yaltaq tarixçilər rusun gorbagor olmuş quldurunun zəlzələ zamanı dinc əhaliyə divan tutması, misilsiz vəhşiliyi barədə iki kəlmə də yazmayıblar. Amma rus tarixçiləri vicdan əzabının ucbatından hər şeyi açıb töküblər. İndi sözüm bunda deyil... Qərinələr, əsrlər keçib, vaxtilə xalqın irz-namusunu tapdamış bir qulduru “qədir bilən” azərbaycanlı unutmur ki, unutmur. Müstəqil də olduq, amma rəzillik, köləlik qanımızdan çıxmadı ki, çıxmadı.

Sürücülərin avtobuslarında “Razin talkuçkası” yazılmış lövhələrə rast gəlib, “Razinə gedirik” sözlərini eşidirsən. Yazıq Bakıxanov heç yada da düşmür.

Qaqarinin də tikəsi ələ gəlmir, körpü təmir edildi, məhəccərlərin üzərinə Cavanşiri təsvir edən kiçik heykəllər qoyuldu, amma azərbaycanlı cahil “Qaqarinski most” sözündən əl çəkmədi.

...Moskva mənbələrinə isnad edərək dəfələrlə yazdım ki, Murtuz ağa Muxtarov kimi qeyrətli azərbaycanlının bağında Yeseninin xatirəsinə muzey açmaq kişilikdən deyil.

Rus dilini əla bilirəm, klassik rus ədəbiyyatını ələlxüsus XIX əsr poeziyasını sevirəm. Musa Yaqubun, Zəlimxan Yaqubun bir misrasını isə min Yeseninə dəyişmərəm.

Murtuz ağa Muxtarovun bağ evini Rusiyadan gəlmiş bolşevik quldur Çaqinə vermişdilər. Kim idi o? Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, “Bakraboçiy” qəzetinin redaktoru, arvadbaz, Bakı neftinin talançısı Kirovun sağ əli, Yesenin isə digər rus şairi Velemir Xlebnikovla birlikdə XI Ordunun hissələri ilə Cənubi Azərbaycanda, Rəştdə idi. Dzerjinskinin emissarı, məşhur avantürist və qatil Blyumkinə tabe olan bu iki şairin Gilanda, Rəştdə çıxartmadıqları oyun qalmamışdı. Rus tarixçiləri Yeseninin istər Sankt-Peterburqda, istərsə də Rəştdə törətdiyi rüsvayçı əməllərdən çox yazıblar. Bizim yaltaqlar isə ondan cəfakeş düzəltdilər!

İstər Çaqin, istərsə də Yesenin heç yuxularında da təsəvvür etməzdilər ki, sərxoşluğa qurşandıqları bağ evində azərbaycanlı dəyyuslar muzey düzəldəcəklər!!

Sabirin poeziya günləri keçiriləndə onun abidəsinin ətrafına cəm olanları barmaqla saymaq mümkün idisə, hər il Yesenin xatırlananda Bakıda o ziyalı qalmırdı ki, Mərdəkana getməsin. Bir köpəkoğlu cınqırını da çıxarmırdı...

Nuri-çeşmim Sabir müəllim, Mikayıl ağanın əmrindən inciməyin. 70-ci illərin əvvəllərində Rusiya mədəniyyət və incəsənət ongünlüyünün necə keçirildiyini yəqin unutmamısınız. Mənim isə çox yaxşı yadımdadır... Moskvanın acından günorta yuxudan duran nə qədər “sənətçisi”, ortabab qələm yiyəsi, estrada avarası vardı, hamısını tökdülər Azərbaycana. Bunlar üçün istər şəhərdə, istər bölgələrdə elə qonaqlıqlar, ziyafətlər, şahlara layiq elə görüşlər təşkil etdilər ki, gözləri bərələ qalmışdı.

Bizim məşhur “Ağdam” çaxırı onda şöhrətinin zirvəsində idi. Qonaqlar onu qutularla mehmanxanalarda qaldıqları otaqlara daşıyırdılar.

Adlı-sanlı aktrisa Nona Mordyukovanın dediyi sözlər yaddaşımda həkk olunub:

- Aman Allah, bu qədər də yeyib-içmək olar? Xoşbəxt adamlarsınız, hər yerdə “Ağdam” satılır, nə qədər istəyirsən al!

Neçə-neçə rus lotusuna fəxri adlar, qiymətli hədiyyələr, əl xalçaları veriləcək. İllər keçəcək, biz Lyudmila Zıkinanın boğazında qiyməti bir milyon dollar olan brilyant boyunbağını da görəcəyik. Bu şahanə ənam barədə Moskva mətbuatı yazacaq və onun şəklini “Kom. Pravda” qəzeti hamıya nümayiş etdirəcək.

Mikayıl Cabbarov qərar verdi, ya vermədi, iliyimizə, qanımıza sirayət etmiş naqislik virusu onsuz da öz işini görür. Mənə iki azərbaycanlı göstərin ki, vidalaşanda bir-birilərinə “Davay” yox “Xudahafiz!”, “Allah amanında!”, “Gülə-gülə!”, “Görüşənədək!” sözünü deyirlər.

Farslar demişkən, ey bəradərim Sabir ağa, amanın günüdür, tül məsələlərə əl atmayın. Siz bilirsiniz niyə bu dəfə Milli Məclisə buraxılmadınız? Onlarla səbəb var, amma ən mühümünü, ən əsasını unutmusunuz. Sizin Məclisdə mühüm bir iclasda himnimizlə bağlı dilə gətirdiyiniz bu sözlər əyan-əşrəfin xoşuna gəlməmişdi: “Himn səslənəndə heç olmasa yalandan da olsa ağzınızı tərpədin!”.

Sabir ağa, köhnə bakılılar demiş, bu əsl həmşəri söyüşü idi...

Dəfələrlə fikir vermişəm, başqa tədbirlər bir yana, hətta Heydər Əliyevin məzarı ziyarət ediləndə çoxları nə salavat çevirir, nə “Fatihə” oxuyur. Onu görürsən ki, hamı səf çəkib durub, Şeyxülislam cənabları vacib duaları oxuyub “Fatihə” verir. Nə əlini üzünə aparan var, nə də dodaqlarını tərpədən. Dədə-baba qanunlarını, dinini, imanını göz bəbəyi kimi qoruyanlar belə hökumətə hörmət edərmi?

Gülməlisi budur ki, gizli də olsa Moskvanın bütün əmrlərini yerinə yetirən, ruspərəstlikləri açıq-aşkar bilinən məmurlar ağalarını da təqlid etmirlər. İstər Rusiyada, istərsə də başqa xaçpərəst dövlətlərdə nazirlərin, prezidentlərin, görkəmli adlı-sanlı xadimlərin müxtəlif mərasimlərdə özlərini necə aparmalarına fikir verin, sidq-dillə xaç çəkməyən, ikonalar, mehrablar qarşısında əyilməyən yoxdur.

Tolerantlıq dədə-babaların məzarları üzərində vacib ayinləri icra etməmək, “Fatihə” oxumamaq deyil.

Mirzə Cəlil rəhmətlik 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının 31-ci sayında yazırdı:

“Nə vaxt hökumət qaradavoy ya pristav göndərib ki, get gör filan müsəlman oğluna nə ad qoyub, qızına nə ad qoyub və hökumət nə vaxt müsəlmanı məcbur edib qızının adını “Fatma” əvəzinə “Fatya” qoysun və oğlunun”Həsən” adını dəyişdirib “Qasanka” eləsin? Dil barəsində hökumət ermənilərə etdiyi rəftarın ondan bir hissəsini bizə etməyib”.(Bu son cümlə bəzilərini çaşdıra bilər. Kim bir şey öyrənmək istəyirsə, qoy bu barədə özlərini millətin nağdı-nisyəsi sayan Aydın Mirzəzadəyə, Elman Nəsirova, Zahid Oruca və digər gülməşəkər “ideoloqlara” sual versin. Onlar bu məsələni adam kimi açsalar, adımı dəyişərəm!)

Belə ki, tədrislə əlaqədar olaraq son axmaq qərarın verilməsi Moskvanın işi deyil. Bu, sadəcə olaraq rus şovinistlərinə xoş gəlmək üçün bizim bəzi başbilənlərin Moskvapərəst lakeylərinin əməlidir. Onların da quyruqlarını tapdalayanda atalarını da tanımırlar.

Əziz Sabir müəllim qəzet səhifəsində təvəqqe edir ki, qoy təhsil nazirimiz və başda oturanlar bu siyasəti bizə izah etsinlər. Simsarsızların, əlillərin, çörək pulu da əlindən alınmış, intihar həddinə çatdırılmış insanların minlərlə xahiş və ərizəsini vecinə almayan Prezident Administrasiyası daha nəyi izah etməlidir?

Açıq-aşkar dedikləri budur, illər boyu sələflərimizin apardığı ruslaşdırma siyasətini biz aparacayıq, onsuz da bu xalqın heç nə vecinə deyil, artıq-əskik danışanı da elə susduracayıq ki, dünyaya gəldiyi günə lənət oxuyacaq.

Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

bütün xəbərlər