14:03 / 18-07-2024
Tramp Avropanı qorxudur
13:20 / 18-07-2024
Tramp Baydendən önə keçir
Güney və Quzey Azərbaycanda milli kimlik məsələsi
Tarix: 20-04-2023 11:59 | Bölmə: Vahid Qazi
Güney və Quzey Azərbaycanda milli kimlik məsələsi
Vahid Qazi

1991-ci ilin 18 oktyabrında millət vəkillərimiz dövlət müstəqilliyi haqqında konstitusiya aktına səs verməklə elan elədilər ki, çağdaş Azərbaycan 1918-1920-ci illərdə var olmuş Azərbaycan Cümhuriyyətinin hüquqi varisidir.

Bu, yeni bir dövlətin yaranması deyildi, Sovet Rusiyasının işğalına məruz qalan bir ölkənin yenidən öz dövlət müstəqilliyini bərpa etməsiydi.

İndi geriyə - 1991-ci ilə boylananda adam belə bir sualla üzləşir: doğrudanmı biz onda Azərbaycan Cümhuriyyətini bərpa elədik?

Əgər belədirsə, necə oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti “biz kimik” sualına 100 il qabaq aydın cavab verdiyi halda bu gün milli kimlik yenidən müzakirə mövzusuna çevrilir? Aradakı sovet dönəmində nə baş verdi ki, milli kimliyimizi “unutduq”?

Suala tək Azərbaycan dövlətində yaşayanları deyil, Güneydəkı soydaşlarımızı da düşünərək cavab tapmalıyıq. Millik kimlik məsələsinə bütöv millət kontekstindən baxmalıyıq.



İranda baş verən son olaylar, Güney Azərbaycanda yüksələn xətlə gedən milli oyanış “milli kimlik” məsələsini aktuallaşdırır.

Ötən ilin payızında İranda kütləvi etirazlar vaxtı yazdığım “Bizim sirli-sehrli Güney” yazısı bu sualla başlayırdı: “Şah İsmayıl bu gün özünü iranlı sayardı, ya azərbaycanlı?”

Sual dərhal cavab vermək yox, düşünmək üçün idi. Güneydəki soydaşlarımızı anlamaq, oradakı gerçəkliyə pafossuz, emosiyasız, soyuq başla baxmağa cəhd etmək üçün idi.

***

Milli kimlik özündə dil, mədəniyyət, məişət, ənənə, düşüncə, psixologiya, tarix, vətəndaşlıq, vətənsevərlik, milli idrak anlamlarını ehtiva edir.

Biz özümüzü türk dünyasının, islam aləminin bir parçası sayırıq, amma bunlar bizim milli kimliyimizdirmi?

Milli kimlik toplumu parçalayan yox, birləşdirən müstəvidə yarana bilər. Nə İslam, nə Turan bizi millətləşmə yolunda birləşdirə bilmir. Bilməz və bu təbiidir.

İslamın ümmətçilik doktrinasının ərəblərdə, farslarda, orta əsr Osmanlısında birləşdirici rolu danılmazdır. Amma bu bizə aid deyil, islam ümmətçiliyi bir ideya kimi bizə uğur qazandırmayıb. O, nə XIX əsrin əvvəllərində rus işğalına, nə 1920-ci ilin kafir rus-bolşevik istilasına, nə də rusla birlikdə Qarabağı zəbt edən ermənilərə qarşı bizi təşkilatlandıra bilib.

Əksinə, Ermənistana Rusiyadan sonra ən ciddi dəstəyi erməni terrorçularının bəsləndiyi müsəlman ərəb ölkələri verdi. Fələstin hərb düşərgələrində ASALA-nın təlimlər keçməsini, Qarabağda qırğınlar törədən Monte Melkonyan kimi terrorçuların hazırlanmasını, Yasir Ərafatın erməni sevdasını unutmamışıq.

Ermənistana həyat yolu açan şiə İran xüsusi qeyd olunmalıdır. 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbəmiz rəsmi İranın əsl simasını gizlətdiyi maskanı cırıb atdı. Rəisinin Paşinyanla qardaşcasına öpüşüb görüşmə fotoları, imamlara yas saxlyan xristian ermənilərin Aşura günündə çıxardıqları şəbih tamaşaları bizim sinə vurub, baş yaran İran aşiqlərimizin, nəhayət, gözünü açar. Ermənistan sərhədinin toxunulmazlığını qırmızı xətt sayan İran paytaxt Tehranda Azərbaycan səfirliyində qanlı terror hadisəsi törətməsini də unutmayacağıq.

Dediyim odur ki, İslam bizim milli kimlik axtaracağımız ünvan deyil!

Türk dünyası, Turan anlayışlarına klassik Turançılıq (Ziya Göyalp) baxımından yox, Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü yeni Turançılıq – türk dövlətləri/millətləri liqası, yəni müstəqillikdən sonrakı dönəmlərin bir şüurlu strateji addımı kimi yanaşmaq gərəkdir. 5 türk dövlətinin yaratdığı Türk Şurası bəlkə gələcəkdə söz açdığım birlik üçün təməl olacaq. Amma o zamanacan milli kimliyimiz işini bitirməyimiz lazımdır. Bu işdə Turançılıq yalnız və yalnız bir zamanlar bəşər sivilizasiyalarından birini yaratmış, amma yaratdığını qoruyub sahiblənə bilməyən qədim qövmün bir parçası olduğumuzu anlamaqda yardım edə bilər. Hələlik başqa heç nə!

***

Azərbaycan siyasi və coğrafi kimliyimizdir. Milli adımız coğrafi adımızla yox, etnik adımızla çağırılmalıdır. Bizim milli kimlik məsələsində çoxlarından fərqimiz “Azərbaycan milləti”ni formalaşdırası əsas xalqın vahid siyasi-coğrafi məkanda yerləşməməsidir. Bizi bölən tək Araz çayı deyil, 200 il bir-birindən siyasi-ideoloji-mədəni cəhətdən fərqlənən dövlətlərdə yaşamağımızdır.

Dövlətə sahibləndiklərindən milli kimlik qayğısına qalmayan Səfəvilər, Qacarlar sonunda dövlətçiliyi milli kimliyini heç vaxt unutmayan farslara güzəştə getməli oldular. Səttarxanın, Xiyabaninin, Pişəvərinin rəhbərliyində inqilabların uğursuzluğunun səbəbi, fikrimcə, Güneydə milli kimlik probleminin tam çözülməməsinə bağlı idi.

Bir güneyli dostum deyirdi ki, İranda yaşayan türklər indi də “iranlılıq” və “türklük” arasında çaşbaş qalıblar. Onun sözüdür: “İranlılıq yaxın tarixin propaqandası nəticəsində farslıqla eyniləşdirilib. İran türklərinin bu paradiqmanı dəyişməyə gücləri olmayıb”.

Millətləşmə prosesi 150 il əvvəl, XIX əsrin ikinci yarısından artıq 50 ildir Rusiyanın tərkibinə qatılıb, onun vasitəsilə Avropada gedən millətləşmə hərəkatının havasını alan Quzey Azərbaycanda başladı. Bəzi xalqlarda bu proses başa çatdı, bizdə isə obyektiv və subyektiv səbəblərdən hələ də bitməyib.

1789-cu il inqilabı Fransada fransız millətini yaratdığı kimi, 1918-ci il cümhuriyyəti də Quzey Azərbaycanda türk milləti anlayışını tarix meydanına çıxardı. Azərbaycan Cümhuriyyəti millətləşmə prosesinin sonu olmalıydı. Sovetlərin gəlişi işi yarıda qoydu.

Türkcəni rəsmi dil kimi qəbul etmiş ilk respublikanı biz qurmuşuq. Rus-bolşevik işğalı nəticəsində əldən verdiyimiz “türklüyü” Atatürk yaratdığı yeni dövlətin milli kimliyinə çevirdi. Türkiyədə “Osmanlı” dönüb “türk” olduğu halda Azərbaycanda “türk” dəyişib “azərbaycanlı”, ya da türkiyəlilərin diliylə desək, “azəri” adlandı.

Azərbaycançılıq ideyası hazırkı sərhədlərimiz daxilində yaşayan bütün xalqları bir millətdə – “Azərbaycanlı milləti”ndə birləşdirib. Bu, müstəqil Azərbaycanın ən böyük uğurlarından biridir. Amma bu milləti formalaşdıran digər xalqlar kimi çoxluq təşkil edən xalq da öz adı ilə çağırılmalıdır.

Etnik kimliyin ana təməli milli addır. Ona görə addan uzun yazıram. Azərbaycanda türkcəmizi qanuniləşdirməsək, kimlik məsələsi indiki kimi yarımçıq qalacaq. Adın bərpası qəti şəkildə Türkiyə türkcəsiylə qarışıqlıq yarada bilməz. Amerika ingiliscəsi Britaniya, yaxud Avstraliya ingiliscələriylə qarışdırılmadığı kimi.

Milli kimlik tək “Biz kimik” və “Hardan gəlmişik” suallarına deyil, “Hara gedirik” kimi suala da cavab tələb edir. Yəni tək bu günü yox, sabahı da düşünməliyik.

“Azərbaycanlılıq” bizi indiki Azərbaycan Respublikası sərhədləriylə məhdudlaşdırır. Milli şüurun oyandığı güneydəkilər necə, özlərinə başqa milli kimlikmi düzəltməlidirlər?

Odur ki, bu gün biz Quzeydəki 10 milyonun etno-milli adını elə seçməliyik ki, sabah o, Güney Azərbaycanda yaşayan 10 milyon və daha artıq soydaşımızın milli kimlik məsələsində indiki kimi qarışıqlığa səbəb olmasın. Mən say məsələsində hər cür pafosdan uzaq durmağın tərəfdarıyam. Əsas say yox, milli şüurun olmasıdır.

Bu qrafikdə hazırda İranın 4 əyalətində yaşayan soydaşlarımızın sayı verilib. Bu, Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli Hökumətin mövcud olduğu həmin 4 əyalətdir. Assimilyasiya siyasəti və mühacirət səbəbindən sayı 9,5 milyondur. Soydaşlarımızın sıx yaşadığı və Azərbaycan adına iddia edə biləcəyimiz Həmədan və Qəzvin kimi əyalətlər də var. Başqa əyalətlərdə, Tehran qarışıq neçə şəhərdə də soydaşlarımız yaşayır. Amma bunun nə qədəri özünü iranlı, nə qədəri azərbaycanlı sayır – açıq qalan sualdır!



Milli düşüncənin yolu özünüdərkdən keçir!

Perspektivdə özünə real yeretmə ehtimalı yüksək olsa da, Bütöv Azərbaycan ideyası bu gün dadımıza çatmaya bilər. Amma unutmayaq ki, bu gün bizdə türk davası səngisə də, Güneydə Azərbaycan davası oyanış mərhələsindədir, qalxan xətlə gedir.

“Bütöv Azərbaycan” bəlli səbəblərdən ümummilli ideyaya çevrilməyibsə, bu, sabah da belə olacağı anlamına gəlməməlidir. Bu ideyaya antitezislər vermək istəməzdim, amma gün işığı torpaqla örtülmür, güneylilərlə siyasi kimlik fərqimiz həqiqətdir. Bu da təbiidir, üstündən keçən 200 illik ayrılıq yelləri siyasi coğrafiya, düşüncə, psixoloji özduyum, dünyagörüşü, məişət landşaftımızdan izsiz ötməyib.

Mənə qalsa, əminəm ki, adımızı “Azərbaycan türkü” çağırmalı, dilimizə “Azərbaycan türkcəsi” deməliyik! Azərbaycan türkü etnik kimliyinə sahiblənərsə, “Azərbaycanlı milli kimliyi” formalaşdıran 10 milyonluq əhali 100 il öncə başladığı missiyanı davam etdirə, İranda və başqa ölkələrdə yaşayan milyonlarla Azərbaycanlının avanqardına, səmt ulduzuna çevrilər.

***

Milli kimliyin yaşam qaynağı davamlı uğurlardır. O, milli qürur duyğusu, pozitiv anlamda patriotizm, vətənsevərlik aşılayır.

Əsas özümüzü tapmaqdır. Sayca bizdən qat-qat çox olan, amma dövlət qura bilməyən nə qədər xalq mövcuddur. Bizimsə dövlətimiz var! Hələ yeni dövlət qurmağa potensialı olan milyonlarla güneyli soydaşımızı demirəm.

Bu gün Güneydə milli şüur 30 il əvvəllə müqayisəyə gəlməyəcək qədər inkişaf edib, buna bir səbəb tarixi Azərbaycanın quzeyində müstəqil dövlətin bərpası, ordumuzun Qarabağda qələbəsidirsə, o biri səbəb Türkiyədir. Güneydə məşhur olan “Təbriz, Bakı, Ankara…” şüarı boş yerdə yaranmayıb.

İran böyük dəyişiklik ərəfəsindədir. Bu dəyişikliyə Güneylə yanaşı biz də – müstəqil Azərbaycan da hazır olmalıdır!

Təbriz stadionunda “Traktor” futbol komandasının azarkeşlərinin səsləndirdiyi “Azərbaycan” hayqırtısı nə qədər qanımızı coşdursa da real vəziyyəti soyuq başla təhlil etməliyik. Milli oyanışa təmkinlə, ardıcıl, real dəstək verməliyik. Amma dövlətimizi qoruyub saxlamaq, vaxtsız və yersiz riskə atmamaq şərti ilə.

Yazının əvvəlində verdiyim suala sonda bir də qayıdıram: “Şah İsmayıl bu gün özünü iranlı sayardı, ya azərbaycanlı?” Quzeyli dostum Əlirza Ərdəbili bu suala dəqiq cavab verib. “Şah İsmayılın şah olduğu dövrdə türklər bütün İrana hakim idilər, odur ki, o vaxt özünü iranlı, müsəlman, şiə etiketləriylə tanıtması təbii idi. Amma bu gün türklər nəinki hakimdirlər, heç ana dilində təhsil hüquqları yoxdur. Odur ki, Şah İsmayıl bu gün özünü azərbaycanlı və türk sayardı”.

İranı dərindən tanıyan dostlarla söhbətdən gəldiyim qənaətə görə, güneyli soydaşlarımız arasında İranı öz dövləti kimi görənlər də var, hədəfi milli muxtariyyət olanlar da. Az qisim soydaşımız da var ki, Güneydə müstəqil dövlət qurmaq və gələcəkdə bizim Azərbaycanla birləşməyi arzu edir.

Mənim müşahidələrimsə onu deyir ki, bu gün Güneydə yaşayan azərbaycanlıların böyük əksəriyyətinin istəyi başqa xalqlarla əl-ələ verib molla rejimindən qurtulmaqdır. Sonrası allaha pənah…

Sonrası həm də bizə bağlıdır. Biz, müstəqil Azərbaycan dövləti və xalqı olaraq Güneydəkilərə öz kimliklərinə, talelərinə, hüquq və haqlarına sahib çıxmaları mübarizəsinə biganə qalmamalıyıq, əksinə, yanlarında durmalıyıq.

Vahid Qazi
Fevral 2023
Helsinqborq, İsveç

P.S.
“Milli kimlik harayı” essesi əsasında xüsusi olaraq, “Tribun” dərgisi üçün hazırlanan bu yazı 21 ildən sonra nəşri davam etdirilən dərginin III dövrə 1-ci sayında (7) işıq üzü görüb. Dərginin sözügedən sayında İranda bugünkü siyasi böhran və onun dünyada, o cümlədən Güney Azərbaycanda yaşayan soydaşlarımızın mədəni əxlaqına, milli şüuruna, siyasi təfəkkürünə və rejimə qarşı milli mübarizə ruhuna təsirini əks etdirən analitik səpkidə 53 müəllif yazısı dərc olunub.“Tribun” dərgisinin yeni sayı ABŞ, Almaniya, Danimarka, Fransa, İran, İsveç, Kanada və Türkiyənin elmi dairələrində çalışan tanınmış tarixçi alimlərdən təşkil olunmuş 17 nəfər redaksiya heyətinin iştirakı və qərarı ilə çapa hazırlanmışdır.


Müəllifin bütün yazıları - Vahid Qazi



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}