“Bütün şəhid ailələrinə yardım edilməlidir” - Qüdrət Həsənquliyev
Tarix: 13-11-2018 17:39 | Bölmə: Siyasət
“Bütün şəhid ailələrinə yardım edilməlidir”

“Ölkə başçısının fərmanına uyğun olaraq, şəhid ailələrinə 11 min manat birdəfəlik yardım ödənilir. Hesab edirəm ki, 11 min manatlıq yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq hər bir şəhid ailəsinə verilməlidir. Bu gün səhər 96 şəhid ailəsi məktubla mənə müraciət edib. Onlar problemi hökumət üzvlərinin diqqətinə çatdırmağımı xahiş ediblər. Hesab edirəm ki, hökumət hər bir şəhid ailəsinə 1000-2000 manat yardım edə bilər”.

Reyting.az bildirir ki, bunu Milli Məclisdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Onun fikrincə, 2019-cu ilin dövlət büdcəsindən şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil tikintisinə 45,5 milyon manat vəsait ayrılıb.

“Eyni zamanda, qaçqınlar və məcburi köçkünlərin mənzil tikintisinə görə 200 milyon manat vəsait ayrılıb. Təqribən bunların ikisinin cəmi qədər - 244,4 milyon manat təkcə idman obyektlərinin tikintisinə ayrılıb. Hökumət üçün prioritet nədir? Uzun illər mənzil növbəsində dayanan insanlar, yoxsa yeni idman obyektlərinin tikintisi? Hesab edirəm ki, burada müəyyən ixtisarlar aparılmalıdır. Bu vəsaitlər 2-3 dəfə artırılmalıdır ki, biz bu insanları mənzillərlə təmin edə bilək”.

Onun sözlərinə görə, gələn il ölkədə pensiyanın 241, orta aylıq əməkhaqqının isə 641 manat olması nəzərdə tutulur: “Mən keçən dəfə təklif etdim ki, pensiyanın həddi ən azı orta aylıq əməkhaqqının 80 faizinə qədər qaldırılsın. Hörmətli Samir Şərifov isə söylədi ki, dünyada bu 60 faizdir. Yaxşı, onda 60 faiz həddinə çatdıraq. Ona görə ki, 241 manat pensiya həddindən artıq azdır”.

Qüdrət Həsənquliyev təhsil naziri Ceyhun Bayramovun gördüyü işləri, apardığı islahatları yüksək qiymətləndirib. “Hesab edirəm ki, orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ali məktəblərə qəbul həyata keçirilməlidir. Məncə, bunu etsək, repetitorluğun qarşısını ala bilərik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər