Erməni əsgərləri Türkiyə və İran sərhədinə yerləşdiriləcək
Tarix: 09-10-2024 10:49 | Bölmə: Siyasət
Erməni əsgərləri Türkiyə və İran sərhədinə yerləşdiriləcək

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları 2025-ci il yanvarın 1-dən etibarən Türkiyə-Ermənistan və Ermənistan-İran sərhədlərində Rusiya Sərhəd Qoşunları ilə birgə fəaliyyət göstərəcək.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Facebook” hesabında yazıb.

N. Bağdasaryan qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə enerji və təhsil sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bağdasaryan bildirib ki, Putin və Paşinyan arasında hazırda Rusiya Sərhəd Qoşunları tərəfindən həyata keçirilən sərhəd-mühafizə xidmətlərində dəyişikliklər barədə razılıq əldə edilib.

Baş nazirin sözçüsü Ermənistan Milli Təhlükəsizlik Təşkilatının Sərhəd Qoşunlarının Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinin mühafizəsində və sərhəd-keçid məntəqəsindəki xidmətlərdə iştirakına dair razılıq əldə edildiyini bildirib.

Bağdasaryan paylaşımında yazıb:

“Ermənistan-İran dövlət sərhədindəki keçid məntəqəsində xidməti tamamilə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə tabe olan Sərhəd Mühafizəsi bölmələri həyata keçirəcək”.

İki ölkə arasında əldə olunan razılığa əsasən, Rusiya Sərhəd Qoşunlarının Zvartnots Beynəlxalq Hava Limanında həyata keçirdiyi xidmətlər avqustun 1-dən Ermənistan Sərhəd Qoşunlarına verilib.

Qeyd edək ki, Rusiya Sərhəd Qoşunları 1992-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanmış müqaviləyə əsasən, Ermənistan-Türkiyə və Ermənistan-İran dövlət sərhədlərinin mühafizəsini yerinə yetirir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər