Tarix: 08-07-2016 14:51 | Bölmə: Siyasət
ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti seçilən, Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev bu qurumdakı gələcək fəaliyyəti ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb.
– Azay bəy, Sizi təbrik edirik. Azərbaycanlı millət vəkilini nüfuzlu qurumda belə bir posta aparan səbəblər nədir?
– Təbrikiniz üçün təşəkkür edirəm. Əlbəttə ki, bir azərbaycanlının ATƏT kimi nüfuzlu bir təşkilatın rəhbərliyində təmsil olunması müsbət hadisədir və mən bunu, ilk növbədə, Azərbaycan dövlətinin və prezidentinin uğuru və qələbəsi kimi qiymətləndirirəm. Mənə verilən səs Azərbaycana verilən səsdir, ona göstərilən yüksək etimad və inamdır. Bu, eyni zamanda Azərbaycan parlamentinin, Azərbaycan diplomatiyasının uğurudur. Şübhəsiz ki, qələbənin əldə olunmasında ATƏT PA-nın üzvü kimi son 11 ildə, xüsusilə onun 3 ili büro üzvü və Təhlükəsizlik və Siyasi məsələlər komitəsinin sədr müavini kimi fəaliyyətim də mühüm rol oynadı. Bütün bu faktorlar imkan verdi ki, böyük səslə ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilim.
– Ən güclü rəqibləriniz hansı ölkələrin təmsilçiləri idi?
– Seçim bir neçə mərhələdə olur. Birinci mərhələdə siyasi qrupların müxtəlif ölkələrdən namizədləri vardı. 8 ölkə – Fransa, Rusiya, Bolqarıstan, Rumıniya, Portuqaliya, İspaniya, Litva və Azərbaycan nümayəndələri vitse-prezidentlik uğrunda seçkiyə qatılmaq haqda bəyanatla çıxış etdilər. Bunların bəziləri reallığı düzgün qiymətləndirib bu fikirlərindən geri çəkildilər, bəziləri isə siyasi qrupların dəstəyini almadıqlarından komitə seçkilərində iştiraka qərar verdilər. Sonuncu mərhələdə Rumıniya, Litva, Portuqaliya və Azərbaycan təmsilçiləri qaldı.
– Azay bəy, vitse-prezident kimi hansı sahələrə məsul olacaqsınız?
– ATƏT PA vitse-prezidentinin səlahiyyətlərinə prezidenti əvəzləməklə yanaşı, daha 3 qrup məsələ daxildir: 1) Təhlükəsizlik və siyasi məsələlər; 2) İnsan haqları, demokratiya və humanitar məsələlər; 3) İqtisadiyyat, elm və texnologiya məsələləri.
Hazırda ölkələr üzrə bölgünün aparılması və vitse-prezidentlərin həm də üzv ölkələrlə əməkdaşlığa və dialoqa məsul olması məsələsi də müzakirə edilir. Düşünürəm ki, bu məsələ haqqında sentyabrda Skopyedə keçiriləcək büro iclasında son qərar veriləcək. Mənim də bununla bağlı müəyyən təkliflərim və təşəbbüslərim olacaq.
– ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsində sülh danışıqlarında vasitəçidir. Bu postda olmağınız bu danışıqların hər iki tərəfi qane edəcək səviyyədə davam etməsinə hansısa formada töhfə verə bilərmi?
– Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılır. Danışıqlarda son qərarı hər iki ölkənin prezidentləri verəcək. Parlament Assambleyası isə maraqlıdır ki, danışıqlar tezliklə nəticəsini versin və nəhayət bu problemə son qoyulsun. ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu prosesdə qurumun mümkün töhfəsi və iştirakı ilə bağlı müəyyən təkliflər hazırlayır. Bütün sessiyalarda, demək olar ki, Dağlıq Qarabağ münaqişəsi bu və ya digər formada müzakirə edilir. Bu baxımdan ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməsi və öz səlahiyyətləri çərçivəsində proseslərə müdaxiləsi təbiidir. Ona görə də Azərbaycanın nümayəndəsi kimi yox, ATƏT PA-nın vitse-prezidenti kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, o cümlədən ATƏT PA-nın 2015-ci ildə qəbul etdiyi Helsinki Yekun Bəyannaməsi çərçivəsində sülh yolu ilə həllinə töhfə vermək artıq mənim vəzifəmdir. Bu istiqamətdə üzərimə düşən nə varsa, onu məsuliyyətlə yerinə yetirməyə çalışacağam.
– Azay bəy, bir neçə gün əvvəl, elə Siz vitse-prezident seçildiyiniz ərəfədə ATƏT-dən Azərbaycanda media azadlığı ilə bağlı tənqidlər səsləndi. Bu qurumdan Azərbaycanın ünvanına demokratiya, insan haqları və media azadlığı ilə tez-tez tənqidlər səslənir. Bu, sizə diskomfort yaradacaqmı?
– Mən bilmirəm, konkret nəyi nəzərdə tutursunuz, ancaq onu deyə bilərəm ki, bu posta seçilməyim Azərbaycan vəATƏT arasında yeni bir dialoq və əməkdaşlıq imkanı yaradır. Bu dialoqun gücləndirilməsində hər iki tərəf maraqlıdır. Eyni zamanda onu da vurğulamalıyam ki, tənqidlər gərək ədalətli, əsaslıvə qərəzsiz olsun. Hər hansıbir ölkəyə qarşı ayrı-seçkiliyəyol vermək olmaz. Mən hər zaman üzv ölkələrlə istənilən məsələnin həllində təzyiq mexanizmindən deyil, anlaşma və dialoq platformasından istifadənin tərəfdarıolmuşam. Bu kontekstdən yanaşsaq, məni heç nənarahat etmir və diskomfort yaratmır.
– ATƏT-in Bakı ofisinin əvvəlki statusda açılması perspektivi varmı?
– ATƏT-in Bakı ofisi ilə bağlı məsələ hökumətin səlahiyyətinə aid olan məsələdir. Ofisin bağlanması hökumətin qərarı idi, bu qərar üçün müəyyən əsaslar, səbəblər vardı, o vaxt Xarici İşlər Nazirliyi bizə bunun səbəbləri ilə bağlı rəsmi açıqlama da vermişdi. İndi bu məsələ ilə bağlı bir söz deyə bilmərəm. Bu, Azərbaycan hökumətinin qərarından və ATƏT-in Nazirlər Şurasının rəsmi Bakının rəyinə münasibətindən asılıdır. O da həqiqətdir ki, ATƏT bizim üçün çox önəmli təşkilatdır və bu qurumla bizi bağlayan çoxlu mühüm məqamlar var.
Reyting.az
Bölməyə aid digər xəbərlər