"Putin Paşinyanı dövlət rəhbəri və ciddi siyasətçi kimi qəbul etmir” - Deputat
Tarix: 02-10-2019 16:27 | Bölmə: Siyasət
"Putin Paşinyanı dövlət rəhbəri və ciddi siyasətçi kimi qəbul etmir”

“Əslində Putin Yerevandan Moskvaya qayıdanda Nikol Paşinyan onu hava limanından yola salıb. Hansı ki, Putinin qarşılanması mərasimində Paşinyan yox idi. Bu fakt göstərir ki, Putin Paşinyanı dövlət rəhbəri və ciddi siyasətçi kimi qəbul etmir”.

Bu sözləri Reyting.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Ermənistan Baş naziri Nikol Paşinyanın dünən Yerevanda səfərdə olan Rusiya lideri Vladimir Putinlə hava limanında görüşə bilməsini şərh edərkən deyib.

"Putin Paşinyanı dövlət rəhbəri və ciddi siyasətçi kimi qəbul etmir”
Fəzail Ağamalı

Millət vəkili deyib ki, Putinin Ermənistan Baş naziri Paşinyanı Zvartnos hava limanında qəbul etməsi əslində Nikol Paşinyanın alçaldılmasıdır: “Paşinyan isə çox cılız, şəxsiyyətinə hörmət etməyən şəxs olduğunu bir daha nümayiş etdirdi. O, Putinlə görüşmək üçün Putinin yola salınma mərasimində özü təşəbbüskar oldu. Paşinyan bütövlükdə ciddi dövlət xadimi və siyasətçi kimi qəbul edilmir. Biz də dəfələrlə vurğulamışıq ki, Paşinyan populistdir, onda kifayət qədər psixi problemlər var. Məsələn, bu gün dediyini sabah inkar edir. Zaman kəsiyində verdiyi vədlərin heç birini yerinə yetirmədi və yetirə də bilməzdi. Çünki Ermənistan hakimiyyətinin bu vəziyyətdən çıxmasının yeganə yolu işğal etdiyi Azərbaycan ərazilərindən rədd olmasıdır. Bu olmadan nə Paşinyan, nə də ondan sonra hakimiyyətə gələnlər Ermənistandakı vəziyyəti düzəldə bilməyəcəklər. Qan üstündə hakimiyyətə gələn Köçəryan və Sarkisyan rejimi Azərbaycanın yeritdiyi müdrik və prinsipial siyasət nəticəsində iflasa uğradı. Erməni xalqı dərk etməlidir ki, bundan sonra normal dünyada yaşamaq, öz problemlərini həll etmək istəyirlərsə, öz hökumətlərinə işğal edilən torpaqlardan çıxması üçün təzyiq göstərməlidirlər. Bu olmasa Ermənistanda heç bir hakimiyyətin gələcəyi yoxdur”.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Ermənistanda Avrasiya İqtisadi Forumunun Ali Şurasının iclasına qatılıb. Yerevanda olduğu müddətdə Putin Ermənistan Baş naziri Paşinyanla görüşməyib. Rusiya lideri Yerevanı tərk edərkən Paşinyan hava limanına gələrək onunla görüşə bilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər