Zahid Oruc: “Əli Həsənovun Türkiyədəki görüşləri mühüm məsələlərdən xəbər verir“
Tarix: 26-10-2016 16:41 | Bölmə: Siyasət


Ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

Milli Məclisin deputatı Zahid Oruc prezident köməkçisinin Türkiyə səfərini şərh edib.

Reyting.az-ın xəbərinə görə, Z.Oruc Modern.az-a deyib ki, Ə.Həsənovun Türkiyə səfəri Azərbaycan dövləti ilə Türkiyə arasında uzun illər davam edən strateji dostluğun, qardaşlığın təzahürüdür:

"Bir sıra məsələlər var ki, bir az da məxfi xarakter daşıya bilər. Əli Həsənov regionda baş verən prosesləri yaxşı bilir. Fətullah Gülən məsələsi ilə bağlı Türkiyənin yaşantıları, onun Azərbaycanla bağlı tərəfləri bu dövr ərzində, iki ölkənin siyasi elitası və hökumət təmsilçiləri arasında geniş müzakirə predmeti olub”.

Bir müddət öncə, prezidentin tapşırığı ilə daxili işlər naziri Ramil Usubovun da Türkiyədə səfərdə olduğunu xatırladan Z.Orucun sözlərinə görə, səfər çərçivəsində mühüm danışıqlar aparılıb:

"Bu o deməkdir ki, müzakirə üçün çox mühüm məsələlər var. Bunlar cəmiyyətə və mediaya çıxmaya bilər. Amma bunların ətrafında hər iki ölkənin rəhbərliyi mövqelərini uzlaşdırır. Bu, çox yaxşı haldır”.

Z.Oruc Ə.Həsənovun Türkiyə səfərinə müxtəlif cür don geyindərməyin əleyhinə olduğunu da deyib.

"Düşünmürəm ki, məsələ bu cür qoyulmalıdır. "Hansısa dosyelər mövcuddur”, "qovluqlar müzakirə olunub”, "Türliyə şifrəli məktublarmı təqdim edir?”, Azərbaycanın təhlükəsizlik maraqları ilə bağlı hansı təkliflər var?!”. Müxtəlif məsələlər üçün çoxşaxəli çıxarışlar edə bilərik ki, burada əsas məqam hansı problem üzərində dayanıb. Əli Həsənovun görüş keçirdiyi şəxslərin əhatəsi onu göstərir ki, burada bir neçə mühüm məsələlər var. Əli Həsənovun prezidentin köməkçisi kimi Türkiyə səfərinin əhəmiyyətini qarşıdakı günlərdə hiss edəcəyik”,-deyə Z.Oruc bildirib.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər