Ukraynalılar rus dilinə “Yox!” deyir
Tarix: 16-07-2023 20:12 | Bölmə: Slayd
Ukraynalılar rus dilinə “Yox!” deyir

Dövlət başçısının ingilis dilinə beynəlxalq dil statusu verilməsi təşəbbüsünün görünən və görünməyən tərəfləri...

Prezident Vladimir Zelenski Ukraynada ingilis dilinə beynəlxalq ünsiyyət dili statusunun verilməsinə dair Ali Radaya qanun layihəsi təqdim edib. İlk baxışdan insanlarda belə bir reaksiya doğura bilər ki, onsuz da hamımız məktəbdə ingilis dilini öyrənmişik. Əslində isə, Ukraynada ingilis dili üçün təklif edilən statusa diqqətlə nəzər salsaq, başa düşərik ki, bu qanun, gələcəkdə ölkənin təhlükəsizliyi üçün fundamental əhəmiyyətə malikdir. Məsələnin mahiyyətini anlamaqdan ötrü yüz-iki yüz il əvvələ qayıtmaq lazımdır.

Sizcə, məsələn, hələ XIX əsrdə Qafqazda ümumişlək dil hansı olub? Əlbəttə Türk dili. Qafqazın bütün xalqları öz aralarında türk dilində danışıblar. Şimalda Qıpçaq (kumık), cənubda Oğuz türkcəsində (azərbaycanca). Bu bölgədə Türk dilinin statusu, gücü və coğrafiyası o həddə çatmışdı ki, hətta erməni dilinin müxtəlif ləhcələrində danışan ayrı-ayrı hay qrupları arasında ünsiyyət qıpçaq dilində idi. Amma sonra bu areala Rusiya gəldi, öz qaydalarını, ideologiyasını, həm də ...dilini gətirdi. Tədricən rus dili Qafqazda türk dilini sıradan çıxardı. Bu gün avar lakla, osetin çeçenlə, kabardin çərkəzlə rusca danışır. Fəqət cəmi yüz il əvvəl onların əcdadları doğma dili ilə yanaşı, eyni rahatlıqla türkcə də danışırdı.

Geriə boylanıb 500 il, hətta min il əvvələ baxsanız, demək olar ki, bütün Avrasiyanın beynəlxalq imperiya dili olan türk dilində danışdığını görüb təəccüblənərsiniz. O zaman ticarətlə məşğul olmaq, səyahət etmək, diplomatik əlaqələr qurmaq istəyən hər kəs türkcə danışmalı idi. Hindistan, Çin, Yaxın Şərq, Şimali Afrika, hətta Avropanın özü bir zaman Türk imperiyaları tərəfindən fəth edilib. XVIII-XX əsrlərdə Osmanlı türklərinin hökmranlığını itirmələri ilə türk dilinin də beynəlxalq ünsiyyət vasitəçiliyi sona vardı.

I Pyotrun Qafqaza velikorus “hücumu” dönəmində, ondan sonra Azərbaycanın da tərkibində olduğu “Qırmızı imperiya” illərində də dilimizə qarşı basqılar davam etdi. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönəlik bolşevik siyasəti Azərbaycanda da toxumlarını göyərtdi. Ölkədə dövlət dili rus dili elan olundu, rəsmi tədbirlərdə bir qayda olaraq çıxışlar məhz bu dildə edilirdi. Bu yad “epidemiya” özünü radio, televiziya və mətbuatda da göstərirdi. Respublikada elə bir mənəvi-psixoloji mühit yaradılmışdı ki, hətta sıravi insanlar arasında doğma dildə danışmaq, rus dilini bilməmək qəbahət sayılırdı.

Oxşar aqibəti Ukrayna, eləcə də SSRİ-yə daxil digər respublikalar da yaşamışdılar. İndi Ukrayna hakimiyyəti öz xalqının şüurunu, dilini müstəmləkədən azad etməyə çalışır. Yeni Qanuna görə, əgər ingilis dili istifadə olunmaq baxımından Ukraynada ikinci yeri tutsa, rus dili əhalinin şüurundan sıxışdırılıb çıxarılacaq, son nəticədə rus dilini bilməyən yeni nəsil, nəhayət, qonşunun zəhərli təbliğatından azad olacaq. Bəlkə də qəribə səslənir, amma rus təbliğatı XIX əsrdə türk dilinin sıradan çıxarılmasını normal hesab etdiyi kimi, postsovet ölkələri də anlamalıdırlar ki, yalnız elliklə öz ana dillərinə keçdikdə, rus dili Çin və ya Filippin dili kimi yad bir dilə çevriləcək və zərərli təbliğatın da sonu çatacaq.

Sadə bir nümunə gətirim: “1877-ci il iyulun 10-da qəhrəman Bəyazid döyüşü başa çatdı. Bu zaman aclıqdan, istidən və susuzluqdan əldən düşmüş azsaylı rus qarnizonu onlardan çox üstün olan türk qüvvələrinin qalanı ələ keçirmək cəhdlərini dəf etdi”. Vikipediya səhifələrində rus təbliğatı bunu deyir. Yaxud da yazırlar: “Rus qoşunları tərəfindən Bəyazid qalasının qəhrəmancasına müdafiəsi başa çatdı”.

Söhbət hansı qəhrəmanlıqdan gedir? Məgər ruslar Novqorodda, yaxud Vladimirdə öz torpaqlarını türklərdən müdafiə edirdilər? Xeyr! Bəyazid qalası müasir Türkiyənin ərazisində yerləşir. Osmanlı imperiyasına məxsus bu Türk torpağının ruslarla heç bir əlaqəsi yoxdur. Ruslar burada vəhşi, barbar işğalçılar idi. Bəs, məsələn, azərbaycanlı və ya qazax gənci bu cür düşmənçilik niyyətli rus saytını oxusa, nə düşünəcək? Gənc rusların haqlı olduğu qənaətinə gələcək, çünki onlar özlərini “pis” türklərdən “qəhrəmancasına” müdafiə ediblər. Məqsədyönlü təbliğat məhz burada işə düşür.

Rus dili yeni nəslin şüurunda velikorus şovinizmini yaymaq üçün bir vasitədir. Xalqımız yalnız öz doğma dilinə – Azərbaycan türkcəsinə keçməklə həm rus dilinin zərərli təsirindən tamamilə xilas olar, həm də yad təbliğatından qurtular.

Bəyazid qalası uğrunda döyüş Avropa (xristian) ölkələri koalisiyasının Osmanlı İmperiyasına qarşı başlatdığı çoxsaylı uzunmüddətli müharibələrin sadəcə bir nümunəsidir. İngiltərə, Fransa, Rusiya, Avstraliya, Yunanıstan, Balkan slavyanları eyni vaxtda Osmanlı Türkiyəsinin üzərinə hücum etdilər. İngilislərin qızışdırdığı qiyamçı ərəblər isə türkləri arxadan vurdular. Rusiyanın hərbi-siyasi dəstəyi ilə toplanan ermənilər Şərqi Anadoluda müsəlman əhalini kütləvi şəkildə qətlə yetirməyə başladılar. “Böyük Hayastan” xəyallarının reallaşacağına inanan, II Nikolayın yağlı vədlərinə aldanan Anadolu erməniləri müharibə aparan Osmanlı Türkiyəsinə qarşı sürətlə silahlandırıldılar. Onlar həmin ərazilərdə yüz minlərlə dinc müsəlmana qarşı kütləvi qırğınlar törətdilər.

Düşmənlərin Türkiyəni hər tərəfdən vurduğu bir məqamda hökumət tez bir zamanda erməni xainlərinin qiyamını yatırtmağa qərar verdi. İndi erməni qiyamının yatırılması qərarının rus, fransız, erməni tarixçiləri tərəfindən necə təqdim olunduğunu bilirsiniz – “erməni soyqırımı”. Açıq demək lazımdır ki, bu, xristian dünyasının türklərə qarşı düşmən təbliğatıdır. Fəqət, nə erməni, nə rus, nə də fransızdilli mənbələrdə İkinci Yekaterina tərəfindən noqayların, Sovet İttifaqı tərəfindən qazaxların, tatarların, çeçenlərin, 1918-ci ilin martında erməni daşnakları və rus bolşevikləri tərəfindən Bakıda və bölgələrdə azərbaycan türklərinin, ötən əsrin 80-ci illərində Fərqanə vadisində özbəklərin soyqırımı, 1954-1962-ci illərdə Şarl de Qolun təriflədiyi fransız legionunun bir milyon yarım ərəbi və bərbəri öldürdüyü Əlcəzair soyqırımı haqqında heç nə deyilmir... Bu, ikili standartlar siyasətidir. Tarix isə ideoloji elmdir və bu səbəbdən gənc nəsli düşmən təbliğatından qorumaq üçün öz ana dilini bilməsi vacibdir. İngilis dili də hələlik beynəlxalq dil elan edilə bilər...

Elxan QARAYEV
Hüquqşünas
Reyting.az




Bölməyə aid digər xəbərlər