Rusların dəhlizə hücumu dünya müharibəsinə səbəb ola bilər - İki ölkədə gərginlik artıb
Tarix: 17-07-2023 13:56 | Bölmə: Slayd
Rusların dəhlizə hücumu dünya müharibəsinə səbəb ola bilər - İki ölkədə gərginlik artıb

Rusiya dövlət kanalında verilmiş bir açıqlama Moskva ilə Qərb ölkələri arasında gərginliyi daha da artırıb. Çünki rusiyalı deputat Andrey Kartapolov deyib ki, NATO üçün kritik əhəmiyyət kəsb edən Suvalki dəhlizi bir neçə saat ərzində hədəfə alına bilər.

Reyting.az
-ın xəbərinə görə, Kartapolov dövlət televiziyasında bildirib ki, “Vaqner”in muzdlu döyüşçüləri Baltikyanı ölkələrlə Avropa ölkələri arasında NATO-nun yeganə quru körpüsü olan Suvalkiyə yürüş etməyə hazırdır.



Hazırda deputat olan polkovnik Suvalki bölgəsinin əhəmiyyətinə işarə edərək deyib:

“Aydındır ki, “Vaqner” muzdlu dəstəsi silahlı qüvvələrə təlim keçmək üçün Belarusa gedib. Suvalki dəhlizi deyilən yer var, bir şey olsa, onlar bizə burada lazım olacaq. “Vaqner” əsgərləri bir neçə saatdan sonra Suvalki dəhlizinə getməyə hazırdırlar”.

Qeyd edək ki, Litva və Polşa arasındakı sərhədi ayıran və 100 km-ya yaxın sərhəd hissəsi olan Suvałki həm NATO, həm də Rusiya üçün böyük strateji əhəmiyyətə malikdir. Çünki Kreml ilə Qərb arasında gərginlik daha da artacağı təqdirdə Rusiyaya qarşı ən həssas ölkələr hesab edilən Litva, Latviya və Estoniya ilə yeganə quru əlaqəsi buradan keçir. Rusiya Suvalki dəhlizini ələ keçirsə, Baltik Donanmasının əsas bazası olan Kalininqraddan Putinin ən yaxın müttəfiqi Belarusa yeni quru əlaqəsi açılır.



Rusiyalı deputatın açıqlamasından sonra əsasən Polşa və Litvada təşviş yaranıb. Britaniyanın “Teleqraf” qəzetinin xəbərinə görə, Polşa Belarusdakı “Vaqner” əsgərlərinin vəziyyətini diqqətlə izləyir. Polşa Moskvadan gələn təhlükə səbəbindən artıq sürətlə silahlanır, NATO Baltikyanı ölkələrdə mövcudluğunu gücləndirir, Almaniya isə Litvada daimi olaraq 4000 hərbçi yerləşdirməyə hazırlaşır.

Rusiyanın son təxribatçı bəyanatı Putinin Rusiyanın “kifayət qədər kaset sursatına” malik olduğunu və Ukraynanın mübahisəli silahları yerləşdirəcəyi təqdirdə onlardan istifadə edə biləcəyini söyləməsindən cəmi 24 saat sonraya təsadüf edir.

Onu da qeyd edək ki, Britaniyanın “Dailymail” qəzetinin yazdığına görə, Rusiyanın Suvalki dəhlizini hədəfə alması dünya müharibəsinə səbəb ola bilər.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər