Dünyanın ən böyük uçan elmi laboratoriyası səmaya qaldırılır
Tarix: 17-07-2023 14:38 | Bölmə: Slayd
Dünyanın ən böyük uçan elmi laboratoriyası səmaya qaldırılır

NASA-nın DC-8 təyyarəsi ABŞ-ın dörd şəhəri üzərində uçuşlar həyata keçirəcək.

Reyting.az
xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Dünyanın ən böyük uçan elmi laboratoriyası DC-8 avqust ayının ortalarına qədər AEROMMA layihəsi əsasında insanların yaratdığı çirklənmə mənbələri haqqında məlumat toplayacaq.

Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və NASA arasında əməkdaşlıq layihəsi olan AEROMMA ilə elm adamları Şimali Amerikanın Los-Anceles, Çikaqo, Nyu-York və Toronto da daxil olmaqla, ən sıx məskunlaşma olan ərazilərdə uçaraq araşdırma aparacaq. Bu uçuşlarda havanın keyfiyyəti öyrəniləcək.

NASA-nın təyyarə personalı layihənin təhlükəsizliyini təmin edəcək, NOAA alimləri isə elmi tədqiqatlara rəhbərlik edəcəklər.

Bildirilir ki, çox vaxt havanın keyfiyyəti və çirklənməsi ilə bağlı araşdırmalar diqqət mərkəzi kimi nəqliyyata, xüsusən də avtomobil emissiyalarına yönəlir. Bununla belə, bir çox şəhər ərazilərində motorlu nəqliyyat vasitələrinin çirklənməsi keçmişlə müqayisədə daha azdır. Buna görə də bu yay AEROMMA layihəsini həyata keçirən elm adamları antropogen çirklənmə mənbələri haqqında məlumat toplamağa diqqət yetirirlər. DC-8 hava keyfiyyətinə və iqlimə təsir edən şəhər emissiyalarını və atmosfer kimyəvi reaksiyalarını araşdırmaq üçün bir sıra aşağı hündürlükdə uçuşlar həyata keçirəcək. Bu emissiya mənbələrinə fərdi qulluq məhsulları, təmizləyici vasitələr, daha kiçik qaz cihazları və poliqonlar daxildir.

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər