Prezident xüsusi tapşırıqlar üzrə nümayəndə təyin edib - Foto
Tarix: 18-07-2023 17:03 | Bölmə: Slayd
Prezident xüsusi tapşırıqlar üzrə nümayəndə təyin edib

Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sənəncamı ilə Elçin Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.


Elçin Əmirbəyov

Qeyd edək ki, Elçin Əmirbəyov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Bakı şəhərinin 164 nömrəli orta təhsil məktəbini qızıl medalla bitirib.

1992-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

İlk əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində referent-tərcüməçi qismində başlayıb. 1992–1993-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin attaşesi və daha sonra üçüncü katibi vəzifələrində çalışıb. 1993-cü ildə o, Fransada Paris Beynəlxalq Dövlət İdarəçiliyi İnstitutunda diplomatik təhsil alıb.

1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO Məktəbində (NATO School) və İtaliyanın Roma şəhərində NATO-nun Müdafiə Kollecində (NATO Defense College) xüsusi təlimlər keçib.

1995–1997-ci illərdə o, Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərib.

İlk uzunmüddətli xarici ezamiyyətdən Xarici İşlər Nazirliyinə geri döndükdən sonra o, ardıcıl olaraq 1998-ci ildə Beynəlxalq təşkilatlar İdarəsində birinci katib vəzifəsində, 1999-cu ildə həmin İdarənin Regional və beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri vəzifələrində çalışıb.

2000-ci ildə o, ABŞ-da Harvard Universitetinin Kennedy adına İdarəçilik Məktəbində beynəlxalq və milli təhlükəsizlik üzrə xüsusi kursu bitirib. 2001–2003-cü illərdə Brüsseldə (Belçika Krallığı) Azərbaycan Respublikasının NATO-dakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

2003–2004-cü illərdə Nyu-Yorkda (ABŞ) Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir olaraq çalışıb.

2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərib, 2005–2010-cu illərdə həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra edib.

Cenevrədə çalışdığı zaman o, 2008–2009 illərdə BMT-nin İnsan Hüquqları Şurasının Vitse-prezidenti və eyni zamanda məruzəçi qismində fəaliyyət göstərmişdir. O, həmçinin 2007-ci ildə BMT-nin Cenevrədəki Ofisində İslam Əməkdaşlıq Təşkilatının (IKT) üzv-dövlətlərinin səfirlər qrupuna bir il ərzində səd redib. Bundan əlavə, 2008-ci ildə səfir Elçin Əmirbəyov BMT-nin Cenevrədəki Ofisində Şərqi Avropa regional qrupuna daxil olan üzv-dövlətlərinin səfirlər qrupuna sədrlik edib.

Bununla yanaşı, 2005–2017-ci illərdə Azərbaycanın Müqəddəs Taxt-Tacda ilk səfiri qismində çalışıb. Vatikanda çalışdığı zaman 2008-ci ildə Roma Papası Onaltıncı Benedikt (Pope Benedict XVİ) tərəfindən Müqəddəs Gregori ordeni ilə təltif edilib.

Həmçinin, o, 2006–2010-cu illərdə Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib, dövlət qulluğunda birinci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi vardır (2023).

E.Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasında və eyni zamanda, Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.

E. Əmirbəyov fövqəladə və səlahiyyətli səfir diplomatik ranqına malikdir. 24 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifələrini icra edib.

İngilis, fransız və rus dillərini bilir.

Evlidir, iki övlad atasıdır.




Bölməyə aid digər xəbərlər