Əgər Priqojin xəyanətkardırsa...
Tarix: 20-07-2023 17:25 | Bölmə: Slayd
Əgər Priqojin xəyanətkardırsa...

Vladimir Putinin 23 illik hakimiyyətində heç bir hadisə onun rejiminin kövrəkliyinə bu qədər aydın şəkildə işarə etmədi. “Vaqner”in iyunun 24-də yarımçıq qiyamı istisna olmaqla. Yevgeni Priqojinin başçılıq etdiyi “Vaqner” muzdluları Kremlin nüfuzuna həyasızcasına meydan oxudular və görünür, indi ondan qurtulublar.

Rusiyanın daxili təhlükəsizlik xidməti FTX qiyamla bağlı cinayət təhqiqatını dayandırıb. Ancaq Putinin problemləri “Vaqner”lə bitmir.

Reyting.az xəbər verir ki, bunu “Project Syndicate” saytında sabiq sovet lideri Xruşşovun nəvəsi Nina Xruşşova yazıb.

Onun təhlilində qeyd olunur:

Priqojinin döyüşçüləri Putinin yaxın çevrəsinin üzvləri və ya hərbçilərin köməyi olmadan Rusiya ərazisinin daxilində demək olar ki, min kilometr (621 mil) məsafəni qət edə bilməzdilər. Milyarder qardaşlar Yuri və Mixail Kovalçukun bu işdə rol oynamaları barədə şayiələri dolaşır. Putinin yaxın adamları olan kovalçuklar Priqojinin “Rusiyanın müharibədə və ya Qərblə daha geniş qarşıdurmada kifayət qədər güc nümayiş etdirmədiyi”nə dair rəyi bölüşürlər.

Digər mümkün qiyamçı general Sergey Surovikindir. Priqojin kimi, Surovikin də Müdafiə naziri Sergey Şoyqunun həyata keçirmək istədiyindən qat-qat qəddar müharibə səylərini müdafiə edib. İğtişaşdan bəri o, ictimaiyyət arasında görünmür və yəqin ki "istirahət edir".

Onlarla yaxın başqa yüksək rütbəli hərbi xadimlər əlavə araşdırmaya qədər ya vəzifələrindən uzaqlaşdırılıb, ya da istefaya göndəriliblər.

İnsanların işdən çıxarılması üçün əsasa təkcə qiyamda mümkün iştirak deyil: Ukraynada yüksək rütbəli komandir olan general İvan Popov ordunun yüksək rütbəli rəhbərliyini müharibəni pis idarə etmədə tənqid etdikdən sonra işdən çıxarılıb.

Yeri gəlmişkən, “Vaqner” döyüşçüləri heç bir cəza ilə üzləşməyib. Onların sadəcə olaraq Belarusa köçməsi və ya Rusiya üçün döyüşməyə davam etməsi gözlənilir, lakin başqa bir komandirin rəhbərliyi altında. Priqojin də “Moskvaya yürüşün”ə görə harasa sürgün olunmayıb. O, Sankt-Peterburq və Moskvada görünüb, onlarla “Vaqner” komandiritək iyunun 29-da Putinlə gizlicə görüşüb.

Bu nəticə “Vaqner”in Rusiyadakı qeyri-müəyyən statusunu əks etdirir, özəl hərbi təşkilatlar texniki cəhətdən qanunsuzdur. Rusiyanın keçən il Ukraynaya genişmiqyaslı işğalından əvvəl Priqojin “Vaqner”in ümumiyyətlə şəxsi ordu olduğunu inkar edirdi. Putinin bu yaxınlarda qeyd etdiyi kimi, “Vaqner” “hüquqi şəxs” deyil, sadəcə “mövcuddur”.

Bununla belə, iyunun 27-də Rusiya hərbçiləri ilə görüşdə Putin açıqlayıb ki, təkcə keçən il “Vaqner” qüvvələri Rusiya dövlətindən xidmətlərinə görə 86 milyard rubl (demək olar ki, 1 milyard dollar) alıb. Əgər qiyamçılar dövlətin maaş hesabındadırsa, onlar əfv olunmamalı, hərbi məhkəməyə verilməlidir.

“Vaqner”in cəzasız qalması, sıravi rusları demək olar ki, totalitar polis dövlətində yaşadığı bir vaxtda daha çox narahat edir. Ukrayna müharibəsinin istənilən tənqidi - hətta onun məntiqi ilə bağlı şübhələri ifadə etmək və ya sülhə nail olmaq üçün səylərin lazım olduğunu bildirmək - bir insanı həbsxanaya göndərə və ya “xarici agent” kimi qələmə verilməsinə əsas ola bilər. İndiki vaxtda ruslar müharibə ilə bağlı suallara ancaq üzbəsurət cavab verməyə cürət edir.

Putin ümid edir ki, o, “Vaqner”ə münasibəti ilə bağlı rusları susdura biləcək. Sovet dövründə olduğu kimi, ruslara real əsası olmayan tarixi rəvayətlərə inanmaq əmri verilir. Öz biliklərinizi, yaddaşınızı və ya təcrübənizi unudun - ali lider hər şeyi daha yaxşı bilir.

Beləliklə, hər bir televiziya kanalı təbliğatçısı son bir neçə həftədə Priqojini xəyanətinə görə söyür və qiyamın fəlakətli potensialındam dəm vururdular. Ruslar sövdələşmənin əldə edildiyini və qan tökülməsinin qarşısını aldığını “hiss etdilər”. Lakin Putinin “vətənə xəyanət” adlandırdığı qiyamdan sonrakı günlərdə ekspertlər də Priqojinin sərt cəzadan qaçmaq üçün hansı düzəlişlər etməli olacağı barədə amansızcasına fərziyyələr irəli sürdü. Ekspertlər ruslara xatırladıblar ki, Putin bağışlayan lider kimi tanınmır...

Bununla belə, Putin bu yaxınlarda “ləyaqətlə döyüşmüş”, lakin təəssüf ki, “qiyama zorən cəlb olunan” “Vaqner” döyüşçülərinə yeni iş təklif edib. Elə isə Priqojin xəyanətkardır, ya yox? Əgər hələ də düşməndirsə, niyə rus torpağında azad gəzir? Niyə Putin onu Kremldəki görüşə dəvət edir?

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər