Mafiya liderinin aslanı evdən qaçıb - Berlində həyəcanlı anlar davam edir - Fotolar
Tarix: 21-07-2023 11:38 | Bölmə: Slayd
Mafiya liderinin aslanı evdən qaçıb - Berlində həyəcanlı anlar davam edir

Dünən Almaniyada “aslan xəbərdarlığı”ndan sonra paytaxt Berlində həyəcanlı anlar davam edir. Almaniyanın paytaxtı Berlinin cənubunda bir aslanın görünməsindən sonra səlahiyyətlilər axtarışlara başlayıb.

Reyting.az
xəbər verir ki, cümə axşamı səhər saatlarından başlayan axtarış dünən axşam saatlarına qədər davam edib. Helikopter və termal istilik kameraları ilə axtarış işləri davam edərkən, səlahiyyətlilər bölgədə yaşayanlara “bayıra çıxmayın”,- xəbərdarlığını ünvanlayıb.

Aslanın görüntüləri sosial mediada paylaşılarkən, səlahiyyətlilər aslanın Brandenburqdakı meşəlik ərazidə olduğunu ehtimal edirlər.

Sakinlərə çölə çıxmamaq tövsiyəsini verən Kleinmaxnov meri M. Gruber deyib ki, insanlar xüsusilə meşəlik ərazidə gəzintiyə çıxmamalı, idman məqsədilə qaçışlar etməməlidir.



Axtarış işlərinə iki helikopter, dron və infraqırmızı kameralardan istifadə etməklə yüzlərlə polis, o cümlədən lisenziyalı ovçu və baytarlar da qoşulub. Qrupun əsas məqsədi aslanı sakitləşdirmək olsa da, hücum edəcəyi təqdirdə öldürülməsinə icazə verilib.

Bölgədəki heç bir zoopark və sirk “itkin aslan” haqqında məlumatı şərh etməyib. Şəhərdə peyda olan aslanın evlərdən birindən qaçdığı iddia olunur.

Qeyd edək ki, son illərdə heyvan hüquqları təşkilatları vəhşi heyvanları “övladlığa” götürməməyi tələb edirlər. Heyvanların hüquqlarını müdafiə edən PETA təşkilatından Peter Hoeffken deyib:

“Son 20 ildə vəhşi heyvanların evlərdən qaçması hallarına rast gəlirik. Xəbərdarlıqlarımıza baxmayaraq, vəziyyət dəyişməyib”.



Almaniyanın aparıcı “Bild” nəşri bu gün yazıb ki, aslan mafiya başçısına məxsusdur. Nəşr Almaniyanın məşhur mafiya qruplarından biri olan Remno liderinin şir balası ilə keçmişdə çəkilmiş fotosunu paylaşaraq arqumentini bu yolla gücləndirib. Əhməd Remno mövzu ilə bağlı açıqlama verməsə də, aslanın Remnonun olduğunu çoxları iddia edir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər